22 aprel mitinqinin qadın qəhrəmanı

Şirinbacı Rzayev: «Məni ölümlə qorxuda bilməzlər, mən elə onu arzulayıram»

Ictimai Palatanın 22 aprel mitinqində diqqəti cəlb edənlərdən biri, mülkiyyəti hökumətin təcavüzü ilə üzləşənlərin nümayəndəsi kimi çıxış edən Şirinbacı xanım oldu. Şirinbacı Rzayeva Respublika sarayı arxasında “Qış bulvarı” bəhanəsi ilə evləri sökülənlərdəndir. Elə mitinqdə çıxışının səhəri günü onun evini uçurdular.
Bu “tanınmayan qərhəman” kimdir bəs? O, minlərə xitab etmək cəsarətini hardan alıb?
Biz bu sualların arxasınca düşdük.
Şirinbacı xanımla Respublika sarayının arxa pilləkənində görüşüb söhbətləşdik. Mən ora çatanda o, əlində “Azadlıq” qəzeti evləri yıxılan qonşuları ilə dərdləşirdi. Yoldan ötən bir gənc fəal xanım da onun həmsöhbəti idi. Onun deməsinə görə, Şirinbacı xanımı mitinqdən tanıyıb.

Mitinqdə çıxış barədə verilən qərar

“Mitinqdən bir gün əvvəl, gecəydi. Aytəkin xanım (QHT sədri) zəng etdi, dedi mitinqdə özünün, qonşularının başına gətirilənlərdən danışarsan? Dedim hə. Razılaşdı, ancaq dedi ki, çalış emosionallıq edib təhqirə keçməyəsən.
Çıxışa heç hazırlaşmadım. Nəyə hazırlaşacaqdım ki? Bir il dörd aydır bu küçələrdə (sökülən evlərin yerini göstərir) mən mitinq keçirirəm də.
…sonra çıxışıma baxdım, bəzi şeyləri gərək deyəydim, həyəcandan unutmuşam. Mən Hacıbalanın (Abutalıbovu deyir – red.) üzünə nələr demiş adamam, mitinqdə dilim çaşdı, adını yadıma sala bilmədim. Bax bir şeir var, onu mütləq demək lazım idi. Istəyirsən bir bəndini deyim, bunu qəzetində yaz”. Onun sadə, amma ürəkdən gələn sözlərinə heç bir müdaxilə etmədən qulaq kəsilirəm, şeirə də razılıq verirəm.
“Mən haqlıyam, axı haqlı
Mən yenə mən olmalıyam
Qisasımı almalıyam
Mütləq zəfər çalmalıyam
Allah mənə, sən kömək ol”.

Tanıtım

Rzayeva Şirinbacı Ibrahim qızı. 1953-cü ildə Astarada doğulub. 16 yaşında ailə qurub Bakıya köçüb. Həyat yoldaşı Muxtar 2006-ci ildə vəfat edib. 2 oğlu, 2 nəvəsi var.

Onun böyük məhəbbəti

Şirinbacı xanıma “özünüz haqqında bir az danışın”- deyən kimi, nədənsə mərhum yoldaşından söz açdı. Belə hiss olunur ki, onların bərabər olduğu 40 il boyunca əsl məhəbbət deyilən neməti dadıblar: “Yoldaşım əsl insan, ziyalı idi. Rusiyada ali təhsil almışdı. Dəmiryolu mütəxəssisi idi. Ziya Məmmədov iş başına keçəndən ona zülm yaşatdı. Bir dəfə də olsun qabiliyyətinə uyğun iş vermədi ona. Çox haqsızlıqlar etdilər ona. Onun da ürəyi dözmədi”.
Şirinbacı xanımın sözlərinə görə, yoldaşı qələm adamı olub. Əsasən satirik şeirlər yazıb, vaxtilə “Tək Səbir” qəzetində onlardan çap edilənləri də olub.

Problem

“Keçən ilin fevralından bizim evlərə qarşı hücum başladı. Bizi zorla burdan çıxarmaq istəyirdilər. Biz də deyirdik ki, qanuna əməl edin. Sizin nə haqqınız var, bizim razılığımız olmadan evimizi uçurasınız. Bu nə dərəbəylikdir?! Son ana qədər mübarizə apardıq. Mitinqin səhəri günü tökülüşüb evimizi gözümüzün önündə uçurdular. Söz veriblər ki, evdə sıradan çıxan əşyalar üçün kompensasiya verəcəklər. Mən hələ də kompensasiya ilə razılaşmamışam, qol çəkməmişəm heç yerə. Biz yaxşı qurtardıq. Mayın 16-sı gecə yatmışdıq. Işə bax ki, kiçik oğlum həmin gün çarpayıların yerini dəyişdi. Mən də bir az deyindim ki, a bala nolub, nəyə lazımdır, çarpayıları sürüyüb zay edəcəksən. Təsəvvür et ki, gecə saat 3-də çarpayının köhnə yerindən evimizə traktor bir zərbə vurdu. Divar uçdu. Ordan sağ çıxmaq olardı? O traktorçunu sonra mənə tanıtdılar. Adı Islam idi. Bədbəxt adamdır, onun öz evini ermənilər uçurdub, o da bizimkiləri uçurdur”.

Şəxsi bacarıqları

“Məktəbəqədər təhsil üzrə ixtisasım var. Uzun illər müxtəlif mədrəsələrdə ərəb dilini öyrənmişəm. Bu dildə başa düşürəm, öz fikirlərimi də çatdıra bilirəm. Rus dilini lap yaxşı bilirəm. 6 ay ingilis dilindən kursa getmişəm, o dildə də çulumu sudan çıxararam. Özüm inanclıyam”.

Heydər Əliyevə  görə Tanrı cəzası

Söhbət inanca çatanda soruşuram: “Dindarlar Allahın ədalətli olduğunu deyirlər, bəs taleyin sizin başınıza gətirdiyi bu oyunlarda ədalət hanı?”. O azca dayanır, elə bilirəm ki, inancında şübhəyə girir, ancaq deyilmiş. O, həyatları ilə bağlı mühüm bir etirafda bulunur: “Bunu heç yerdə deməmişəm, gecə-gündüz fikirləşirəm ki, başımıza gələnlər hamısı Allahın bizə cəzasıdır. Hə, cəzası…
95-ci il idi, oğlum Əlirza Konservatoriyaya girmişdi. O çox istedadlı musiqiçidir. O zaman vəziyyətimiz ağır idi, fikirlərimiz də başqa cür idi. Hökumət bizə indiki qədər zülm etməmişdi axı. Hə, bir gün qardaşım dedi ki, ay Əlirza, bu Heydər Əliyev xeyirxah adamdır, ona bir mahnı yaz, bəlkə işlərində sənə kömək edər.
Əlirza mahnısı üçün şeir yazmağa adam axtardı. Heç kim yazmadı. Onda mən yoldaşımı məcbur etdim ki, Heydər haqqında şeir yazsın. Məcbur etdim, o da yazdı. Yaxşı bir mahnı alındı. Eh, nə qədər yerdə birinci də oldu o mahnı. Əlimlə o kaseti Prezident Aparatına yolladım. Ancaq heç bir xeyiri olmadı. O mahnının zülmüdür bu düşdüklərimiz”.
Təkid edirəm: “Mümkünsə, o mahnının sözlərindən bir parça deyin.
“Ey yenilməz Azərbaycan rəhbəri!
Gül etmisən elin  bağça bağını
Sülh yoluyla məğlub etdin yağını!” – bu şeirdə Heydər Əliyevə layiq olmadığı təriflər var. Ona görə hər gün dua edirəm ki, ay Allah, elədiyimiz qələtə görə bizi bağışla”,- deyir Şirinbacı xanım.
“Inanıram ki, o gözəgörünməz Allah bunların da vəhşiliyinə dözməyəcək. Allah gec eylər, güc eylər. Bu qədər haqsızlıq cavabsız qala bilməz. Inanıram ki, tezliklə bütün diktaturalar kimi bizimkilər də cəzaların alacaqlar”- bu da onun bəyanatıdır.
Qorxmursuzmu? – Lap sonda xəbər alıram.
Yaxşı bir qələm adamı olsaydı bu sualdan sonra müsahibimin dediklərini yaxşı bir roman üçün monoloq düzəldərdi: “Qorxmaq? Nədən qorxacam. Neynəyəcəklər, öldürəcəklər? Öldürsünlər. Bu mənim arzumdur. Bunlar bizim gözümüzdəki o parıltı olur e, onu öldürüblər. Həyata inamımızı qırıblar. Iki oğlum var, iki qızım, onlar da artıq gözümdə deyil.  Belə yaşamaq olmaz. Mən dözmürəm, mən sürünmək istəmirəm. Insan kimi yaşamaq istəyirəm”. Şirinbacı xanımın bu naləsindən sonra mən “beynəlxalq insan haqları” təşkilatının Bakıdakı mülkiyyət pozuntularına verdiyi qiymətinin çox dəqiq olduğuna bir daha inandım: “Azərbaycan hökuməti tək insanların evini yox, onların həyatlarını da dağıdır”.

Natiq Güləhmədoğlu