z qaralov

İşçisi Zakir Qaralovu ittiham edir

z qaralovBaş prokuroru qanunsuzluğa görə məhkəməyə verib udan şəxs «Azadlıq»a müraciət etdi

“Hörmətli ”Azadlıq” qəzeti, çox təəssüflər olsun ki, baş prokuror Zakir Qaralovdan etdiyim şikayətlərimə 2 il 10 aydır nə Prezident Aparatı, nə Milli Məclis, nə də fəaliyyətsiz Ombudsman baxır”. 30 il prokurorluqda qüsursuz işlədiyini bildirən Tofiq Ağacanov heç bir dövlət orqanında baxılmayan şikayətini “Azadlıq” vasitəsi ilə ictimailəşdirmək istəyir ki, xalq ölkədə nə baş verdiyini görsün.

Bitmiş bir qohumluğun bəhanəsi

Şikayətçi, eks-prokuror deyir ki, Qaralov şəxsi-qərəzə əsaslanaraq, qanunsuz olaraq ögey qardaşının 18 il bundan əvvəl boşadığı arvadının qardaşını ona qohum hesab edib onun əməllərinə görə Ağacanovu işdən çıxarıb.
Ögey qardaşın 18 il bundan öncəki qaynı isə ADNA-da terror törədən Fərda Qədirovdur.
“Mən Fərda Qədirovu heç vaxt görməmişəm, onunla heç vaxt əlaqəm olmayıb. Bu səbəbdən də onun barəsində və onun törətdiyi cinayət əməlindən də heç bir məlumatım olmayıb.
Qaralov isə qanunazidd olaraq hesab edir ki, F.Qədirov mənim qohumumdur və mən onun şəxsiyyəti barəsində Baş Prokurorluğa məlumat vermədiyimə görə öz vətəndaş və xidməti vəzifə borcumu yerinə yetirməmiş kimi qanun pozuntusuna yol vermişəm. Qanun pozuntusunu əsaslandırmaq məqsədi ilə Qaralov uydurma bir halın olmasını, yəni F.Qədirovun şəxsiyyətinin müəyyən edilməsində istintaqda guya ciddi çətinlik yaranmasını və mənim Fərda Qədirovun barəsində məlumat vermədiyimə görə istintaqa köməklik göstərilməməsini qeyd edib. Bununla da mən guya müstəntiq və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətə yol vermişəm, ona görə də prokurorluq orqanlarından xaric edilirəm”.

Baş prokuror üzərində qələbə

Şikayətçi bildirir ki, Z.Qaralovun işdən çıxarılma haqda əmrinin surətini 2 il 9 aydan artıq müddətdə ala bilmədiyinə görə onu məhkəməyə verir. Nəhayət, 1 saylı Bakı Inzibati-Iqdisad Məhkəməsinin 16 aprel 2012-ci il tarixli qərarıyla həmin əmrin surətinin Qaralovdan alınıb ona verilməsi təmin olunur.
Keçmiş prokuror iddia edir ki, Z.Qaralovun onunla qərəzli münasibətləri və ədalətsizliyi ailələrində böyük itki yaradıb: “Əsassız olaraq işdən kənarlaşdırılmağım 46 yaşlı, heç bir xəstəliyi olmayan, cavan qardaşıma həyəcanlar yaşatdı və o, birdən-birə vəfat etdi. Onun fikrincə, Qaralov məni prokurorluqdan ona görə xaric edib. ”Səni mənə görə işdən çıxartdılar” sözlərini o, həmişə deyirdi. Hazırda fakt üzrə onun yaşadığı Tbilisi şəhəri, Krtsanisi rayon prokurorluğunda araşdırma aparılır”.

Hər şey lap siftədən başlayıb

Baş prokurorun qərəzliliyinin tarixçəsinə toxunan Tofiq Ağacanov bildirir ki, Qaralov Baş prokuror vəzifəsinə təyin olunandan dərhal sonra onun prokurorluq orqanlarından könüllü olaraq öz ərizəsilə getməyi barədə ismarıc göndərir. Ərizə yazmadığına görə Qaralov onu 6 dəfə yoxlatdırır. Ağacanov hesab edir ki, bu yoxlamalar əsassız olub: “Hər dəfə yoxlayıcıların ona təqdim etdikləri arayışlar Qaralovu qane etmədiyi səbəbindən o, təkrarən, yeni tərkibdə (3-4 nəfər) yoxlayıcıları Sabunçu Rayon Prokurorluğuna göndərirdi. Bunu mənimlə həmin vaxt Sabunçu Rayon Prokurorluğunda müstəntiq və prokuror köməkçisi vəzifələrində işləyən, hazırda isə Respublika Baş prokurorluğunda idarə rəis vəzifəsində işləyənlər yaxşı bilir.
6 dəfə təkrar-təkrar yoxlamalar aparılmasına baxmayaraq, yoxlayıcılar fəaliyyətimdə heç bir ciddi qanun pozuntusu aşkar etmədilər. Lakin buna baxmayaraq, Qaralov yoxlayıcıların arayışlarına deyil, onların və rəsmi sənəd olan – rayon prokurorluğunun hesabatlarına zidd, həqiqətə oxşar olmayan, uydurma və mənə heç bir aidiyyəti olmayan qanun pozuntuları və nöqsanlar göstərərək barəmdə qanunsuz və əsassız əmr verdi.
Əmrdə göstərdiyi uydurma faktları tam təkzib edən həmin sənədlərin surətlərini Qaralova göndərməklə və ona müraciət etməklə kifayətlənərək, onun mənə qarşı etdiyi bu qanunsuz və ədalətsiz hərəkətlərindən və əmrindən heç yerə şikayət etməmişdim”.

Işdən çıxmağa vadar etmə

Sabunçu Rayon Prokurorluğundan azad etdiyindən sonra Tofiq Ağacanov 1 il müddətində sərəncamda saxlanılır. Sonra isə ona respublikamızın ən ucqar rayonlarında, (Yardımlı və Lerik, Şahbuz və Ordubad, eləcə də digər rayonlarda)  prokurorluqda ən aşağı vəzifə olan müstəntiq vəzifəsi təklif edilir. O, bu təklifi psixoloji təsir sayır və bildirir ki, burda məqsəd aşağılayıcı təklifə razılıq vermədən onun könüllü prokurorluq orqanlarından getməsinə nail olmaq imiş: “Qaralovun tələbini həmin vaxt Baş Prokurorluğun Kadrlar Idarəsində işləyən, hazırda isə Ədliyyə Nazirliyində çalışan, adını çəkmək istəmədiyim adam mənə çatdırmışdı. Yəqin o, bunu təsdiqləyə bilər”.

10 ildə bir dəfə də  onun qəbuluna düşə bilmədim ki…

“Qaralovun mənə qarşı bu ədalətsiz hərəkətləri barədə Milli Məclisin deputatına, çox hörmətli bir millət vəkilinə müraciət edərək bildirmişdim. Yalnız onun təsirindən sonra Qaralov məni böyük minnətlə Abşeron rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin etdi. Halbuki, məni Sabunçu rayon prokurorunun müavini vəzifəsindən Qaralov qanunsuz azad edəndə, ”aşağı vəzifəyə keçirilməsi” kimi intizam tənbehi tətbiq olunması haqda əmr vermişdi. Məlum olduğu kimi, “rayon prokurorunun müavini” vəzifəsindən sonra aşağı vəzifə “rayon prokurorunun böyük köməkçisi” vəzifəsi nəzərdə tutulur. Buna baxmayaraq, Qaralov məni müstəntiq vəzifəsinə və ən ucqar rayonlarda işə təyin etmək istəmişdi. Bundan sonra da Abşeron rayonunda işləyən zaman, 10 il ərzində mən Qaralovun qəbuluna düşə bilmədim ki, ondan soruşam, məndən nə istəyir. Nə qədər çalışsam da, Qaralov məni qəbul etmədi. Bunu da Baş Prokurorluqda işləyənlərin çoxu bilir”.  

Ombudsman yayınır

Şikayətçi Qaralovun qərəzli münasibətinə çoxlarının tuş gəldiyini deyir: “Bu kimi ədalətsizlik və qanun pozuntusu hərəkətləri nəticəsində vicdanla öz vəzifə borcunu yerinə yetirən prokurorluğun başqa əməkdaşlarının da insan və vətəndaş hüquqları pozulmuşdur”, deyən şikayətçi bildirir ki, PA-ya müraciət etsələr də, şikayətlərinə baxılmayıb, əksinə onların şikayətləri əməlindən şikayət etdikləri Qaralovun özünə göndərilib: “Yəqin ki, prokurorluğun sabiq əməkdaşları mənim bu müraciətimdən sonra öz sözlərini deyəcəklər.
Bütün bunlar dövlət başçısını, PA-nı, eləcə də MM-də Baş prokurorun hesabatına qiymət verən spikeri və millət vəkillərini maraqlandırmırmı?..
Xüsusən onu da qeyd etmək istəyirəm ki, müraciət etdiyim fəaliyyətsiz Ombudsmanın qəbulunda olarkan, “Mən falçı deyiləm ki, qərəzli münasibətlərə baxam”  deyə mənə deyərək, şikayətlərimə baxmadı və “Ombudsman haqqında” Qanunun tələblərini ciddi pozaraq, öz vəzifə borcunu yerinə yetirməkdən qəti yayındı”.

Eşidin…

“Bütün bunları göstərməklə mən fürsətdən istifadə edərək bir daha dövlət başçısına müraciət edirəm. Qaralovun mənə qarşı törətdiyi bu ədalətsizliyin obyektiv araşdırılmasından ötrü müvafiq tapşırıq verməsini, daha ətraflı məlumat verilməsi üçün məni QƏBUL ETMƏSINI, eləcə də Konstitusiyanın müddəalarına əsasən səlahiyyəti çərçivəsində müvafiq təsir – tədbir görməsini xahiş edirəm.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənova 4 dəfə müraciət etməyimə baxmayaraq, bu barədə dövlət başçısına məlumat verilib-verilməməsi haqda mənə heç cavab da verilməyib. Ona 5-ci dəfə müraciət edərək Qaralovun ədalətsizliyi barədə dövlət başçısına məlumat verməsini xahiş edirəm”.

Natiq Güləhmədoğlu