Əliyev-Surət qarşıdurması 6 rayonun itirilməsilə nəticələndi

O, əmin idi ki, əgər müharibə uğurla başa çatsa, Surət onu məhv edəcək…

Güc nazirlikləri Surətə tabe etdirilsə də, onların rəhbərlərini Heydər Əliyev özü təyin edirdi. Vahid Musayevlə bağlı məsələ də belə olmuşdu. Surət Vahid Musayevi müdafiə naziri təyin etdi, amma o, yalnız bir gün bu vəzifədə qaldı və Əliyev onun yerinə Səfər Əbiyevi qoydu. Doğrudur, Vahid Musayev daha çox təchizatçı idi, amma o, çox savadlı və səriştəli bir hərbçi idi, Səfər Əbiyevi onunla müqayisə etmək mümkün deyildi. Müdafiə Nazirliyində baş verən bu hoqqaların, tamamilə lazımsız görünən “islahatların” bir mühüm məqsədi vardı: Surət Hüseynovun bacarıqsız və işə yaramaz biri olduğunu sübut etmək. Amma nəyin bahasına? Hər gün ermənilərlə savaşda itirilən torpaqların…

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Bu gedişlərin başqa heç bir izahı yox idi. Əliyev bilirdi ki, Surət eyforiyadadır, güclüdür və bu müddət ərzində bütün imkanlardan yararlanaraq, onun nüfuzuna, özünəinamına zərbə vurmağı nəzərdə tuturdu. O zamanlar Surəti başqa yollarla vurmaq mümkün deyildi. Buna görə də Surətin bütün uğursuzluqları Əliyevin uğurları siyahısına yazılır və onun Surət üzərində qələbəsini yaxınlaşdırırdı. Üç ay boyunca ciddi şəkildə davam edən bu qarşıdurma 6 rayonun itirilməsilə nəticələndi…

Əliyev Surətin uğursuzluqlarını öz aktivinə yazmaqla məşğul idi

Bəli, tam əminliklə söyləmək olar ki, 6 rayon bu iki şəxs arasındakı qarşıdurmanın güdazına getdi. Və bu rayonların bir-birinin ardınca getdiyi bütün bu müddət ərzində Əliyev yalnız Surətin uğursuzluqlarını öz aktivinə yazaraq, işğal prosesini önləmək üçün heç bir tədbir görmədi, bütün mövcud qüvvələri səfərbər edib düşmənin qarşısını almaq üçün heç bir təşəbbüs göstərmədi.
Etiraz edə bilərlər ki, belə deyil. Amma fakt faktlığında qalır və mən mümkün etirazçılardan xahiş edirəm, mənə peşəkarcasına bir-iki arqument göstərsinlər ki, 1993-cü ilin 15 iyunundan başlayaraq, bu rayonların işğalını durdurmaq üçün o, hansı əhəmiyyətli addımları atmışdı? O və təyin etdiyi nazir nə səfərbərlik etdi, nə də hansısa başqa zəruri addımları atdı. Və onların hərbi işə baxışlarının eyniliyi səbəbindən ola bilər ki, Heydər Əliyev Səfər Əbiyevi 1995- ci ildə yenidən nazir təyin etdi.
Maraqlıdır ki, Rəhim Qazıyevi Şuşanın işğalına görə “Vətən xaini” elan edərək həbsə atdılar, milli hökuməti hələ də Kəlbəcərin işğalına görə ittiham edirlər, amma cəmi 3 ay ərzində 6 rayonun işğalına görə kimin məsuliyyət daşımalı olduğu barədə bir kəlmə söz yoxdur. Hərçənd, kimin məsuliyyət daşımalı olduğu hər kəsə aydındır.
Heydər Əliyev Surət Hüseynov üzərində qələbə qazandı, onun yarıtmaz, bacarıqsız biri olduğunu sübut etdi. Aydındır, o xaindir, rayonların işğal edilməsinin günahı onun üzərindədir, torpaqları o verdi, Əliyevlə işbirliyinə gedərək kəndiri boynuna özü keçirtdi… Amma bunun Azərbaycana nə xeyri?..
Surətin öz boynuna keçirdiyi kəndiri, sadəcə, dartmaq lazım idi. Əliyev də bunu noyabrın əvvəllərində Gəncədə bir qədər öncə haqqında bəhs etdiyim zabitlərlə müşavirənin gedişində etdi.

Məhv olan insan taleləri onu hakimiyyət qayğılarından çəkindirmirdi…

Bundan başqa heç nə… Sanki ölkədə heç nə baş vermir, qaçqın ordusu Azərbaycanı başına götürmür, rayonlar bir-birinin ardınca işğal edilmirdi. Parlamentin işi bir gün də saxlanılmır və bütün ölkə teleseriala baxırmış kimi, parlament iclaslarına yoluxdurulurdu.
Ona elə gəlirdi ki, Surət Hüseynov üzərində qəti qələbə qazandıqdan sonra silkələnib ölkəni səfərbər edəcək və cəbhə boyu baş verən hadisələrin istiqamətini dəyişə biləcək. Amma unudurdu ki, bu parlament müzakirələrindən sıçrayan kin-küdurət ölkəni parça-parça edir və bir də heç zaman bu parçalanmış, hansısa “daxili düşmənlərə” qarşı nifrətə yoluxdurulmuş əhalini səfərbər etmək, gerçək düşmən üzərinə aparmaq mümkün olmayacaq.
O, müharibəni sovet dövrünün beşillik planları kimi sona çatdırmaq haqqında düşünürdü. Məhv olan insan taleləri onu şəxsi hakimiyyətini möhkəmləndirmək qayğılarından çəkindirə bilmirdi.

Əliyev onu bu şəkildə məhv etdi…

Nəhayət, Surət başa düşdü ki, onu hansı oyuna çəkiblər. Amma daha gec idi və o, heç nə edə bilməzdi. Bütün ölkəyə təlqin edilmişdi ki, müharibəni Əliyev yox, məhz o uduzub. O, bütün əzəmətini itirmişdi, artıq heç kim üçün təhlükəli deyildi. Onun obrazı bütün ölkənin qarşısında rüsvay edilmişdi. Əliyev onu bu şəkildə məhv etdi, amma Azərbaycana bu əməliyyat 6 rayonun itirilməsi, yüz minlərlə qaçqın hesabına başa gəldi. Əliyevin başqa yolu da yox idi. O, qəti əmin idi ki, əgər müharibə uğurla başa çatsa, Surət onu məhv edəcək.
Bu oyunların ona nələrin hesabına başa gəldiyini dərk edən Surət bir müddət Gəncəyə çəkildi. Orada onun yeni hoqqalar çıxara biləcəyini təxmin edən Əliyev isə ondan narazılığını açıq şəkildə söyləməyə başladı. Həm də hər tərəfdən açıq şəkildə Surəti vətənə xəyanətdə ittiham etməyə başlamışdılar. Surət özü və onun ətrafı da başa düşmüşdü ki, o, bu oyunda ikinci olmaq rolunu birdəfəlik itirib.
1993-cü ildə korpusları ona görə buraxmışdılar ki, müəyyən müddətdən sonra onları yenidən təşkil etsinlər. Qanlı döyüşlər getdiyi zamanda bunu etmək sadəcə, cinayət idi. Adını “Xalq Cəbhəsinin batalyonları” qoymaqla 36 batalyonu buraxmaq heç bir sağlam arqumentə sığmır. Üstəlik, bu batalyonların Xalq Cəbhəsinə heç bir dəxli yox idi. Və ümumiyyətlə, Xalq Cəbhəsinə məxsus olan heç bir batalyon yox idi. Bu, ağ yalan idi. 36 batalyon, aşağı-yuxarı 7-8 briqada demək idi.
Qızğın döyüşlərin getdiyi, rayonların bir-birinin ardınca itirildiyi həmin günlərdə isə bizim ehtiyatda olan bircə batalyonumuz belə, qalmadı. Şübhəsiz, tarix, həm də yaxın tarix bu cinayətlərin üstünü açacaq.

Mənə xəbər göndərdilər ki…

Bir qədər əvvəldə qeyd etdiyim kimi, Gəncə hadisələrinin parlament dinləmələri və istintaqı zamanı ifadəmin nəzərə alınması, səsləndirilməsi tələbimdən, eləcə də Qərb zonasını Surətin quldurlarının üzünə qapatmağımdan sonra mənə qarşı aşkar hücumlar başlandı. Bu, həmin vaxt idi ki, praktik olaraq, Ağdam işğal edilmiş, Füzuli üzərində ciddi təhlükə yaranmış, Qərb cəbhəsində hərbi əməliyyatlar fəallaşmış, düşmən bu bölgədə hakim yüksəklikləri ələ keçirmək üçün intensiv hücumlar təşkil etməyə başlamışdı. Bu şəraitdə cəbhə zolağının qərargahı bütün heyəti və başçı Zaur Rzayevlə birlikdə mənə qarşı müharibəyə başlamışdılar.
Qərargahın bütün heyəti mənim yanıma – Qazaxa gəlməmişdən əvvəl mənə xəbər göndərdilər ki, bütün zabitləri kluba toplayım…

(ardı var)