Zümrüd Yağmurun yeni kitabı satışa çıxdı

z yagmur-yenikitab“Diriləri basdırın” diktatorlara ithaf olunub

Yazıçı Zümrüd Yağmurun “Diriləri basdırın” adlı növbəti romanı çapdan çıxıb.
Diktatorlara ithafən yazılmış romanı oxucular “Əli və Nino”, Akademkitab, Kitab Akademiyası, eyni zamanda metronun Elmlər Akademiyası, Nizami və İçərişəhər stansiyalarının girişində yerləşən kitab mağazalarından əldə edə bilərlər.

“Diriləri basdırın” romanında insanın güc əldə etmək üçün hər şeyini, bütün dəyər və mənəvi keyfiyyətləri, hətta doğmalarını belə qurban verməsinin mahiyyəti əks olunub. Əsərin qəhrəmanları daxili sarsıntı və psixoloji gərginliklə ətrafda baş verənlərin gah əsirinə çevrilir, gah da onu aşağıya doğru çəkən hər şeydən imtuna etmək üçün mücadilə edir.
Romanda yaşadığımız mühitin naqislikləri əslində güc və zorakılıqla əzilən, eyni zamanda gücü zorla birləşdirib öz mənəvi aləmini də qətl edən insanların faciəsi ilə əks etdirilib.
İndi dünyada  baş verən inqilabi dəyişikliklər fonunda məhz diktatorlara ithafən yazılan əsərin orijinal cəhətlərindən bir də süjetdə sanki fərqli zaman tunelində güclü olmaq məqsədilə hər şeyi qurban verən zalımların əslində, dünyanın ən axmaq adamları olduğunun sübut edilməsidir. Gücün süqutunu, diktaturaların çöküşünü iki meydandakı fərqli hadisələrin fonunda günümüzə bağlayan müəllif əslində “Diriləri basdırın” romanı ilə bəşəri bir həqiqqəti, zalım gücün məğlubiyyətə məhkum olduğunu təsvir edib.