O kameranın yerinə bomba yerləşdirsələr, nə olacaqdı?

Ilham Əliyevin qol saatı ilə bağlı müzakirələrdə diqqətdən qaçan bir məqam var: bəs Dubay mülkləri ilə bağlı niyə təkzib verilmədi? Bəs əlahəzrətin mətbuat xidməti niyə onda da təkzib və üzrxahlıq üçün “The Washington Post”a üç gün möhlət tanımadı?
Bu, o deməkdirmi ki, Dubay mülkləri ilə bağlı yazılanlar nöqtə-vergülünəcən düz idi? Elə isə qol saatına görə “Azadlıq” qəzetindən üzrxahlıq tələb edənlərin özü vaxtilə “The Washington Post” barədə söylədiklərinə görə üzr istəyəcəklərmi?
Əslinə qalsa, Ilham Əliyevin 800 min manatlıq qol saatı ilə bağlı yazılıb-çizilənlərin yanlış, yoxsa doğru olması məni qətiyyən ilgiləndirmir. Mənim gözlərimin heyrəti artıq çoxdan ölüb və sabah möhtərəmin qalstukunun 1 milyon avroya olduğu üzə çıxsa da, mən qətiyyən təəccüblənməyəcəm.
Məni xalqdan çırpışdırılan və gizlədilən milyonlar, milyardlar artıq qətiyyən heyrətləndirmir. Axı bizim kimi ölkələrdə hakimiyyət sahiblərinin gözqamaşdırıcı sərvətə malik olmasından, dəbdəbəli həyat sürməsindən normal nə var? Burda hansı anormallıq görürsünüz siz? Anormallıq o olardı ki, Ilham Əliyev və məmurları vaxtlı-vaxtında gəlirlərini açıqlayar, büdcəyə girən və büdcədən çıxan hər qəpiyin hesabatı verilərdi. Ölkədə şəffaflığın heç olmasa, “ş”si olardı.
Bütün bunlar Azərbaycanda insanlara yuxu kimi görünürsə, 800 min manatlıq qol saatı söhbəti adama çox mənasız görünür. Gün gələcək, bu ölkədə bütün qaranlıqlar aydınlanacaq, o zaman siz 800 min manatlıq qol saatının söhbətini elədiyinizə görə utanacaqsınız, xəcalət çəkəcəksiniz. Nələr çıxacaq o zaman ortaya, nələr! Nə sandıqlar açılacaq o zaman, nə pambıqlar töküləcək! Niyə darıxırsınız, niyə tələsirsiniz?
Ona görə də gəlin biz möhtərəmin qol saatının qiymətini bir kənara qoyaq. Başqa önəmli mövzuya baş vuraq.
Bəli, dünən prokurorluq Xədicə Ismayıla qarşı çirkin videoterrorla bağlı axır ki, yenilik sayıla biləcək bir açıqlama yayıb. Yenilik də odur ki, içərisində fotoşəkillər olan zərflər… Moskvadan göndərilibmiş!
Əlbəttə, əlbəttə, o görüntüləri də el-aləmə “Lider” yox, ORT göstərmişdi. Həmin görüntülərin yayılmasından daha çirkin, daha əxlaqsız yazıları da “Yeni Azərbaycan” yox, “Komsomolskaya pravda”-zad yazmışdı.
Bunlar bizi qoyunmu hesab edirlər? Bunlar elə bilirlər, biz çörəyi qulağımızamı yeyirik? Belə quru laflara qarnımız çoxdan toxdur, cənablar. Bizi bu cür aldada biləcəyinizimi düşünürsünüz?
Əvvəla, rəsmi məlumatda zərflərin içərisində niyə yalnız fotoşəkillərin olduğu vurğulanıb, bu, çox maraqlıdır. Niyə fotoşəkillərlə bərabər, zərfdə Xədicəyə susması, əks halda, rüsvay ediləcəyi ilə bağlı qeyd də olduğu göstərilmir?
Ikincisi, əgər doğrudan da bu şantajın müəllifi Valeri Mərdanov deyilən biridirsə, onun kimliyi niyə açıqlanmır? Valeri Mərdanov Xədicədən niyə susmağı tələb etməli idi? Offşor zonalarda şirkətimi var? Adı hansısa qaranlıq layihələrdəmi keçir? Xədicənin araşdırma yazılarında belə ad-soyada indiyədək rast gələn olubmu?
Belə suallar çoxdur və onların cavabını biz yəqin ki, heç vaxt bilməyəcəyik. Ən əsası isə heç kim çıxıb cavab verməyəcək ki, hər yerindən duran bu ölkədə vətəndaşı videoterrora məruz qoymaq imkanlarına malikdirsə, bu, onun əlində su içimi kimi bir şeydirsə, soruşmaq ayıb olmasın, bəs harda qaldı sizin təhlükəsizlik, sabitlik nağıllarınız? Vətəndaşın yalnız videokameralı deyil, silahlı terrora da məruz qalmayacağına qarantiyası varmı? Allahın Valeri Mərdanovu (təbii, əgər uydurma, qondarma, filfilo ad-soyad deyilsə) bu gün əlini-qolunu sallaya-sallaya gəlib bir vətəndaşın evinə videokamera yerləşdirə bilirsə, sabah da gəlib saatlı bomba (tam təsadüfi, ağlıma gəldi “saatlı” yazdım, ağlınıza başqa şey gəlməsin) yerləşdirməyəcəyinə necə əmin ola bilərik?
Utanmadan da, hansısa uğurlu idarəçilikdən danışırlar.
Utanmadan…