“Bandotdel” rəisi işgəncə iddialarını böhtan adlandırdı

Mehman Əliyev: «Jurnalistin hüquqlarının ilk gündən pozulması onun sözlərinin həqiqət olduğunu göstərir»

Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu idarənin təcridxanasında işgəncələrə məruz qaldığını bildirən jurnalist Zaur Quliyevin dediklərinə münasibət bildirib. M.Seyidov “Media forum”a açıqlamasında Z.Quliyevin dediklərini böhtan adlandırıb: “O, boş-boş danışır. Ona heç bir işgəncə verilməyib. O, nə döyülüb, nə söyülüb, nə də təhqir olunub. Tam qətiyyətlə deyirəm ki, belə bir hal olmayıb və ola da bilməz”.
M.Seyidov bildirib ki, cinayət törədən hər bir şəxs öz əməlinə görə cəzasını çəkir: “Amma başqa şey qətiyyən olmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi haqda belə məlumatların yayılmasının arxasında müəyyən qüvvələr dayanır. Kimlərsə idarəmiz haqda mənfi informasiyaların yayılmasında maraqlıdır”.
Polis general-mayorunun sözlərinə görə, Idarədə saxlanma şəraiti bütün standartlara cavab verir: “Şərait çox gözəldir. Ondan əvvəl burada yüzlərlə insan saxlanılıb. Niyə onlar indiyədək saxlanma şəraitindən giley etməyiblər?”.
M.Seyidov həmçinin qeyd edib ki, Z.Quliyevi dindirməyib, onun dindirilməsində iştirak etməyib: “Çünki bu mənim işim deyil”.
“Azadlıq” qəzetinə açıqlamasında Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Zaur Quliyevin bu açıqlamasını uydurma adlandırıb: “Ictimai diqqəti özünə cəlb etmək, diqqəti törətdiyi əməldən yayındırmaq istəyir. Ittihamların heç birinin hüquqi əsası yoxdur. Haqqında söhbət gedən idarənin təcridxanası ən müasir tələblər səviyyəsində qurulub. Saxlanılanlar üçün orada hər cür  şərait var. Bu şəxsin indi belə bir iddiaya düşməsi qəribədir. Çünki bu vaxta qədər onun tərəfindən belə iddilar olmamışdı. Onun dedikləri böhtan və yalandan başqa bir şey deyil”.
Hüquq müdafiəçisi E.Fətullayevin məsələ ilə bağlı Ramil Usubova müraciət etməsinə və hələ də cavab ala bilməməsinə gəlincə, O.Mansurov DIN-ə belə bir müraciətin daxil olub-olmadığı barədə məlumatının olmadığını bildirdi. Lakin o, nazirliyə daxil olan bütün müraciətlərə baxıldığını və qanunun müəyyən etdiyi müddət ərzində cavab verildiyini deyib.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, jurnalistin müdafiə hüququnun ilk gündən pozulması, vəkili ilə görüşüb baş verənlərə aydınlıq gətirməsinə imkan verilməməsi onun sözlərinin həqiqət olduğu qənaətini yaradır: “Əvvəldən bu adam vəkillə təmin olunmadı. Konstitusiyanın ona verdiyi haqlardan istifadə edə bilmədi. Hüquqları kobud şəkildə pozuldu. Bu işdə xeyli sayda pozuntular var. Indi deyirsə ki, işgəncə verilib, buna da inanmaq olar. Ilk gündən vəkili olsaydı, belə söhbətlər də olmayacaqdı. Günah özlərindədir. Həmin o idarə məsuliyyət daşımalıdır. Mən təəccüblənirəm ki, nə prokurorluq, nə də digər orqanlar insanların hüquqlarının bu dərəcədə kobud şəkildə pozulmasına reaksiya vermir”.
Xatırladaq ki, Qubada baş vermiş məlum olaylarla bağlı həbs edilmiş jurnalist – “Xəyal TV”nin əməkdaşı Zaur Quliyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində məruz qaldığı işgəncələrlə əlaqədar “Insan Haqları Uğrunda” Ictimai Birliyinə müraciət göndərib. Birliyin sədri Eynulla Fətullayevin sözlərinə görə, o da öz növbəsində məktubdakı şikayətlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin Usubova ünvanlanan müraciət bu günə kimi cavabsız qalıb. Z.Quliyev başına gələnlərlə bağlı məktubunda göstərib ki, martın 13-də onu və Vüqar Qonaqovu, həmçinin icra başçısının çıxış etdiyi tədbiri çəkmiş Yusif Lazımovu Quba rayon Prokurorluğuna aparıblar. Orada onu xeyli dindiriblər, psixoloji təzyiq göstəriblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində isə onu mənəvi-psixoloji, həmçinin fiziki işgəncələrə məruz qoyublar. Jurnalist bildirib ki, tək qorxusu yenidən  “Bandotdel”ə aparılıb onunla qeyri-insani rəftar etmələridir. Z.Quliyev hazırda Bakı Istintaq Təcridxanasında saxlanılır.