“Azadlıq”dan Prezident Administrasiyasına cavab

Rahim Hacıyev: «Bizim yazdığımıza bu qədər həssas yanaşıldığı halda xarici mediada gedən oxşar məlumatlara niyə reaksiya verilmədiyi maraq doğurur»

Ölkə başçısı Ilham Əliyevin 800 min dollarlıq qol saatından istifadə etdiyi haqda yayılan məlumata görə, Prezident Administrasiyasının “Azadlıq” qəzetinə qarşı iddiları davam edir. Xatırladaq ki, qəzetimizin 24 aprel tarixli sayında bloqçu Vəfa Cəfərovanın öz bloqunda yerləşdirdiyi və həmin günə qəər bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə dövr edən məlumatla əlaqədar prezidentin mətbuat xidməti adından təkzib xarakterli açıqlama yayılmışdı. Aprelin 25-də yayılan açıqlamaya “Azadlıq” qəzeti elə həmin gün münasibət bildirib və onu qəzetin 26 aprel sayında dərc edib.
Dünən isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” informasiya saytına bildirib ki, “Azadlıq” qəzetinin münasibəti onları qane etmir və qəzetdən ölkə başçısı Ilham Əliyevdən üzr istəməsini gözləyirlər: “Hesab etmirəm ki, “Azadlıq” qəzeti prezident Ilham Əliyevin qol saatı haqda yaydığı yalan informasiyaya görə təkzib verib, üzr istəyib. “Azadlıq” qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, “Azadlıq” qəzetinin filan sayında prezident Ilham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və prezident Ilham Əliyevdən üzr istəyirik. Əks halda qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik”.
Əli Həsənovun açıqlamasına münasibət bildirən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev xatırladıb ki, bu məsələ ilə bağlı prezidentin mətbuat xidməti təkzib xarakterli mətn yayanda, redaksiya hər hansı qərəzinin və qəsdən yalan məlumat yaymaq niyyətinin olmadığını bəyan edib, yaranmış anlaşılmazlığa görə təəssüfünü bildirib. R.Hacıyev deyib ki, “Azadlıq” yayılan xəbərin ilkin mənbəyi olmasa da, onun doğru olmadığını göstərən məlumatı dərc etməyə hazırdır. Əgər prezidentin mətbuat xidmətindən redaksiyaya belə bir təkzib göndərilərsə, dərc olunacaq.
Baş redaktorun birinci müavini Əli Həsənovun açıqlaması ilə bağlı redaksiyanın dərhal öz mövqeyini yaydığını da diqqətə çatdırıb. Redakisyanın mövqeyində bildirilir ki, Prezident Administrasiyası adından “Azadlıq” qəzetinə qarşı Əli Həsənovun səsləndirdiyi tonda qəti şərt irəli sürməyin ən azı bu mərhələdə heç bir əsası yoxdur. Belə ki, yayılan məlumata prezidentin adından indiyədək hər hansı dolğun və qaneedici aydınlıq gətirilməyib. Prezidentin mətbuat xidməti məlumatla əlaqədar daha çox ümumi sözlərdən ibarət açıqlama yayıb. Açıqlamada prezidentin hansı markalı qol saatından istifadə etdiyi, onun hansı qiymətə olduğu haqda məlumatlar olmayıb. Bu isə “Azadlıq” qəzetinə tirajladığı məlumatın həqiqətən də yalan olduğunu aydınlaşdırmağa imkan vermir.
“Azadlıq” qəzeti prezidentin mətbuat xidmətinə müraciət edir ki, ölkə başçısının istifadə etdiyi qol saatının qiyməti və markası haqda məlumatı açıqlasın. Qəzet bu məlumatı dərc etməyə və ölkə başçısının qol saatı haqda rəsmi məlumatla özünün yaydığı məlumat arasında uyğunsuzluq olarsa, buna görə üzr istəməyə hazırdır.
R.Hacıyev deyilənlərə onu əlavə edib ki, Prezident Administrasiyasının “Azadlıq”ın yaydığı bir məlumata bu qədər həssas yanaşdığı halda “The Washington Post” qəzeti, “CNBC” telekanalı kimi dünyanın populyar media quruluşlarında Ilham Əliyevlə bağlı gedən oxşar məzmunlu məlumatlara niyə eyni tərzdə reaksiya vermədiyi maraq doğurur. Bu xarici media orqanlarından nəyə görə təkzib tələb olunmadığını, yaxud onların məhkəməyə verilmədiyini sual edən R.Hacıyev “Bəlkə nəzərə alırlar ki, o media quruluşlarını məhkəməyə versələr, işə müstəqil beynəlxalq məhkəmələr, “Azadlıq”a qarşı iddiaya isə Prezident Administrasiyasının təsirində olan Azərbaycan məhkəmələri baxacaq”, – deyə bildirib.