“Toxunulmaz” mənzillər və cəngəllik qanunu

Yaxud «Ilham Əliyev ədaləti»

Bakı başdan-ayağa söküntü meydançasına bənzəyir. Hər yer sökülür, dağıdılır. Insanlar zorla evlərindən çıxarılır. Etiraz edənlər döyülür, təhqir edilir. Bir sözlə, döyülən də vətəndaşlar olur, mülkü əlindən alınan da, sözünə diqqət yetirilməyən də… Insanlara verilən kompensasiya isə hər kvadratmetrə görə 1500 manatdır. Şəhərin mərkəzində evləri əlindən alınan sakinlər bu pulla heç nə edə bilməyəcəklərini də dilə gətirirlər. Paytaxtda “dövlət əhəmiyyətli obyekt tikilməsi” adıyla bir neçə ünvan yerlə-yeksan olub və hazırda proses sürətlə davam etdirilir.
“Qış bulvarı” adı altına Füzuli, Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçəsinin sakinləri, Ticarət Mərkəzi üçün Neftçilər prospektindəki evlər, ARDNŞ-nin ərazisi olduğu üçün Sulutəpə, Binəqədi, NZS, Balaxanı qəsəbələrində məskunlaşan insanlar evlərindən zorla didərgin salınır. Bu siyahını uzatmaq da olar. Ancaq bizim məqsədimiz başqa mətləblərə göz gəzdirməkdir…


Mülkiyyət toxunulmazdır?
Nazirlər Kabinetinin sonuncu iclasında Ilham Əliyev maraqlı bir məqama toxunub. O bildirib ki, Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir: “Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur”.
Ölkə başçısının dediklərindən açıq-aydın görünür ki, şəhərin mərkəzində evlərin sökülməsi üçün verilən pullar ədalətlidir. Bu azmış kimi, Ilham Əliyev dolayı yolla təsdiq edir ki, sökülən evlər heç bir “dövlət əhəmiyyətli obyekt” adıyla sökülmür. Yalnız şəhərin görünüşü üçün edilir.
Öncə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə diqqət yetirək:
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Birinci və üçüncü bəndlərdə qeyd edilir ki, mülkiyyət heç bir halda dağıdıla, məhv edilə bilməz. Bu, qanunda göstərilsə də, təəssüf ki, yerinə yetirilmir.


Belə kompensasiya ola bilməz!
Biz Ilham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından bir parça verdik. Yazımızın əsas qayəsi ölkə başçısının verilən kompensasiyanın ədalətli olmasını sübut etməyə cəhd göstərməsinə diqqət yetirməkdir.
Həqiqətənmi hər kvadratmetr üçün ödənilən məbləğ ədalətlidi? Bu çıxışa AzTV-nin ekranlarından qulaq asan ucqar bir kənddə yaşayan ahıl insan “çox sağ ol!” deyə bilər. Ancaq indiki bazar qiymətləriylə bu, real sayıla bilməz. Gəlin, misallara diqqət yetirək.
Bir məqama da xüsusi önəm vermək lazımdır. Belə ki, söküntü işlərinə başlanılanda Ilham Əliyev ekran qarşısına çıxaraq bəyan etdi ki, söküləcək evlərə verilən kompensasiyadan əlavə ümumi məbləğin 10%-i də əşyaların daşınması üçün sakinlərə ödəniləcək. Lakin bu deyilənlər söz olaraq qaldı.
“Qış bulvarı” adı altında sökülən ünvanlarda evlərin hər kvadratmetri üçün 1500 manat verildiyi halda həmin əraziyə yaxın yerləşən Səməd Vurğun küçəsində tikilən təzə binada təmirsiz evlərin hər kvadratmetri 2000 manatdan yuxarıdı. Qiymətlər mərtəbədən asılı olaraq dəyişir. Birincidən yeddinci mərtəbəyə qədər olan mənzillər ən baha qiymətə satılır.
Dövlət Statistika Komitəsi ilə üzbəüz “Gilan” Inşaata məxsus binada təmirsiz mənzillər 1 kavdart metr 1700 manatdan başlayır. Düzdür, sözügedən ünvanda kvadratı 130 manata olan mənzillər də satılır, ancaq bu, yuxarı mərtəbələrdə, küncdə və şəhərin mənzərəsinə tamaşa edilə bilməyən mənzillərdi. Bir sözlə, alıcı olmadığı üçün bu cür yerləri 1300 manatdan satırlar.
“Izmir” parkın yaxınlığında da təmirsiz evlərin kvadratmetri 1700 manatdan başlayır. 88 kvadratdan az olmayan mənzillərin mərtəbədən asılı olaraq qiymətlərində qalxma-enmə olur.
Hesablamalara görə, bir kvadratmetrin orta təmiri üçün 150-250 manat arasında pul lazım olur. Deməli, vətəndaşın evi əlindən alınanda o, təmirsiz evdə yaşamağa məhkum olur.


Ilham Əliyevin ədalətindən kənarda qalan mənzillər
Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz tikilən binanın ərazisində beşmərtəbəli “xruşovkalar” idi, orada alimlər yaşayırdı. Indi ərazidə “Gilan Inşaat” hündürmərtəbəli iki bina tikir. Alimlər kirayədə yaşasa da, vəd edilib ki, bir ildən sonra – bina hazır olandan sonra – evləri tikilib sahiblərinə qaytarılacaq. Qalan mənzillər isə satışa çıxarılacaq. Hələ 8 mərtəbəsi hazır olan binada mənzillərin kvadratı 2500 manatdır. Ancaq bina tam hazır olandan sonra baha satılmaq ehtimalı var. Yəni tikinti işləri gedə-gedə mənzil almaq istəyənlər bu məbləğlə razılaşmalıdır.
Əgər bir kvadratı 1500 manatdırsa, deməli, 1 sot 150 min manat edir. Indi şəhərin mərkəzində satışa çıxarılan torpaq sahələrinə diqqət yetirək. “Milyonerlər məhəlləsi” kimi ad çıxaran, metronun “Gənclik” stansiyasının yaxınlığında olan Teymur Əliyev küçəsində torpağın bir sotu 300 min manatdan yuxarı satılır. Deməli, 1 sot torpaq üzərində ev tikən Bakı sakininə Ilham Əliyevin qoyduğu şərtlər əsasında 150 min manat ödəyirlər. O, Teymur Əliyev küçəsində təkcə torpaq sahəsi üçün ən azı 300 min manat ödəməlidir. Yaxud 2 sot torpaq üzərində tikdiyi evinin sökülməsi nəticəsində aldığı kompensasiyadan sözügedən ünvanda 1 sot boş torpaq almalıdır. Hələ bu torpağın üstündə tikəcəyi evin pulunu demirik.
Hələ biz Nizami küçəsində (“Tarqovı”), metronun “Sahil” və “Içərişəhər” stansiyalarının yaxınlığında yerləşən torpağın sotunu demirik. Sözgedən ərazilərdə bir sot torpaq yarım milyon manatdan aşağı deyil.
Tbilisi prospektində yerləşən “Avropa” hotelinin arxasında olan torpaqların sotunun qiymətisə kəllə-çarxa çıxıb.
Iran – nümunə götürüləsi ölkə
Kimsə bu yazını oxuyub deyə bilər ki, evlərindən çıxarılanlar şəhərin mərkəzində yox, başqa ünvanda mənzil alsınlar. Ancaq bir şeyi unutmaq olmaz ki, insanlar şəhərin mərkəzində yaşayırlar. Nədən evlərini tərk edib, ucqar bir ünvana köçməlidirlər?! Ilham Əliyevin yaşıllıq və park üçün imzaladığı sərəncamlara görəmi? Insanlar öz evlərindən çıxarılırsa, bu, sivil qaydada olmalıdır, daha qoçu dəstələrinin, qoluzorluların hücumları ilə yox.
Mülkiyyət toxunulmazdır. Toxunulmaz olduğu üçün onu sökmək, traktor ağzına vermək olmaz. Bəyənmədiyimiz Iranda belə, mülkiyyətə xüsusi diqqət yetirilir. Əgər qonşu ölkəmiz hər hansı bir tikili üçün ərazidəki evləri sökməyi planlaşdırırsa, mülkiyyətçi ilə danışığa girir. Hətta iş o yerə gəlib çatır ki, bazar qiymətlərindən yüksək məbləğdə pul təklif edilir. Əgər ev sahibi buna da razı olmursa, onda onun evi toxunulmaz olaraq qalır. Indinin özündə də Iranda onlarla ev var ki, parkın içindədir. Parkın tikilməsi üçün evini satmayıb, nəticədə ərazidə dövlət öz işini görüb və onun mənzili parkın ortasında qalıb. Bu cür misalların sayı-hesabı yoxdur. Avropa ölkələrində də mülkiyyət toxunulmazlığı qorunur və ölkələrin qoşulduğu beynəlxalq konvensiya ilə də təsbit olunur. Azərbaycan da bu beynəlxalq konvensiyalara qoşulub, di gəl, Konstitusiyanın 13-cü maddəsinə əməl etmədiyi kimi, buna da diqqət yetirmir.
***
Makiavelli deyir ki, insanlar atalarının öldürülməsi ilə barışır, mülkiyyətlərinin əllərindən çıxmasıyla yox. Yunan filosofu Pifaqorun fikrincə, mülkiyyəti olmayan vətəndaşın vətəni yoxdur!
Nəticəni özünüz çıxarın, kimsə mülkiyyətinin əlindən çıxmasıyla barışmayacaq, kimsəyə də bu vətəndə yer olmayacaq…

Ramin DEKO