Mühacirlərimizə bir örnək

Bizim yüksək mərtəbəlilər alternativ söz sahiblərinə düşmən gözüylə baxırlar. Haqlı və ya haqsız, belə adamların sözü ya eşitməzliyə vurulur, ya da daşa basılır. Amma o daş bir gün onu atanın özünə də qayıda bilər…
Bu ölkənin azadlıq tarixində böyük xidmətləri olan Qənimət Zahid də belə söz adamlarındandır ki, sözün ən yumşaq mənasında, onu öz vətənindən didərgin saldılar. Gəncliyindən bu günə yabançı istismarçı güclərə, primitiv düşüncəyə, haqsızlığa qarşı vuruşa-vuruşa yol gələn bu cəsur qələm sahibi sonda başını götürüb Avropaya getdi. Özü etiraf etdi ki, bu gediş onun ailəsinə olan təzyiqlərlə bağlıdır. Əslində isə, o, əl-qolunu bağlayan əngəllərdən xilas olub faydalı bir iş görə biləcəyi məkan axtarırdı.
Qənimət bəyi yaxın dostumuz olaraq tələbəlik illərindən tanıyıram. Istədiyini nəyin bahasına olursa-olsun qoparan biridir. Indi o öz istədiyinə nail olmuş hesab edilə bilər. Ən azı, uzun illərdən sonra Avropada Azərbaycan müxaliflərinin qapalı səsinə yol açdı. Bu, onun öz ölkəsi üçün etdiklərinin siyahısına yazılan daha önəmli bir layihədir. Ölkədə öz vətəndaşına fərqli söz haqqı tanımayan hökumət indi onu Avropa kanalından dinləməyə məhkumdur. Bütün qəzəbini kanalın yayımlandığı Almaniyaya yönəltməsi də bu hikkədən qaynaqlanır. Xalq arasında “qəzəbli başda ağıl olmaz” deyirlər. Axı özünü bu aqressiv, anlaqsız duruma salıb gülüş hədəfinə çevirməkdənsə, fərqli düşüncəli insanlara söz haqqı tanımaq daha yaxşı olmazdımı?..
Gərək, Qənimət bəyin bu gün çox məhdud imkanlarla etdiklərini uzun illərdən bəri xarici ölkələrdə yaşayan daha imkanlı həmvətənlərimiz çoxdan etmiş olaydılar. Sadəcə, bunun üçün bir az vətənpərvərlik, bir az çalışqanlıq, bir az da fədakarlıq tələb olunurdu. Heyf ki, hazırda dünyanın dörd bir yanına səpələnmiş mühacir həmvətənlərimizin çoxu ancaq “baş saxlamaqla” işlərini bitmiş sayırlar.
Hardadır ötən əsrin ortalarında son nəfəsinə kimi Azərbaycan davasından vaz keçməyən cəsur mühacir nəslinin davamçıları? Qənimət bəyin bu işi bolşevik işğalından sonra uzaq ölkələrdə vətən mücadiləsi aparan Cümhuriyyət fədailərinin fəaliyyətini xatırlatdı bizlərə. O dövrdə böyük vətən sevdalısı Məhəmməd Əmin Rəsulzadənin də müəyyən fəaliyyət dövrü Almaniya ilə bağlı olub. O, əngəllərin yaradıldığı, informasiya imkanlarının çox məhdud olduğu bir zamanda alman legionlarındakı həmvətənlərimiz arasında təbliğat aparırdı. Böyük öndər sonralar legionerlərlə olan söhbətlərindən olduqca təsirli epizodlar xatırlayırdı. Bir azərbaycanlı legioner danışır ki, dünyasını dəyişən əsgər dostunu islam adət-ənənəsini bilmədikləri üçün adi qaydada dəfn etmək istəyirlər. Amma alman zabit vəfat edən şəxsin islam qaydalarına uyğun dəfn olunmasını təkid edir. O zaman azərbaycanlı əsgərlər öz dostlarını 7 dəfə “ya Məhəmməd, ya Məhəmməd” deyərək torpağa tapşırırlar… Dünyanın işıq sürəti ilə inkişaf etdiyi belə bir zamanda insan uzaq xaricdəki mühacir həmvətənlərimizin də Azərbaycanın dəyərləri haqqında təxminən bu səviyyədə məlumatlı olmasına təəssüflənir.
Amma M.Ə.Rəsulzadə bununla bərabər, alman ordusunda təlim görmüş başqa bir legionerin sözlərini də xatırladırdı: “Bir millət öz azadlığını yalnız mübarizədə qazanır… 1918-ci ildə Azərbaycan xalqı bizim kimi hərbi təcrübə görmüş kadrlara malik olsaydı, şübhəsiz, məmləkətimizin tarixi tamamilə başqa cür inkişaf edəcəkdi…”.
Düşünürəm, Azərbaycan mühacirləri də sivil cəmiyyətin necə böyük dəyər olduğunu, bununsa çalışqanlıq və mübarizliklə əldə olunduğunu daha yaxşı bilirlər. Heç olmasa, Qənimət bəyin nümunəsi bundan sonra qapalı gözləri açsın. Hər kəs əlini bir daşın altına qoysa, ölkəmizdə cəmiyyətin dəyişməsi an məsələsi ola bilər.