«Türkiyə və Azərbaycan dövləti bu məsələlərin mahiyyəti və perspektivi ilə bağlı mütəxəssislərin həyəcan siqnalını dinləməlidir»
24 aprel bütün dünyada erməni şovinizminin fəaliyyətə keçdiyi bir gündür. Bu gün dünya parlamentlərinin gündəmlərini məşğul edən qondarma erməni soyqırımı iddialarının arxasında əslində nə dayanır? Müsahibimiz “erməni soyqırımı” iddialarını hərtərəfli, o cümlədən, birbaşa Türkiyə arxiv materialları üzərində araşdırmış yazar, “31 Mart” Təşkilatının başqanı Xaqani Ismayıldır.
– Xaqani bəy, son onilliklərdə hər 24 aprel günü erməni gözləntisi, erməni iddialarının qol-qanad açdığı gün kimi yadda qalır. Bir qədər təfsilata varsaq, sizcə, əslində, bu tarix hansı hadisələrlə bağlıdır?
– Bu suallara qısaca da olsa, bir cavab almaq üçün hər şeydən öncə 1915-ci il Türkiyə hadisələrinə gətirən tarixi proseslərə nəzər salmaq gərəkdir. 1914-cü il oktyabrın 18-də erməni könüllü dəstələrinin köməyilə rus qoşunları şərqdən (Doğu Anadoludan), noyabrın 5-də Britaniya, Fransa və müttəfiqləri isə cənub-qərbdən Osmanlı dövlətinə müdhiş bir savaş açmışdılar.
Ixtilaf Dövlətləri (Ingiltərə, Fransa və müttəfiqləri) Çanaqqalaya 41 min ingilis, 79 min fransız olmaqla, yarım milyona yaxın əsgər göndərmişdilər. Təkcə ingilislərdən bu savaşlarda 213 min 980 nəfər canlı itki verilmişdi.
Qafqaz cəbhəsindən hücuma keçən Rusiya qoşunları sırasında vuruşan ermənilərin sayı bəzi qaynaqlara görə 250 min, Birləşmiş Qüvvələr tərəfindən vuruşan ermənilərin sayı isə 50 min nəfərdən çox idi.
Osmanlı dövləti I Dünya Savaşına girdikdən sonra erməni komitələrinin düşmənlə fəal işbirliyi içərisində olduğu və Anadoluda silsilə üsyanlar təşkil etdiyi xəbərləri alınınca, daxili işlər naziri Tələt paşa Ərzurumdan deputat Vartkes Əfəndiyə ermənilərin düşmənlə iş birliyini davam etdirəcəkləri halda, çox şiddətli tədbirlər görüləcəyi barədə xəbərdarlıq çatdırmışdı.
Osmanlı hökuməti səfərbərlik elanından doqquz ay keçənə qədər ermənilərin daxildə fitnə-fəsad və silahlı hücumlarına aşırı humanistlik prizmasından yanaşaraq, dözümlülük nümayiş etdirsə də, Van üsyanı baş verən kimi yaranın cərrahi əməliyyata ehtiyacı olduğu anlaşıldı: bu səbəbdən də 24 aprel 1915-ci il tarixində vilayətlərə və dövlət idarələrinə gizli bir təlimat yollanaraq erməni komitə mərkəzlərinin qapadılması, sənədlərinin müsadirə edilməsi və komitə başçılarının tutulması tələb olunurdu. Yeri gəlmişkən, belə hadisələr Rusiyada baş versəydi, onları törədənlər üçün güllələnmə və ya ömürlük sürgün kimi qərarlar verilərdi.
Ancaq Osmanlı yönətiminin bu tədbiri də yetərli olmadı: çünki komitəçilərə, onların və silahlarının gizlədilməsinə, ərzaqla təmin olunmalarına və s. yerli əhali gizli dəstək verir; jandarm qüvvələri sərhəddəki əməliyyatlara yardım etmək əvəzinə erməni üsyanlarının növbətçisinə, girovuna çevrilmişdi. Nəticədə hökumət (Tələt paşa başqanlığında) ermənilərin müvəqqəti köçürülməsilə bağlı qanuna ehtiyac yarandığını bildirdi və 30 may 1915-ci ildə rəsmi adı “Məclisi-Vükəlanın Təhcir Qərarı” olan müvəqqəti köçürmə qanunu qüvvəyə mindi.
– Ümumiyyətlə, tarixdə buna bənzər hadisələr olubmu?
– Əlbəttə, bu cür köçürmələr müharibə qanunları ilə əsaslandırılır. Vaxtilə Bizans Imperiyası Səlcuqlarla müharibədə öz erməni vətəndaşlarını türklərə satılmağa meylli olduqları üçün içəri vilayətlərə köçürmüşdülər. Eləcə də ABŞ-Yaponiya müharibəsi zamanı qərbdəki yapon vətəndaşlarını ABŞ dövləti ölkəsinin içərilərinə köçürmüşdü. SSRI-nin II Dünya Müharibəsi zamanı Krım tatarlarını, Məhsəti türklərini və Şimali Qafqaz müsəlmanlarını (çeçenləri və s.) Uzaq Şərqə, Orta Asiyaya sürgün etməsi də bu qəbildəndir.
– Sizin bu yaxınlarda yayımlanmış “”Erməni məsələsi” və türk-müsəlman soyqırımı” kitabınızda da göstərildiyi kimi, ermənilərin bu xəyanətkar mövqeyi bir çox rəsmi sənədlərdə də əks olunub.
– Doğrudur. Saysız-hesabsız belə sənədlərdən cüzi bir qismini xatırlamaqla kifayətlənək: Van ələ keçirildikdən sonra 18 may 1915-ci ildə Rus Çarının Bəyazid cəbhəsindəki rus qoşunları komandanına göndərdiyi teleqramda “Van əhalisinə – ermənilərə göstərdikləri şücaətə görə minnətdarlıq” çatdırmaq xahiş olunurdu. Bu, Parisdə çıxan “Tempo” qəzetinin 13 avqust 1915-ci il sayındakı məqalənin mətləbi ilə səsləşir: “Müharibənin əvvəlindən etibarən Aram Manukyan öz dincliyini qurban verib, iş-gücünü ataraq, silah götürüb Vanda üsyana başçılıq elədi. Indi Rusiya bu vilayəti ələ keçirib. Müharibədə özlərini əla göstərən ermənilərə minnətdarlıq əlaməti olaraq, Aramı qubernator təyin etdilər”.
9 fevral 1916-cı il tarixli “Sole de Midi” nəşri isə bu haqda belə yazırdı: “Bizə çatan məlumata görə, müsyö Sazanov Dumada bildirib ki, Vanda Aram Manukyanın başçılığı ilə 10 min erməni bir ay ərzində türk ordusunun qarşısında müqavimət göstərib və hələ ruslar gəlib çıxanadək türkləri geri çəkilməyə vadar ediblər. 30 min erməni Sasun dağlarında 9 aydır ki, ümidsiz mübarizə apararaq rus ordusunun və onlarla birgə Qafqazdan gələcək erməni könüllülərinin hissələrini gözləyirlər. Kilikiyada minlərlə erməni ingilis-fransızların köməyini gözləyir”.
Sazanov özü də bildirir ki, ermənilər bu müharibədə ruslarla Osmanlı Imperiyasına qarşı vuruşur. Sevrdə bu faktı ermənilər özləri də təsdiq etdilər.
Bu səbəbdən də bölgədən köçürülən erməniləri Osmanlının daha təhlükəsiz ərazilərinə – Hama, Hums, Hələb, Rakka, Herek, Havran, Zor, Mosul, Diyarbəkir, Cizrə kimi yaşayış məntəqələrinə və bunlara bitişik bölgələrə yerləşdirdilər. Sərt qış səbəbindən 25 noyabr 1915-ci il tarixindən etibarən köçürülmə müvəqqəti dayandırıldı, daha sonra isə bu tədbirə birdəfəlik son verilməsi, yəni, ermənilərin köçürülməməsi qərara alındı. Köçürülmə zamanı bütün hüquqlar, o cümlədən əmlak hüququ qorunurdu, daha sonra geri qayıdıb öz yerlərində təkrar məskunlaşmağa icazə verən qərar da çıxarıldı və icra edildi. Burada yalnız cinayət törətmiş şəxslər istisna olunurdu ki, onların da xaricə köçmələrinə şərait yaradılmışdı.
– Ermənilərin ildən-ilə şişirdilən “soyqırım qurbanları”nın sayı haqqında nə demək olar?
– Bu şişirdilmiş statistikanı alt-üst etməyin çox sadə bir yolu var: I Dünya Savaşından öncəki beynəlxalq, Osmanlı və erməni kilsəsinin statistikalarını tutuşdurmaq. Bunlardan aydın olur ki, 1914-cü ildə Osmanlıdakı erməni əhalisinin sayı 1 milyon 300 minə yaxın olduğu üçün bütün müharibə illəri ərzində ölən ermənilərin ümumi sayı 300 min nəfəri aşmır. Təbii ki, bu ermənilərin böyük əksəriyyəti Türk Ordusuna qarşı silahlı savaşlarda ölmüşdülər. Kiçik bir qismi köç zamanı ya xəstəlikdən, ya da bəzən yaxınları ermənilər tərəfindən öldürülmüş kürdlərin və türklərin silahlı saldırmalarından həlak olmuşdular. Xatırladaq ki, bununla bağlı sonra soruşdurma aparılmış, minlərlə suçlu bulunaraq məhkəmə hökmü ilə cəzalandırılmış və hətta çoxu güllələnmişdir.
– Sizcə, Türkiyənin ermənilərin soyqırım iddiaları ilə mübarizəsi yetərlidirmi?
– Əlbəttə ki, yox. Həcm məhdudiyyəti səbəbindən təkcə Türkiyə və Britaniya arxiv materialları ilə kifayətlənərək, qənaətimizin səbəblərini açıqlayaq. 30 yanvar 1919-cu ildə Osmanlı dövlətinin Gənctürklər hakimiyyətinin önəmli xadimləri – nazirlər, deputatlar və s. cəmi 27 nəfər tutuqlanaraq qazamata salındılar. 27 aprel 1919-cu ildə Gənctürklərin öncülləri – müttəhim kürsüsündə oturmağa vadar edilmiş sədrəzəm Səid Xadim paşa, Məclis (parlament) sədri Xəlil Əhməd Nəsimi (xarici işlər naziri)… və qiyabi olaraq (iştirak etməyənlər): cənab Ənvər, cənab Camal, doktor Nazim və başqaları barədə məhkəmə prosesi başladı. Prosesin gedişində ingilislər onlar üçün maraq kəsb edən tutuqluları Malta adasına göndərdilər. 16 mart 1920-ci ildə Maltaya yeni bir tutuqlu qrupu da göndərildi. Beləliklə, Istanbulun işğalından sonra ilin sonunadək adadakı türk məhkumların sayı 118-ə çatdı. Onlardan 55-i ermənilərin “deportasiyası ilə bağlı cinayətlər”də (16 nəfər birbaşa cinayəti törətməkdə, 17 vəzifəli şəxs cinayətkar səhlənkarlıqda, 22 nəfər isə qırğınlarla bağlı şübhəli şəxs qismində) ittiham olunurdu. Əslində, bu deportasiya deyildi. Çünki deportasiya – “sınırdışı etmək” anlamına gəlir ki, ermənilərsə ölkədən sınırdışı edilməmiş, sadəcə, həmin ölkənin daxilinə, sorun yarada bilməyəcəkləri yerlərə köçürülmüşdü, həm də müvəqqəti olaraq “bütün bunlar da Təhcir Qanununda öz əksini tapmışdı.
Sual yaranmışdı: bu məhkumları kim və necə mühakimə edəcək? Ən uyğun görünən Ingiltərə Krallıq prokuroru idi və 10 iyul 1919-cu ildə Londona bu haqda kağız da göndərdilər. Krallıq prokurorunun təklifinə əsasən, “deportasiya” ilə bağlı cinayətlər Sevr müqaviləsinə daxil edildi.
Ancaq məsələ bununla bitmirdi: istər Ingiltərə Krallıq prokuroruna, istərsə də uluslararası məhkəmədə mühakimə olunanların günahları barədə sübutlar tələb olunurdu. Ingiltərə Krallıq prokuroru 8 fevral 1921-ci il tarixli məktubu ilə zəruri sənədlərin toplanıb ona təqdim edilməsini tələb etdi.
Istanbuldan göndərilən kağızlar elan olunan ittihamlara cavab vermirdi. Çünki bu kağızlar agent danosları xəbərçilik, şeytançılıq, çuğulluq, şayiə və buna bənzər başqa “sübutlar” idi. Istanbul Yüksək Komissarlığı erməni və yunanların istənilən donosu ilə, sübutsuz-filansız kütləvi həbslər həyata keçirmişdi. Heç bir şahidin belə olmaması ittihamın əsassızlığına dair şübhələri artırırdı.
Krallıq prokuroru 29 iyul 1921-ci ildə bu məsələni diqqətə almağa məcbur oldu: “…Nə qədər ki, təqdim olunan sənədlər daha inandırıcı sübutlarla təsdiq olunmayıb, Krallıq Prokurorluğu sonuc əldə olunacağına əmin deyil”.
Ingiltərə son imkana əl ataraq, zəruri sənədlərin toplanmasına kömək üçün başqa ölkələrə – ABŞ, Fransa və başqalarına da müraciət etdi. 13 iyul 1921-ci ildə Vaşinqtondakı Ingilis böyükelçisi bu haqda öz ölkəsinə bildirirdi: “Təəssüf edirəm ki, Maltada saxlanan türklərə qarşı istifadə edilə biləcək heç nə tapılmayıb”.
Əldə bu kimi təkzibedilməz dəlillər olduğu halda, Türkiyə rəsmiləri erməni iddialarına ümumi sözlərlə cavab verərək vaxt itirirlər. Türkiyə bu məsələlərin istintaq süzgəcindən keçdiyini, bu səbəbdən də məhkəmə perspektivinin bağlandığını, ona görə də siyasi müstəviyə atıldığını bəyan, şərh etməli, bu istiqamətdə həm türkcə, həm də xarici dillərdə kitablar, sənədli filmlər ortaya qoymalıdır.
Insafən deyək ki, türk alimlərinin çox az qismi də olsa, özü də son onilliklərdə bu sorunla ilgili fundamental araşdırma apararaq təkzibedilməz arqumentlərlə “silahlanıblar”. Bura dünya alimlərinin, o sıradan Azərbaycan tədqiqatçılarının aşkar etdikləri bəlgələri də əlavə etdikdə, möhtəşəm dəlillər külliyyatı alınır. Ancaq bu potensial nə Türkiyə, nə də Azərbaycan dövləti tərəfindən səmərəli istifadə olunur. 1915-ci il hadisələrinin 100 illiyinə ermənilərin tarixi “sürpriz”lər hazırladığı gizli deyil. Ona görə də dövlətlərimiz bu məsələlərin mahiyyəti və perspektivi ilə bağlı mütəxəssislərin həyəcan siqnalını dinləməlidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir