“Azad Avropa”dan İctimai Palataya böyük diqqət

Palatanın fəaliyyəti və keçirdiyi mitinqlər barədə radioda geniş məqalə dərc olunub

“Azadlıq” radiosunun ingilis dilli buraxlışı “Radio Free Europe”də İctimai Platanın fəaliyyəti, keçirdiyi 8 və 22 aprel mitinqləri barədə məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyəti 2006-cı ilin noyabrından bu yana – İlham Əliyevin ikinci dəfə prezident postunu tutmasından öncə – sərt şəkildə məhdudlaşdırdığı sərbəst toplaşmaq azadlığını Bakıda keçiriləcək “Eurovision” musiqi yarışması ərəfəsində nisbətən yumşaltdı. Müxalifətin tanınmış simalarının birləşdiyi Demokratiya Uğrunda Vətəndaş Hərəkatı – İctimai Palata adlı qurum bu fürsətdən istifadə edərək iki kütləvi etiraz askiyası keçirdi. Aksiyaya qatılanlar İlham Əliyevin istefasını, azad və ədalətli seçkilərin keçirilməsi tələbini səsləndirdi.

“İctimai Palata 2010-cu ilin noyabrından keçirilən parlament seçkilərində “mandat qazana bilməyən” müxalif partiyalar və ictimai fəallar tərəfindən formalaşdırılıb. Ölkənin keçmiş baş naziri Pənah Hüseynin fikrincə, İctimai Palata kölgə parlamenti funksiyasını həyata keçirir. Qurum həmçinin mövcud rejimə müxalif olan bütün qüvvələrin birliyinə can atır. AXCP lideri Əli Kərimli “millətçilər, ateistlər, solçular – dəyişiklik istəyən bütün qüvvələr bizimlədir” demişdi”, – deyə “Radio Free Europe”dəki məqalədə vurğulanır.

Dəyişiklik üçün yol xəritəsi

Məqalədə İctimai Palatanın hazırladığı yol xəritəsindən də bəhs olunur: “Pənah Hüseyn İctmai Palatanın təklif etdiyi dəyişiklikləri özündə ehtiva edən “Demokratiyaya dinc keçid” adlı yol xəritəsini hazırlayıb. Sənəd 2011-ci ilin mayında təqdim olundu və 3 ay ərzində müəyyən dəyişikliklərlə mükəmməl vəziyyətə salındı. Üçmərhələli dəyişikliklərə məruz qalan plan iqtidar-müxalifət dialoqunun baş tutması, islahatların keçirilməsi, siyasi məhbusların azad olunması, sərbəst toplaşmaq və mətbuat azadlığına qoyulan məhdudiyyətlərin aradan qalrıdılmasını təklif edir. İkinci mərhələ islahatlar, yeni parlament seçkilərinin baş tutmasını təklif edən konstitutsiya dəyişikliklərinin həyata keçirilməsi üçün şuranın yaradılmasını nəzərdə tutur. Üçüncü mərhələdə hakimiyyətin legitimliyi məsələsi gündəmə gətirilib. 2013-cu il prezident seçkilərindən öncə parlament seçkilərinin keçirilməsi təklif olunur”.

Əliyevin istefası gündəmə gəldi

Yol xəritəsinin və orada göstərilən təkliflərin Azərbaycan hökuməti tərəfindən rədd edildiyi qeyd olunan məqalədə daha sonra deyilir: “Sənəd Azərbaycan parlamentinə təqdim olundu. Lakin sənəd parlament tərəfindən qəbul edilmədi. Hakimiyyətin İctimai Palatanın dinc dəyişikliklər təklifini rədd etməsi Müsavat partiyasının lideri İsa Qəmbər tərəfindən sərt qarşılanmışdı. O, bu il yanvarın əvvəllərində İctimai Platanın cari il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsiylə bağlı iclasda etiraz aksiyalarının keçirilməsi və İlham Əliyevin istefasını gündəmə gətirdi. İctimai Palata ilk olaraq siyasi məhbusların azad olunması tələbiylə aksiyalar keçirilməsini planlaşdırdı. Yerli icra hakimiyyəti şəhərin mərkəzində aksiyalar keçirilməsinə icazə vermədi. Lakin bir müddət sonra 8 aprel aksiyasıın paytaxtın kənarında keçirilməsinə icazə verildi. Ayrılan yerin aksiya üçün əlverişli olmaması və yaradılan nəqliyyat problemlərinə baxmayaraq mitinqə 10 min civarında insan qatıldı. Aksiyada çıxış edən Əli Kərimli, İsa Qəmbər və Pənah Hüseyn prezident, hökumət və parlamentin istefaya getməsini tələb etdi. Bu tələblər mitinqin bəyannaməsində öz əksini tapmadı. Bəyannamədə siyasi məhsuların azad olunması, ilin sonuna kimi yeni azad parlament seçkilərinin keçirilməsi, korruspiya və iqtisadi monopoliyanın aradan qaldırılması, təqaüdlərin, müəllim və həkimlərin əməkhaqlarının yüz faiz artırılması tələbləri  öz əksini tapdı. Bundan bir neçə gün sonra İctimai Palata aprelin 22-də yeni kütləvi etiraz aksiyasının keçirilməsi üçün müraciət etdi və icazə aldı. Həmin aksiyaya qatılanların sayı 10 min nəfərə çatdı. Bakı polisi bu rəqəmin 1200 olduğunu bildirdi”.

Xeyirlə şərin mübarizəsi

Aksiyalar zamanı hakimiyyətin mitinqin kütləviliyinin önlənməsi məqsədiylə törətdiyi maenələr də “Radio Free Europe”dəki yazıda göstərilir: “Yenə də aksiya iştirakçıları mitinqin keçirildiyi əraziyə getmək üçün nəqliyyat problemləri ilə üzləşdi. Onlar polislər tərəfindən metalaxtaran alətlər tərəfindən yoxlanıldı. Təhlükəsizlik qurumları mitinqi yaxından izlədi. Kütləyə müraciət edən Əli Kərimli və İsa Qəmbər xalqın etimadını itirən ölkə rəhbərliyinin hakimiyyətdən uzaqlaşmalı olduğunu bildirdi. Qəmbər çıxışında hakimiyyətlə müxalifət arasındakı mübarizəni “xeyirlə şərin mübarizəsi” adlandırdı. Kərimli isə hakimiyyəti “hər addımda qanunları pozmaqda” günahlandırdı. Digər çıxışçılar arasında evləri sökülənlərin nümayəndələri də var idi. Mitinq zamanı gənclər müxtəlif şüarlar sələndirdi və plakatlar qaldırdı. Mayın 6-da İctimai Palatanın növbəti mitinqinin keçiriləcəyinə dair məlumat verildi. Bununla yanaşı “Eurovision” yarışmasını izləmək üçün Bakıya gələcək xarici jurnalistlərə Azərbaycanda baş verənləri, ölkədəki real siyasi-iqtisadi vəziyyəti çatdırmaq üçün mətbuat mərkəzinin yaradılması da nəzərdə tutulur.

Siyasət şöbəsi