22 aprel mitinqində ən səmimi, ən içdən, gözəl çıxışlardan birini edən və sonda da Ilham Əliyevi istefaya çağıran qadının dünən evinin söküldüyü xəbəri gəldi.
Qətiyyən təəccüblü deyil. Rejimin əxlaqı belə tələb edir. Onu sevməyənlər, onun zoru, zopası, iradəsi ilə hesablaşmayanlar üçün Azərbaycan kirayə evdir – hər an ordan çıxarılmaq, qovulmaq, sərgərdana çevrilmək təhlükəsi var.
Məni maraqlandıran bu iyrənclik qarşısında “”Istefa” şüarının vaxtı keçib, artıq yeni mübarizə üsulları fikirləşmək lazımdır” deyənlərin hansı hisslər keçirdikləri, nə düşündükləridir. Nə oldu, bəs deyirdiniz “”Istefa” şüarı hakimiyyətin yumşaq yerinə də deyil? Bəs deyirdiniz, “”Istefa” şüarı köhnəlib, 90-cı illərdə qalıb, indi belə şüarlarla hakimiyyətin qılını da qıpırdatmaq olmaz?”.
Bəs bu baş verən nədir? Nədir “Istefa!” şüarının hikməti ki, onun sədası qulaqlarımızdan çəkilməmiş Ilham Əliyev buldozerlərini həmin şüarı səsləndirən bir ananın evinin üstünə göndərir?
Niyə hakimiyyət eyni kəskin reaksiyanı, eyni əsəbi, eyni qəzəbi “biz hakimiyyətlə hesablaşırıq, amma razılaşmırıq” deyənlərə də göstərmir, əksinə onları bəsləyir, qoltuğu altına alır?
Niyə “Istefa!” şüarına qarşı öfkənin, hirsin mində birini də “Hakimiyyətlə intellektual mübarizə aparmaq lazımdır” deyənlərə sərgiləmir?
Niyə bu hakimiyyətin repressiyasından, işgəncəsindən bir dəfə də “iqtidarın xarici siyasətini dəstəkləyirik, amma daxili siyasətdə bəzi problemlər var” deyənlər nəsibini almırlar?
Nədir axı “Istefa!” şüarından bunca qıcığın səbəbi, bunca əndişənin səbəbi?
Ən əsası, rejimin ünvanına söylənilən bunca sözlərin içərisində Ilham Əliyev və ətrafını ən çox özündən çıxaran, ən çox aqressivləşdirən, ən çox əsəbləşdirən hələ də “Istefa” sözüdürsə, bəs o necə köhnəlib? Onun 90-cı illərdə qaldığını demək hansı məntiqə və vicdana uyğundur?
VHP-çi gənclər haqqında
Onlar Azərbaycanın azadlığı və demokratikləşməsi uğrunda savaşan gənclik ordusunun ön sıralarındadır. Sayələrində mənsub olduqları partiya yenidən dirçəldi, ictimai rəydə özünə qarşı mənfi münasibəti xeyli dəyişdirdi. Bu öz yerində.
Amma mənim VHP-çi gənclərdə sezdiyim daha bir önəmli özəllik var. Təqdir etmədən keçsəm böyük haqsızlıq olar.
Bilənlər bilir, indiyədək VPH-nin və onun sədri Sabir Rüstəmxanlının tutduğu mövqe üzərinə çox ağır yazılar yazmışam. Həm də dəfələrlə. Həm də bir batman balla yeyilməyəcək qədər sərt, amansız üslubda.
Amma bir dəfə də olduğumuz ortamlarda VHP-çi gənclərin bunu üzümə vurduqlarını, buna ən xırda öfkə, qəzəblə münasibət sərgilədiklərini, bundan qırğınlıqlarını hiss etmədim. Tam əksinə, həmişə onlardan sayğı gördüm.
Azərbaycan kimi lidercanlı, rəhbərsevər bir ölkədə bu, çox dəyərli, hər kəsin örnək alacağı, türklər demiş, “qarşısında şapka çıxarılmalı” özəllikdir, davranışdır. Alqışlanmalıdır.
Demokratiya uğrunda savaşanlara da ancaq bu yaraşır!
Ölkəmin yol həqiqəti
Azərbaycanda korrupsiya ilə çəkilməyən, ayda bir dəfə qazılıb yenidən asfaltlanmayan, həftə səkkiz, mən doqquz çökməyən bircə yol var: Rəsulzadə-Elçibəy yolu.

Bəs deyirdiniz “Istefa!” şüarı köhnəlib?
•
•