Almaniya prezidenti Timoşenkoya görə Ukraynaya getmədi

Almaniya prezidenti Joachim Gauck Ukraynaya səfərdən imtina edib. O bu addımını Ukraynanın keçmiş baş nazir Yuliya Timoşenkonun həbsi və həbsxanada səhhətinə zərər verən şəraitdə saxalnması ilə izah edib.

Prezidentin nümayəndəsi bildirib ki, J.Gauck Mərkəzi Avropa ölkələrinin mayın 11-12-də Yaltada keçiriləcək toplantısına qatılmayacaq. Almaniya mətbuatının yazdığına görə, prezident bu barədə kansler Angela Merkellə məsləhətləşdikdən sonra qərar verib.

Y.Timoşenko həbsxanada döyülməsinə etiraz olaraq aprelin 20-də aclığa başlayıb. O, xeyli vaxtdır ki, kürəyində baş qaldırmış ağrıdan əziyyət çəkir. Almaniya hökuməti onu ölkədəki klinikalardan birində müalicə etməyə hazır olduğunu bildirib.

Keçmiş baş nazir hazırda 7 illik həbs cəzası çəkir. O, hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda təqsirləndirilir (“Azadlıq” radiosu).