Vaqif Axundovun qanunsuz olaraq işdən çıxardığı Asif Lətifov həbs təhlükəsilə üzləşib; Baş leytenant səfirliklərə müraciət edib
Mətbuatda dəfələrlə Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) korrupsiya faktlarını ifşa etmiş bu qurumun keçmiş zabiti Asif Lətifova qarşı Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycan CM-in 228.1 (qanunsuz silah və döyüş sursatları saxlama, daşıma) və 232.2.3-cü (hədə və vəzifə mövqeyindən istifadə yolu ilə silah və döyüş sursatı tələb etmə) maddələri üzrə ittiham olunur(Turan). Lakin Lətifov bu ittihamları təkzib edir və cinayət işinin saxta olduğunu deyir. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov da Lətifova qarşı ittihamları “tamamilə cəfəngiyyat” adlandırıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, Lətifovun təqsiri ondan ibarətdir ki, 5 mart 2011-ci ildə hava limanında növbətçi ikən o, “AK-762″ avtomatının gülləsini tapıb və onu bilavasitə rəisi olan XDMX-nin ”Betta” dəstəsinin komandiri polkovnik Fikrət Rzayevə təslim etməyib, növbəti gün isə XDMX daxili təhqiqatlar şöbəsinə təqdim edib.
Ələkbər Məmmədov diqqəti Lətifovun karyerasında analoji hadisə olduğuna, 2004-cü ildə onun Nazirlər Kabinetinin damında tapança tapdığına və həmin vaxt iri məbləğdə pul mükafatı aldığına diqqət çəkib.
Hüquq müdafiəçisi qeyd edib ki, Lətifovun cinayət məsuliyyətinə cəlb edilməsi sifarişi XDMX komandirinin müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovdan gəlir, o, yaxın qohumu olan “Betta” dəstəsinin komandiri Rzayevi himayə edir.
Sonda Asif Lətifov bildirib ki, o, baş verənlərlə bağlı ölkədə fəaliyyət göstərən səfirlikləri məlumatlandırıb.