Əsəd ailəsinə dəbdəbəli həyat qadağası

Avropa Birliyi Suriya rejiminə qarşı 14-cü sanksiya paketini qəbul etdi

Suriyada gərginlik davam edir. BMT müşahidəçiləri Həma şəhərinə baş çəkdiyi bir arada Bəşər Əsədə sadiq əsgərlər monitorinqlərdən kənarda qalmış şəhərlərdə və qəsəbələrdə etirazçılara qarşı əməliyyatlar keçirib. Yerli Koordinasiya Komitələri hökumət qüvvələrinin ölkə ərazisində azı 20 nəfəri qətlə yetirdiyini bildirib. Dövlət kanalı BMT silahsız müşahidəçilərinin Həma monitorinqi və onların şəhər icra başçısı ilə görüşü haqqında xüsusi reportaj yayımlayıb.

Həvəskar görüntüdə BMT zabitlərinin Rəstan şəhərinə baş çəkdiyi görünür. Kadrlarda müşahidəçi heyətinin başçısı polkovnik Əhməd Himişe və mavi başlıqlı digər zabitlər Azad Suriya Ordusunun zabitləri ilə söhbətləşir. Həmin vaxt etiraz edən Rəstan sakinləri “Xoş getdin Əsəd”, “Xalq hakimiyyəti devirmək istəyir” kimi hökumət əleyhinə şüarlar səsləndirdib.

Bundan başqa ötən gün Lüksemburqda Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirləri Suriya hakimiyyətinə qarşı 14-cü sanksiyalar paketini qəbul edib. Yeni sanksiyalar paketi Avropadan Suriyaya dəbdəbəli həyat predmeti olan malların ixracına qadağa qoyulmasını və bu ölkədə daxili repressiyalar üçün istifadə edilə biləcək hər növ təchizatın qadağa siyahısının genişləndirilməsini nəzərdə tutur.

Dəbdəbəli həyat predmetləri siyahısı bundan sonra dəqiqləşdiriləcək. Həmin qadağar Suriya diktatoru Bəşər Əsədə və onun xanımı Əsma Əsədə simvolik zərbə vurmaq məqsədi daşıyır. Bununla da, Bəşər Əsəd və xanımının ölkədə davam edən şəraitdə belə dəbdəbəli əşyalara olan həvəslərindən əl çəkməmələrinə işarə vurulur.