Avropa Ittifaqının və AŞPA prezidentinin rəsmi Bakıdan tələbi var
Aprelin 18-də Sulutəpədə baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq törədilməsi) cinayət işi qaldırılıb. Cinayət işinin istintaqını Binəqədi Rayon Polis idarəsi aparır.
Müstəntiq Kərim Xələfov Turan-a bildirib ki, istintaq işləri intensiv olaraq davam etdirilir, iş üzrə 10 ekspertiza təyin edilib, zərərçəkənlərin dindirilməsi davam etdirilir.
Onun sözlərinə görə, jurnalist Idrak Abbasov da xəstəxanadan çıxandan sonra dindiriləcək: “Idrak Abbasov hadisə zamanı xəsarət alıb. Istintaq onu zərərçəkmiş kimi tanıyacaq”.
Müstəntiqin şərhindən belə başa düşmək olar ki, hakimiyyət həmişəki kimi jurnalisti amansızcasına döyənləri tapıb cəzalandırmağa tələsmir. ARDNŞ-nin nümayəndəsi Eldar Orucov bildirib ki, baş verənləri araşdırmaq üçün komissiya yaradılıb. Onun sözlərinə görə, şirkət jurnalisti döyən şəxslərin cəzalandırılmasında maraqlıdır.
Avropa Ittifaqının Azərbaycan nümayəndəliyi jurnalist Idrak Abbasovun döyülməsini pisləyib. Nümayəndəliyin bəyanatında deyilir ki, bu, Azərbaycanda jurnalistlərin təzyiqə məruz qalmasına nümunədir və media azadlığını təmin etmək üçün ölkənin götürdüyü öhdəliklərə ziddir. Avropa Ittifaqının Azərbaycan nümayəndəliyi hakimiyyəti hadisəni səmərəli şəkildə araşdırmağa, bu iş üçün məsuliyyət daşıyan günahkarları məhkəmə prosesinə cəlb etməyə, Azərbaycanda jurnalistlər üçün işçi mühitin təzyiq və hədə-qorxudan azad olmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
Dünən AŞ PA prezidenti Jan Klod Minyen də Azərbaycanda jurnalistlərin zorakılığa məruz qalması faktına münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasına əvvəllər də reaksiya verib, indi də belə halları pisləyir: “Avropa Şurası belə faktları yalnız pisləyə bilər. ”Eurovision” müsabiqəsi ərəfəsində Avropa Şurası Azərbaycan hakimiyyətini müsabiqəni işıqlandırmağa gələcək jurnalistlərin, həmçinin yerli jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır. Biz rəsmi Bakını qanuna və qaydalara riayət etməyə çağırırıq, bu, çox vacibdir”.
Insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Klinik Tibbi Mərkəzdə jurnalist Idrak Abbasova baş çəkib. I.Abbasov Ombudsmana deyib ki, onu Dövlət Neft Şirkətinin əməkdaşları döyüb, polis əməkdaşları isə hadisə zamanı hər hansı bir zorakılığa yol verməyib. Jurnalist xəstəxanadakı vəziyyətdən və ona münasibətdən razı olduğunu bildirib.
E.Süleymanova mərkəzin baş həkimi Tərlan Bəbirovdan Idrak Abbasovun səhhətini xüsusi nəzarətdə saxlamağı xahiş edib.
Ombudsman söyləyib ki, Sulutəpə qəsəbəsində baş vermiş hadisə diqqət mərkəzindədir və hazırda araşdırılır. O, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün daxili işlər naziri və baş prokurora müraciət etdiyini bildirib: “Binəqədi Rayon Polis Idarəsi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açıb, istintaq aparılır”.
Xatırladaq ki, I.Abbasov Sulutəpə qəsəbəsində evlərin sökülməsi ilə bağlı çəkiliş apararkən Neft şirkətinin işçiləri onun kamerasını əlindən alaraq sındırıblar və özünü döyüblər. Hadisə yerində olan daha bir neçə jurnalist zorakılığa məruz qalıb.