Paytaxtın mərkəzi ərazilərindən əhalinin köçürülməsi, insanların mülkiyyət hüququnun pozulması ilə davam edir. Indiyəcən Dənizkənarı parkı – yay bulvarını Bakının 1987-ci ildə təsdiqlənən 20 illik baş planında nəzərdə tutulduğu kimi 15 kilometrə çatdıra bilməyən Azərbaycan hökumətinin “Qış Bulvar”ı layihəsi minlərlə insanı gözüyaşlı qoyub.
Burdan köçənlərin, daha doğrusu, köçürülənlərin, paytaxtın ucqarlarına sürgün olunanların ahı, qarğışı yerdə qala bilməz. Bir gecədə hüquq müdafiəçisi Leyla Yunusun evinin daşını daş üstə qoymadılar. Ötən ilin sonlarında vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasovanı polislərin yerlə sürüdüyü kimsənin yadından çıxmayıb. Söküntünü aparan səlahiyyətlilərin döydüyü ana-bala hələ də xəstəxanada müalicə alır – bunu Allah götürməz.
Bu ərazinin çoxlu etirazçı sakinlərini tanıdıb mətbuat, internet əhaliyə. Onların çoxu qadınlardır. Çünki kişilərin cibinə nəşə atdırıb tutduran hökumət yenə qadınlara qarşı nisbətən mülayim davranır. Odur ki, qüvvələri bərabər olmayan döyüşə qadınlar qatıldı. Mirzəağa Əliyev küçəsinin bir “qəhrəmanı” vardı – Şirinbacı Rzayeva. Kimsədən çəkinmədən, qorxmadan bütün etiraz aksiyalarında öndə gedərdi, kim sussa da, o susmazdı. Kim sonrasını düşünüb sözünü yarıda saxlasa da, o saxlamazdı. Heydər Əliyev sarayının arxasındakı evlərin sökülməsinə başçılıq edən BŞIH-nin nümayəndəsi Zülfəli Ismayılovdan yanıqlıydı. “Zülfəli moy! Ya eqo ubyu”- demişdi Şirinbacı xanım. Hacıbala Abutalıbovu yanamışdı. “Ölərəm, evimdən çıxmaram”- deyirdi köhnə bakılı xala. Oğlu – bəstəkar Əlirza Muxtar hətta mülkiyyət hüquqları pozulan insanlardan bəhs edən “EvroMarş” sənədli filminin qəhrəmanına çevrilmişdi. Ictimai Palatanın aprelin 22-də keçirdiyi mitinqdə Şirinbacı Rzayeva od püskürdü. Ağrısını, acısını tökdü, tələblərini dilə gətirdi. “Haqqımızı tapdamayın, buna haqqınız yoxdur. Mənim kiçik daxmamda niyə gözünüz qalıb, nə istəyirsiz məndən. Mən ki, sizdən heç nə istəmirəm”- dedi. Amma dedikləri ona baha başa gəldi. 23-ü səhəri ailəsi, əşyaları evin içində ola-ola Şirinbacı xalanın evini sökdürdü həmin Zülfəli Ismayılov. Göstəriş yuxarıdan gəlmişdi, qərar ayağını bərk dirəmişdi. Hər şey elə qəfildən, gözlənilmədən baş verdi ki, ailə çaşqınlıq içində qaldı. Hakimiyyət öz gücünü göstərdi. Yarım saatın içində əşyalar maşına daşındı, elə bil heç bu ailə burda yaşamayıbmış. Elə bil Mirzəağa Əliyev 193, mənzil 2 yerli-dibli yoxuymuş. Qorxutdularmı, şirin vəd verdilərmi, hər nəydisə sındırdılar Şirinbacı xanımı. Mən onun gözündəki həyəcan, hikkə dolu qorxunu internetdə izlədiyim videoda gördüm. Bu, hər zamankı Şirinbacı xanım deyildi. Arzusu gözündə qalmışdı – Abutalıbovun cəzasını verməmişdi. Vədini yerinə yetirə bilməmişdi – Zülfəli Ismayılovu “öldürməmişdi”. Amansızlar qadına aman vermədilər. Səsini aldılar. Şirinbacı xala göz yaşları içində tərk elədi uçuq evini. Aprelin 24-də isə burda yeni faciə yaşandı – Mirzəağa Əliyev küçəsində söküntü işlərinə cəlb olunan “KamAZ” bir qadını vurdu, ayaqlarını parça-parça elədi. Indi o “KamAZ”-ın sürücüsünü tutacaqlar, yazıq oldu. Zülfəli Ismayılovun cəzasını o çəkəcək. Amma bu son olacaqmı? Şirinbacı xalaların ahı uzun müddət buralarda qalacaq. Sonra onun, onların ruhu dolaşacaq “Qış Bulvar”ını. Minlərlə insanın gözü qalan yerdə salamatçılıq, bəxtəvərlik uzun sürməz. Sürməz!
“Eurovision” səni də evsiz-eşiksiz qoydu Şirinbacı xala. Sənin bunlara gücün çatmaz, necə ki çatmadı. Salamat qal, qəhrəman qadın! Özündən muğayat ol!
Aydın