Hakimiyyət Morninqstarın yumşaq səfir olacağını gözləməsin

Tomas De Vaal: “Azərbaycan hökumətində kimsə Morninqstarın “loyal” səfir olacağına ümid edirsə, onun ümidi boşa çıxacaq”

ABŞ prezidenti Barak Obama administrasiyanın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Amerikanın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Bu barədə Turan-ın Vaşinqton müxbirinə diplomatik mənbələrdən məlum olub.
Ağ Ev hələlik bu nominasiya haqda rəsmi informasiya vermir. Bununla belə, ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol özünün Twitter akkauntunda prezidentin qərarını “əla seçim” adlandırıb.

“Turan”ın müxbiri Karneqi Fondunun Qafqaz üzrə tanınmış analitiki Tomas de Vaala müraciət edərək Morninqstarın səfir təyin olunmasının mümkünlüyünü və bunun Amerika-Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyini şərh etməsini xahiş edib. “Güman edirəm ki, bu təyinatı Azərbaycan tərəfi istəyib. Onlar yüksək vəzifəli şəxs istəyiblər, sadəcə karyeralı diplomat yox. Amerika tərəfinin Morninqstarın namizədliyini irəli sürməsilə Vaşinqton uzun müddət Azərbaycanda səfirin olmamasından narahat olan Bakını sakitləşdirmək istəyir”, – deyə analitik vurğulayıb.

“Əgər senator Robert Menendes və Amerika Erməni Milli Assambleyası (AEMA) bu təyinatının qarşını alsaydı, mən təəccüblənərdim. Onların Metyu Brayzaya qarşı şəxsi iradları var idi. Lakin Morninqstar ümumqafqaz məsələləri ilə məşğul olmayıb, yalnız energetika ilə məşğul olub. Morninqstarın nominasiyası göstərir ki, energetika ABŞ-ın Azərbaycandakı prioritetinə çevrilir. Lakin Tomas de Vaal qeyd edib ki, əgər Azərbaycan hökumətində kimsə Morninqstarın “loyal” səfir olacağına ümid edirsə, onun yəqin ki, ümidi boşa çıxacaq: “Səfir ABŞ-ın insan haqları, Qarabağ və digər məsələlərə dair siyasətini yalnız təqdim edir, formalaşdırmır. Odur ki, onun insan haqları üzrə hətta ən yumşaq bəyanatına belə məhəl qoyulmaya bilməz”.

Xatırladaq ki, Riçard Morninqstar Bill Klinton administrasiyasında və hazırda ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsidir. Əvvəllər ABŞ-ın Avropa İttifaqındakı səfiri olub. Erməni lobbisinin təzyiqləri altında Senatda təsdiqlənməyən Metyu Brayza Bakıdan getdikdən sonra bu ilin yanvarından Azərbayjanda səfir postu vakant qalır. Ermənilər Brayzanı xanımı türk əsilli olduğuna görə azərbaycanpərəst siyasətçi hesab edirlər.