Keçmiş baş nazirlə devrilmiş diktator Qərbi Avropa şəhərində məscid qurmağı planlaşdırırmış
Böyük Britaniyanın xüsusi xidmət orqanı “Mİ6” və Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin kəşfiyyat qurumunun “Əl-Qaidə” terror təşkilatının üzvlərini izləmək üçün bir Qərbi Avropa şəhərində radikal məscid qurmağı planlaşdırdığına dair xəbərlər yayılıb. “The Sunday Telegraph” qəzetində “MI6”-nın Londondakı mərkəzindən Qəzzafi rejiminin kəşfiyyat xidmətinin rəhbəri Musa Kusaya göndərilən sənədlərə istinadən yayımlanan xəbərə görə, ortaq əməliyyat İngiltərənin Liviya ilə diplomatik əlaqələr qurmağa çalışdığı dövrdə planlaşdırılıb.
Həmin dövrdə İngiltərənin Qəzzafini kütləvi qırğın silahlarından imtina etməyə razı salmağa çalışdığını yazan qəzet 2004-cü ildə o zamanki Britaniya baş naziri Toni Bleyer ilə Liviya diktatoru arasında müqavilə imzalandığını bildirib. Sənədlərə görə, ortaq əməliyyatda iki casusun təhlükəsizlik səbəbiylə adı açıqlanmayan bir Qərbi Avropa şəhərindəki “Əl-Qaidə” nümayəndəliyinə sızması planlaşdırılırmış. Xəbərdə “Cozef” kod adlı agentin İraqdakı “Əl-Qaidə” liderləri ilə yaxın əlaqədə olduğu deyilir.
“Mİ6”-nın agentin yaşadığı Avropa ölkəsinin rəsmilərinə heç bir məlumat vermədən həmin şəxsi özü üçün işlətməyə başladıb. Xəbərə görə, agent də yaşadığı ölkənin səlahiyyətlilərinə heç bir məlumat verməməsi barədə təlimatlandırılır. Yayılan sənəd Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun 2004-cü ildə liviyalı komandir Əbdülhakim Belhacı Qəzzafi rejiminə qeyri-qanuni yollarla təhvil verməsiylə bağlı başlanan araşdırmalardan sonra açıqlanıb.
“The Sunday Times” qəzetinə danışan Əbdülhakim Belhac bildirib ki, o və həyat yoldaşı ingilis kəşfiyyatının verdiyi məlumata əsasən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən qaçırılaraq əvvəlcə İngiltərənin “Diego Garcia” hərbi bazasına, sonra isə Liviyaya aparılıb. Liviyalı komandir öz ölkəsində və Taylandda işgəncələrə məruz qaldığını söyləyib. Belhac və xanımı Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounu işgəncə, alçaldıcı və insanlıqdankənar rəftar, zorakılığa yardımda günahlandırırlar. Belhac Strouya qarşı qaldırdığı iddianın yalnız bir başlanğıc olduğunu və eks baş nazir Toni Bleyer də daxil olmaqla bu hadisəyə adı qarışan bütün rəsmilərdən şikayət etməyə hazırlaşdığını deyib.
azadliq.info