«Iran mövzusunun müzakirə olunacağı bəlli idi, yoxsa vaxtını ayırıb Bakıya gəlməzdi»
«Israili yalnız öz təhlükəsizliyi düşündürür, tərəfdaşlarının üzləşəcəyi problemlər onlar üçün önəmli deyil»
Aprelin 22-də Israilin xarici işlər naziri Aviqdor Liberman Bakıya rəsmi səfərə gəlib. Iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunan və bu gün başa çatacaq səfər proqramında prezident Ilham Əliyev, baş nazirin müavini Yaqub Eyyubov, XIN rəhbəri Elmar Məmmədyarov və FHN rəhbəri Kəmaləddin Heydərovla görüşlər nəzərdə tutulub. Danışıqların mövzusu açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə, Bakıda Israil XIN rəhbərinin şərəfinə qəbul keçiriləcək. Libermanın səfəri uzun müddət gizli saxlanılsa da, mətbuata bu barədə məlumat sızmışdı. Bu gizliliyin səbəbi Iranın Azərbaycanla Israil əlaqələrinə mənfi reaksiyasıdır. Iran başda olmaqla bir neçə dövlətin səfəri diqqətlə izlədiyi şübhəsizdir. Maraqlıdır ki, dünən jurnalistlər üçün brifinq zamanı Azərbaycan XIN-in rəsmi nümayəndəsi Elman Abdullayev Libermanın səfərinin müstəsna olaraq diplomatik münasibətlərlə bağlı olduğunu və hər-hansı dövlətə qarşı yönəlmədiyini qeyd edib.
“Israil-Azərbaycan münasibətlərinin sürətli inkişafı Iranı ciddi narahat edir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, Libermanın Azərbaycana səfəri iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqələndirilsə də, Bakıda Iran mövzusunun müzakirə olunacağı əvvəlcədən bəlli idi: “Yoxsa, Liberman vaxtını ayırıb yalnız münasibətlərin 20 illiyi və yəhudi icması ilə görüş üçün Bakıya gəlməzdi. Israil xarici işlər nazirinin Bakıya səfərinin Azərbaycandan kənarda böyük diqqətlə izlənəcəyinə şübhəm yoxdur. Bu sırada 3 dövlətin adını çəkmək olar: Iran, Türkiyə və nə qədər qəribə görünsə də Amerika Birləşmiş Ştatları. Israil Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən Azərbaycanın əsas neft alıcılarındandır. Iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq davam edir. Ancaq Iranın və müşahidəçilərin diqqətini daha çox cəlb edən Israil-Azərbaycan hərbi əməkdaşlığıdır. Azərbaycan Israildən 1.6 milyard dollar civarında silah almaq barədə saziş imzalayıb. Rəsmi Bakı bu silahların Irana qarşı yönəlmədiyini, Dağlıq Qarabağ üzərində nəzarəti əldə etmək üçün alındığını daima vurğulasa da, Tehran buna inanmaq istəmir. Israil-Azərbaycan münasibətləri son illərdə sürətlə inkişaf etdiyindən, bu, Iranı ciddi narahat edir. Hətta bu münasibətlərin inkişafına görə Tehran absurd addım ataraq, Azərbaycanın Irandakı səfirini Xarici Işlər Nazirliyinə izahat üçün çağırmışdı. Odur ki, Libermanın bu səfərinin ardından da Azərbaycanın Irandakı səfirinin yenə bu ölkənin Xarici Işlər Nazirliyinə çağırıldığını eşitsəm təəccüblənmərəm”.
“Liberman Türkiyə əleyhdarı kimi tanınır”
E.Şahinoğlu deyir ki, Israillə Azərbaycan arasında artan əməkdaşlıq Türkiyənin siyasi və ictimai dairələrində də diqqətlə izlənilir: “Ankara ilə Tel-Əviv arasında da bütün körpülər yandırılıb və iki ölkə arasındakı münasibətlərin nə zaman normallaşacağı bəlli deyil. Bakıya səfər edən Liberman isə Türkiyə əleyhdarı kimi tanınıb. Onun müavini Dani Ayalon isə bir müddət öncə Türkiyənin Israildəki səfirini özündən alçaq kresloda əyləşdirməklə təhqir etmiş, yəhudi dilində ona qarşı aşağılayıcı ifadələr işlətmişdi. Liberman Bakıya ikinci dəfədir təşrif buyurub. Onun Bakıya birinci səfəri də Israil-Türkiyə münasibətlərinin gərginlik dövrünə təsadüf etmişdi”.
ABŞ-ın hansı marağı var?
Səfərə ABŞ-ın diqqətinə gəlincə, politoloq ehtimal edir ki, Vaşinqtonun da Israillə Azərbaycan arasında artan hərbi əməkdaşlığa dair müəyyən sualları var: “Təsadüfi deyil ki, Israilin Azərbaycanda hərbi baza alması xəbərini ilk dəfə ABŞ-da dərc olunan və rəsmi dairələrə yaxınlığı ilə tanınan ”Foreign Polecy” dərgisi yayınlamışdı. Bu xəbər təkzib olunsa da, sanki Vaşinqton Israilə mesaj yollayırdı ki, Irana hava zərbəsi planını sürətləndiRməsin və bu işə Azərbaycanı qatmasın. ABŞ-ın başı çox qarışıqdır, üstəgəl də noyabrdakı prezident seçkisi. Odur ki, Vaşinqton Irana zərbə məsələsində tələsməməyə üstünlük verir və Tel-Əvivi də buna çağırır”.
“Türkiyə ilə münasibətlərimizdə lazımsız problemlər yarana bilər”
E.Şahinoğlu bildirir ki, Azərbaycan Israillə münasibətləri inkişaf etdirməkdə sərbəstdir. Başqa ölkələrdən ala bilmədiyimiz müasir silahları bu ölkədən əldə edə bilirik. Ancaq Israillə əməkdaşlıqda bir neçə amilə diqqət yetirmək məcburiyyətindəyik: “Birincisi, Israil-Türkiyə münasibətlərinin gərginliyi fonunda Israil-Azərbaycan münasibətlərinin sürətlə inkişafı Bakıya Ankara ilə münasibətlərlə lazımsız problemlər yarada bilər. Hər halda unutmamalıyıq ki, Azərbaycanın strateji müttəfiqi Israil yox Türkiyədir. Ikincisi, Tel-Əvivin Irana hava zərbələri endirməsi Azərbaycanın təhlükəsizliyinə problemlər yaradacaq. Aydındır ki, Israilin Irana hava zərbələrinin ilk qəlpələri Azərbaycana çatacaq. Həm qaçqın axını – humanitar böhranla üzləşəcəyik, həm də Azərbaycana qarşı müxtəlif səpgili təxribatlar artacaq. Buna baxmayaraq, düşünmürəm ki, Liberman və ümumiyyətlə Tel-Əviv Azərbaycanın həssasiyyətləriNI diqqətə alsın. Israilli rəsmiləri yalnız öz ölkələrinin təhlükəsizliyi düşündürür, tərəfdaşlarının üzləşəcəyi problemlər onlar üçün önəmli deyil. Halbuki, Libermana Bakıda izah edilməlidir ki, Türkiyəni görməzlikdən gəlməklə Azərbaycanla münasibətləri inkişaf etdirmək çətindir. Digər tərəfdən, Tel-Əviv Iranla bağlı planlarında Azərbaycanın da üzləşəcəyi problemləri nəzərə almayacaqsa, onda Israil-Azərbaycan əməkdaşlığının ömrü də uzun olmayacaq”.
Gültəkin