Natiq Əliyev Rövnəq Abdullayevi çətin vəziyyətə saldı

“ARDNŞ prezidenti kimi sərəncamım olub ki, şirkətə lazımsız torpaqlar Bakı Şəhər İcra Hakimiyyətinə verilsin”

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) keçmiş prezidenti, sənaye və energetika naziri Natiq Əliyev şirkətə məxsus torpaqlarda qanunsuz tikililərin aparılması məsələsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, N. Əliyev ARDNŞ-ə rəhbərlik etdiyi dövrdə şirkətə məxsus torpaqlarda qanunsuz tikintilər aparılmadığını bəyan edib. “Bu qanunsuz evlərin mənim dövrümdə tikilməsi barədə səslənən fikirlər doğru deyil. Biz bununla məşğul olmamışıq. Mənim ARDNŞ prezidenti kimi sərəncamım olub ki, şirkətə lazımsız, qazma və hasilat işlərinin aparılmadığı torpaqlar Bakı Şəhər Icra Hakimiyyətinə verilsin” – deyə nazir qeyd edib.
ARDNŞ-in daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft quyularının mühafizə zolağında tikilmiş qanunsuz evlərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəməyə təqdim edilib. Indiyədək 2 444 iddia ərizəsi üzrə məhkəmə işi yekunlaşıb.
ARDNŞ-in indiki prezidenti Rövnəq Abdullayev bu problemin yaranmasında əvvəlki rəhbərliyi ittiham etmişdi. Lakin sonradan vaxtilə Quruda Neft və Qazçıxarma (QNQÇ ) Istehsalat Birliyinin rəhbəri olmuş, hazırda müdafiə sənayesi naziri postunda çalışan Yavər Camalovun 1999-cu ildə Bakı Şəhər Icra Hakimiyyətinə ünvanladığı məktubu ortaya çıxdı. Həmin məktubda bildirilirdi ki, “Bibiheybət” Neft-Qaz Çıxarma Idarəsinin istifadəsində olan torpaq sahələrinin 217.45 hektarında qanunsuz olaraq çoxlu sayda fərdi yaşayış evləri inşa edilərək şəhər salınıb. Zəbt edilən sahələrdə tikintilər altında qalan az həcmli qalıq neft ehtiyatlarının gələcəkdə çıxarılması lazım gələrsə, bu, maili və horizontal quyuların qazılmasıyla mümkün olduğundan, qeyd edilən sahələrin əvvəlki istifadəçisinə qaytarılması məqsədəuyğun sayılır.
Bununla aydın oldu ki, vətəndaşların ev tikdikləri ərazilər əslində lazımsız torpaq kimi BŞIH-nə qaytarılıb. Lakin Rövnəq Abdullayev indi hansısa səbəblərdən bu əraziləri geri almaq istəyir.