Aysel Teymurzadə niyə konsertə dəvət edilmir?

Azərbaycanın “Eurovision” yarışmasına ev sahibliyi etməsi münasibəti ilə Dənizkənarı Milli Parkda açıq hava altında “Eurovision” təmsilçilərimizin iştirakı ilə konsert keçiriləcək. Konsert proqramının əsas məqsədi “Eurovision-2012″ ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır. Fan kluba dəstək məqsədilə keçirilən konsertdə Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov, 2010-cu ildə Azərbaycanı ”Eurovision”da təmsil etmiş Səfurə Əlizadə və ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək.
Konsertdə həmçinin “Eurovision-2012″ mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Coxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı nəzərdə tutulur. Murad Dadaşovun aparıcılığı ilə keçiriləcək konsertə giriş sərbəst olacaq və iştirakçılara ”Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. Konsert aprelin 29-da saat 19:00-da başlayacaq(APA).
Maraqlıdır ki, sözügedən tədbirdə Azərbaycanı “Eurovision”da təmsil edən digər iştirakçılar dəvət edilsələr də Aysel Teymurzadə və Araşın adı çəkilmir. Hansı ki, onlar ölkəmizin “Eurovision”da ilk təmsilçiləri olaraq çox uğurlu çıxış ediblər. Ancaq onların hansı səbəbdən kənarda qalması barədə hər hansı açıqlama yoxdur.