İntiqam Əliyev: «Azərbaycanda normal məhkəmə olmadığına və bu ölkədə qanunlar şirma rolunu oynadığına görə onlara riayət edən yoxdur»
Müdafiəçilər işin Sabirabad polisindən alınmasına təkid edir
Kür daşqınları nəticəsində ziyan çəkmiş vətəndaşlara büdcədən ayrılan kompensasiyaların ödənilməsilə bağlı araşdırma aparan və bir neçə gün əvvəl barəsində CM-nin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq, kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırış etmək) maddəsilə cinayət işi başlanan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev vəkili Əlaif Həsənov hələ də onunla görüşə bilməyib. Bu barədə “Azadlıq”a O.Gülalıyevin müdafiəçilərindən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev məlumat verib.
Müdafiəçinin sözlərinə görə, bir qayda olaraq bu cür siyasi çalarlı işlərdə insanları həftə sonu və ya istirahət günləri tuturlar ki, bir neçə gün vəkillə görüşü mümkünsüz olsun. Məhz həmin günlərdə də həbs olunmuş şəxslər pis rəftarla üzləşirlər, onlardan təzyiq yolu ilə “sərfəli” ifadələr alınır, sonra da əleyhlərinə istifadə olunur. Ona görə bu cür hallardan sığortalanmaq üçün bütün normal ölkələrin qanunvericiliyi şəxsə tutulan andan öz seçdiyi vəkillə təmin olunmaq haqqı verir: “Azərbaycan da bu haqqı qanunda nəzərdə tutan ölkələr arasındadır. Amma Azərbaycanda normal məhkəmə olmadığından və bu ölkədə qanunlar şirma rolunu oynadığından onlara riayət edən yoxdur”.
Müdafiəçi deyir ki, O.Güləliyevin barəsində cinayət işi qaldırılandan onun vəkili ilə görüşü təmin olunmalı idi. Amma tutulmasının 6 gün keçir, hələ də vəkilinin onunla görüşü mümkün olmayıb.
I.Əliyev onu da bildirib ki, O.Gülalıyevin vəkili Əlaif Həsənov Sabirabad Rayon Polis Şöbəsində olub, işi aparan müstəntiqlə görüşüb, orderini ona təqdim edib. Lakin müstəntiq O.Gülalıyevlə görüş üçün icazə məktubunu vəkilə verməkdən imtina edib.
“Qanunda vəkilin müdafiə etdiyi şəxslə görüşünə kiminsə icazə verməsini müəyyən edən norma yoxdur. Bu cür normanın mövcudluğu müdafiə hüququ və çəkişmə prinsipinin mahiyyətinə ziddir. Amma Azərbaycanda belə bir praktika var ki, yalnız bu cür məktub olduqda şəxsin saxlanıldığı təcridxananın rəhbərliyi görüşə icazə verir. Təəssüf ki, vəkillər qanunvericiliyə və beynəlxalq müqavilələrə zidd olan bu qaydaya qarşı yetərincə etiraz etmirlər. Biz təbii ki, bu işdə yol verilən çoxsaylı pozuntular kimi bu pozuntudan da şikayət verəcəyik”, – deyə I.Əliyev bildirib.
Müdafiəçilərinin qeyri-rəsmi əldə etdiyi məlumata görə, aprelin 26-da istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədilə O.Gülalıyev yenidən Sabirabada qaytarılacaq. Yeri gəlmişkən, müdafiəçilər işin istintaqının Sabirabad RPŞ-də aparılmasına etiraz məktubunu Baş Prokurorluğa və digər səlahiyyətli qurumlara göndəriblər: “Etiraz belə əsaslandırılıb ki, bu rayonun hüquq-mühafizə orqanlarında ona qarşı açıq-aşkar qərəz var. Çünki o, apardığı monitorinqlərlə rayonun hakimiyyət orqanları, o cümlədən polisi üçün ciddi problemlər yaradırdı, onların rahatlığını əlindən almışdı. Tutulanda, onun polis rəisinin müavini tərəfindən zorakılığa məruz qalmasının kökündə də həm də bu amillərdən qaynaqlanan qisasçılıq dayanırdı”.
Bununla belə, I.Əliyev onu da qeyd edir ki, Azərbaycan kimi qanunun işləmədiyi ölkələrdə işin harada və kim tərəfindən aparılmasının elə bir əhəmiyyəti yoxdur. Amma bu halda, işin Sabirabad polisindən alınması həm də O.Gülalıyevin təhlükəsizliyilə bağlı olduğundan müdafiə tərəfi bu məsələdə təkidlidir.
Aytən Məmmədova