Rövnəq Abdullayev xanımları təhqir etdi

«Onlar xüsusi öyrədilmiş insanlardır»

ARDNŞ prezidenti R.Abdullayev ölkədə aparılan total söküntülərlə bağlı nə düşündüyünü efirdən izhar edib. Neft Şirkətinin prezidenti Sulutəpədə evləri sökülən qadınları “xüsusi öyrədilmiş qadınlar” adlandıraraq onların möhtəkir qruplar tərəfindən ora göndərildiyini bildirib.
Bununla ARDNŞ prezidenti hansısa möhtəkir qrupların mövcudluğuna işarə vurmaqla birgə, xanımlar barədə etikadan uzaq davranıb.
Hüquqşünas Qurban Məmmədov məsələyə şərh verərək R.Adullayevin xülyadan ibarət fikirlərini əsassız adlandırdı: “Bundansa R.Abdullayev gördüyü işə diqqət etsin ki, qoçu dəstələrini göndərib camaatın evini dağıdır. Heç bir məhkəmə qərarı, sənədi olmadan insanların evini başına uçurur. Özbaşınalığın da həddi var. Bu hərəkət onu göstərir ki, Azərbaycanın demokratik dövlət olmasından danışmağına dəyməz. Anarxiyanın baş alıb getdiyi bir ölkəni necə demokratik adlandırmaq olar?! Azərbaycan qanunların işləmədiyi, məhkəmə qərarının olmadığı özbaşına bir dövlətdir”. Q.Məmmədov R.Abdullayevin hazırda atdığı addımın bir vaxt onun özünün də başına gələcəyi mesajını verdi: “Onun özünün və bu işi edən həmkarlarının evi günlərin bir günü başına uçacaq. O zaman evi haqsız yerə uçurmağın necə əzablı iş olduğunu görəcək”.

Sosial şöbə