O, güc strukturlarını Surətin tabeçiliyinə versə də, bu vəzifələrə adamları özü təyin edirdi
Və mənə aydın oldu ki, hansı səbəbdən Gəncədə yerə enməliymişik. Mənim etibarlı, güvənli və dişinə qədər silahlanmış mühafizəm vardı. Mən pilota Gəncəyə enməyin nəticələri ilə bağlı xəbərdarlıq etdim və tələb etdim ki, Gəncədə yanacaq götürdükdən dərhal sonra yoluna davam etsin. Bizim itirəcək heç nəyimiz yox idi. Amma Tovuza yetişənə qədər güclü yağış başladı, dolu tökdü. Pilotun da Allahı verdi, sanki. Dedi ki, bu havada Gəncəyə gedə bilməz və geriyə – Qazaxa dönmək məcburiyyətindədir. Mən də ona geriyə dönmək əmri verdim. Qazaxa yetişəndə mən pilota dedim ki, sabah uçacağıq və onu mehmanxanaya yerləşdirdim. Mən anlayırdım ki, hansı təhlükələr var – mənə Bakıya enməyə imkan verməyəcəklər, hətta fiziki baxımdan məhv edilməyim bahasına olsa belə… Buna görə də hər şeyi ölçüb-biçərək polis rəisi Isaxan Aşurovun yanına getdim. Onunla məsləhətləşdik və belə qərara gəldim ki, öz mühafizəmi götürərək Gürcüstan ərazisindən keçim və Balakən-Zaqatala yolu ilə Bakıya gedim. Bütün səlahiyyətləri müavinimə verdim. Isaxan Aşurov isə öz işini bilən adam idi, buna görə də bölgədə baş verə biləcək hər hansı hadisələrdən narahatlığım yox idi. Hətta baxmayaraq ki, ermənilər vəziyyətdən sui-istifadə edərək təmas xətti boyu fəallaşmış və hücuma keçmək ərəfəsindəydilər. Cəbhə xəttində intensiv atışmalar başlanmış, müdafiə xəttində isə hər an hücum gözlənilirdi. Çox mürəkkəb vəziyyət idi.
İsa Sadıqov
Bizi şərtlə buraxdılar…
Bütün bunlara baxmayaraq, mən bu çirkin oyunlara və böhtanlara son qoymaq qərarına gəlmişdim. Biz öz maşınlarımıza oturaraq, Gürcüstan sərhədindən keçməyə qərar verdik. Orada isə Gürcüstan sərhədçiləri təpədən-dırnağa qədər silahlanmış azərbaycanlıları öz ərazilərindən buraxmaq istəmirdilər. Amma ətraflı söhbətden sonra onları razı sala bildim. Mənim kortejimə öz müşahidəçilərini də qoşaraq bizi Gürcüstandan çıxana qədər müşayiət etmək şərtilə buraxdılar. Beləliklə, ertəsi gün mən Bakıya, parlamentə gələ bildim.
Mən parlamentdə çıxış üçün təkid etdim, amma komissiya da dirəndi ki, mənimlə onlar özləri söhbət edib, nəticə barədə parlamentə hesabat verəcəklər. Elə həmin günün axşamı da mən geriyə – taleyindən narahat olduğum bölgəyə döndüm, burada əməlli-başlı döyüş gedirdi…
Surətin dəstəsi Qazaxa hücum edirdi…
Amma nə səhəri gün, nə də o biri günlər mənim məlumatım barədə heç nə danışılmadı. Yalnız Imam Mustafayevin komissiyasının rəyi oxundu, vəssalam. Yenə də dəfələrlə zəng etdim, təkid etdim, amma məni nəzərə alan olmadı. Məni yalnız iyul ayında təkrarən Gürcüstan üzərindən Bakıya gedən zaman dinlədilər. Orada ifadə verə bildiyim yeganə şəxs Aslan İsmayılov oldu. Başqa komissiya üzvləri ilə də görüşdüm, amma onlara öz “həqiqətləri” lazım idi.
Bir qədər əvvəl qeyd etdim ki, Gəncə və Şəmkir arasında postlar qoyaraq, qiyamçıları Qazax tərəfə buraxmamağı əmr etmişdim. Surət Hüseynovun tərəfdarları bir neçə dəfə canlı qüvvə və hərbi texnika ilə həmlə edərək bu postları ləğv etmək istəmişdilər, amma bütün hallarda mən onları geriyə atdım. Sonuncu belə cəhdi o, iyunun 16-dan 17-nə keçən gecə etdi. Mənə məruzə etdilər ki, Surət Hüseynovun ağır hərbi texnika ilə möhkəmləndirilən böyük bir qüvvəsi üzü qərbə tərəf hücuma başlayır. Biz onları Şəmkir və Tovuz arasında qarşıladıq, hamısını tərk-silah etdik və geriyə qovduq. Bu bandanın Qazax istiqamətinə soxulmaq üçün göstərdiyi bütün cəhdlər beləcə başa çatırdı: biz onların silahlarını alır, özlərini isə üzü Gəncəyə tərəf qovurduq. Sonuncu dəfə də qrad qurğularından yaşayış məntəqələrinə atəş açmağa başlamışdılar. Yenə də onların bütün texnika və silahlarını aldıq…
Elçibəy Bakını tərk edəndən sonra qoşunlara təzyiqlər başladı
Bu son hadisədən sonra onlar bir daha parlamentdə hansısa qırğınlar haqqında axmaq-axmaq danışmağa başlamışdılar. Amma bu, mənim vecimə də deyildi və məni artıq yalnız bir məsələ maraqlandırırdı ki, bu başıpozuq quldur dəstəsini sərəncamımda olan bölgəyə buraxmayım. Bu vəzifənin də öhdəsindən layiqincə gəlirdik. Amma iyunun 18-də məlumat aldıq ki, ölkə prezidenti Əbülfəz Elçibəy vətəndaş müharibəsinin və qan tökülməsinin qarşısını almaq üçün Bakını tərk edib. Elə həmin gündən etibarən Qərb qoşunlarına, o cümlədən də mənə qarşı xüsusi təzyiqlər başlandı. Ilk növbədə hərbi birləşməni və ona tabe olan hərbi hissələri buraxmaq haqqında qərar çıxardılar. Ölkənin bütün ərazisi boyu hərbi hissələrin, korpusların, korpus birləşmələrinin bu cür buraxılması haqqında qərarlar çıxarılırdı. Yalnız birinci eşelon briqadalarını saxlayırdılar. Açığı, mən belə hərbi strukturlaşmanı heç zaman nə görmüş, nə də eşitmişdim…
Düşmənlə təmas xəttinin təxminən 1000 km. uzunluğu vardı və bütün təmas xətti boyu qanlı döyüşlər gedirdi. Amma bütün bu cəbhə xətti boyunca fəaliyyətdə olan bütün qərargahları ləğv edərək, yalnız bir qərargah saxladılar. Bu bir qərargah bu uzunluqda cəbhə xətti boyu operativ əməliyyat planları hazırlaya, onu icra edə bilməzdi. Təbii ki, bu, mümkün deyildi və bu planın müəlliflərinin ağlı, sadəcə, gülüş doğururdu. Hətta bu da başqa məsələ idi ki, cəbhə boyu komandanlıq edən Zaur Rzayevin qərargahındakı zabitlərin ranqı və peşəkarlıq səviyyəsi nəyə imkan verirdi, nəyə isə yox.
Əliyev Bakıya ayaq basan kimi, onu qayğılandıran ilk məsələ…
Korpusların buraxılması prosesi isə Ağdam ve Füzuli uğrunda ölüm-qalım savaşları getdiyi zaman həyata keçirilirdi. Bu tələsiklik nədən ötrü idi, bu darmacalda bütün idarəetmə sistemini nəyə görə bu sayaq dağıtmaq lazım idi? Axı, uşağa da aydın idi ki, qızğın döyüşlər getdiyi zamanda mövcud sistemi dağıtmaq və onu əvəz edə biləcək yeni operativ idarəetmə sistemi yaratmaq mümkün deyildi. Ağdamın işğalı labüd olanda bu əməliyyatın yaramazlığı da aşkar göründü.
Yəqin hamı bilir ki, Gəncə hadisələri baş verəndən dərhal sonra – iyunun 5-6-sı Dadaş Rzayev müdafiə naziri vəzifəsindən kənarlaşdırıldı və onun səlahiyyətlərinin icrası Səfər Əbiyevə həvalə edildi. Səfər Əbiyev döyüşlərin ən qızğın çağında həyata keçirilən bu “struktur islahatları”nın hansı faciəvi nəticələr yaradacağını bilməyə bilməzdi. Amma o, bütün bunların qarşısını almaq üçün ufacıq bir cəhd belə, göstərmədi. Belə qənaət yaranır ki, onlar nəticələri bilərək, bu addımları atırdılar…
Bu proseslərdən Əliyevin özünün xəbəri var idimi? Əlbəttə, var idi və bütün bu əməliyyatlar onun tapşırığı, onun rəhbərliyi və bilavasitə nəzarəti altında həyata keçirilirdi. Axı, Bakıya ayaq basan kimi onu qayğılandıran ilk məsələ özü üçün hakimiyyət təminatı yaratmaq və bu hakimiyyəti gündən-günə möhkəmləndirmək idi. O, güc strukturlarını Surətin tabeçiliyinə versə də, bu vəzifələrə adamları özü təyin edirdi.
(ardı var)