Vətəndaşların külli miqdarda pulunu mənimsəmiş şəxs barədə cinayət işi başlanmır
Nərimanov Rayon Polis Idarəsi onlarla vətəndaşı aldadaraq onların pullarını mənimsəmiş “Fəqan-1″ MMC-nin direktoru Rauf Hüseynovun dələduzluq əməlini ört-basdır etməyə çalışır. Rauf Hüseynov Həbib Əliyev, Mürsəl Mürsəlov, Ələsgər Əliyev, Ilqar Ayda-zadə, Aləmzar Orucova və başqalarından onlara mənzil satmaq adı altında külli miqdarda pul alıb. Adıçəkilən şəxslər başlarına gələnləri izahatlarında təfərrüatı ilə yazıblar. Həmin izahatlar redaksiyamıza daxil olub.
Həbib Əliyev bildirib ki, 2006-cı il aprelin 1-də “Fəqan-1″ MMC-nin Nərimanov rayonu Həsən Əliyev küçəsində inşa etdiyi binanın 9-cu mərtəbəsində ümumi sahəsi 110.kv.m olan 3 otaqlı mənzil alıb. ”Fəqan-1″ MMC ona 30 saylı order verib. Həbib Əliyev aldığı mənzilin 22 min 650 manatını nəqd şəkildə ödəyib. Əldə olunan razılaşmaya görə pulun qalanını hissə-hissə ödəyən Habil Əliyev ümumilikdə “Fəqan-1″ MMC-yə 33 min 845 manat verib. Ödəmələri təsdiq edən qəbzlər də var. Lakin MMC Habil Əliyevə ev verməyib.
Mürsəl Mürsəlov isə bildirib ki, Rauf Hüseynov özünü ona Rəşid kimi təqdim edib. Mürsəl Mürsəlovun sözlərinə görə, o, atası Yusifəli və qardaşı Nicatla birgə Rauf Hüseynovun inşa etdiyi binadan mənzil almaq qərarına gəlib. Onlar 2008-ci il fevralın 19-da Rauf Hüseynova 92 min 840 manat pul verərək qəbz alıblar. Lakin ev üzü görməyiblər.
Ələsgər Əliyev də deyib ki, Rauf Hüseynov özünü ona Rəşid kimi təqdim edib. Şikayətçi bildirib ki, 2005-ci il iyunun 6-da Rauf Hüseynovla razılıq əldə edib ki, MMC-nin direktoru 101 min 910 dollar məbləğində ona 3 otaqlı mənzil satsın. Ələsgər Əliyev bir il ərzində Rauf Hüseynova pulun 82 min dollarını verib. Lakin evi ala bilməyib. Rauf Hüseynov onun pulunu da qaytarmayıb.
Rauf Hüseynovun özünü Rəşid kimi təqdim etdiyi başqa bir şəxs Aləmzar Orucova olub. Aləmzar Orucova bildirib ki, o, 2006-cı ildə qızı Gülşən Orucovaya mənzil almaq istəyib. Və özünü Rəşid kimi təqdim edən Rauf Hüseynovdan sahəsi 110.kv.m olan mənzil almaq barədə razılaşıb. Rauf Hüseynov ona 3-cü mikrorayonda tikilməkdə olan binadan mənzil təklif edib. Aləmzar Orucova razılaşıb və Rauf Hüseynova 55 min ABŞ dolları verib. 2007-ci ildə binanın tikintisi dayandırılıqdan sonra Aləmzar Orucova narahat olaraq Rauf Hüseynovla telefon əlaqəsi saxlayıb. Lakin MMC-nin direktoru ona deyib ki, narahatçılığa heç bir ehtiyac yoxdur. Sonradan isə Rauf Hüseynovla əlaqə saxlamaq mümkün olmayıb. Bununla da Aləmzar Orucova aldanıldığını anlayıb.
Maraqlıdır ki, adıçəkilən şəxslərin izahatını alan Nərimanov Rayon Polis Idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov hansısa səbəbdən belə qənaətə gəlib ki, Rauf Hüseynovun əməlində cinayət tərkibi yoxdur. O, MMC direktorunun törətdiyi müdhiş dələduzluq əməlini “alqı-satqı mübahisəsi” kimi dəyərləndirib və faktla bağlı cinayət işi başlanmasını rədd edib. Müstəntiqin cinayət işinin rədd edilməsilə bağlı redaksiyamıza daxil olan qərarında bir maraqlı məqam da var. Pərviz Məmmədov qərarda qeyd edir ki, Rauf Hüseynovu dindirmək mümkün olmayıb. Onun iddiasına görə, MMC direktorunun axtarışı nəticə verməyib. Əslində isə Rauf Hüseynov heç yerə qaçmayıb, Bakıda sərbəst gəzir. Hər halda şikayətçilər belə deyir. Rauf Hüseynovun dələduzluğunu ört-basdır edilməsi “Fəqan-1” MMC-nin Nazim Ibrahimov və qardaşlarına məxsus olan “Nehrəm Holdinq”ə daxil olması ilə bağlıdır.
Mövzunu davam etdirəcəyik.