Modern.az saytı “Eurovision-2012” Mahnı Müsabiqəsinin ictimaiyyətə tanış olmayan aparıcısı Nərgiz Birk-Petersenin kimliyi haqda məlumat yayıb. Bəlli olub ki, kimli maraq doğuran Nərgiz Birk-Petersen Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin doğma qızıdır.
Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı quran Nərgiz xanım hazırda paytaxt Kopenhagendə yaşayır.
O, Bakıda anadan olub, Xəzər Unversitetini bitirib. Hələ tələbəlik illərində Xəzər Unversiteinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. Daha sonra təhsilini ABŞ-da davam etdirib və huquq təhsili alıb. O, həmçinin bir müddət model kimi çalışıb.
Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib.
Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.
Nərgiz Birk-Petersen bu il yanvarın 25-də “Buta Palace” sarayında “Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasında da aparıcılıq edib. O, ana dili ilə yanaşı, ingilis rus, Danimarka dillərini də bilir…
Onun iki övladı var.