Məmmədyarov Londonda sorğu-suala çəkildi

Əsas müzakirə mövzusu insan haqları olub

Görüşdə iştirak edən millət vəkillərindən birinə əsasən insan haqları ilə bağlı vəziyyət Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bir qrup Britaniya parlament üzvü ilə görüşünün əsas müzakirə mövzusunu təşkil edib. Leyborist partiyasından millət vəkili Mike Gapes “BBC Azərbaycanca”ya müsahibəsində uzun çəkən görüşün böyük hissəsinin insan haqlarının müzakirəsinə ayrıldığını deyib. Hərçənd ki, Britaniya parlamentində Azərbaycan qrupunun sədr müavini olan millət vəkili görüşün özəl xarakterli olduğundan təfərrüatlara varmaq istəmədiyini deyib. Mike Gapes deyib ki, Məmmədyarovla danışmaq imkanından Britaniya parlamentinin hər iki palatasından 15 –dən 20-dək deputat istifadə edib.
“Biz iqtisadiyyat və insan haqlarından tutmuş Azərbaycanın qonşuları ilə münasibətlərinədək bir sıra məsələləri müzakirə etmişik”.
Britaniya parlamentində Azərbaycan qrupunun sədri Mark Field BBC Azərbaycan Xidmətinə görüşün bir saat çəkdiyini və bu müddət ərzində o cümlədən Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu bildirib.
O, Azərbaycanda insan haqları mövzusunun müzakirə edildiyini deyib, lakin təfsilatlara gəlincə BBC-nin “insan hüquqları məsələsinin qabartmaqda” maraqlı olduğunu deyib.