Koray Tarqay: «Nümayişçilərə fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır»
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay APA-ya müsahibəsində Ictimai Palatanın aksiyalarından və kütləvi aksiyalar üçün ayrılan yerlərdən də danışıb.
“Beş ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların keçirilməsi üçün yer hər iki tərəf arasında razılaşdırıldı. Ikincisi, aksiyalar problemsiz keçdi. Ictimai aksiyalarda məqsəd fikirləri insanlara açıqlamaqdır. Boş ərazinin ortasında 300-500 nəfər toplaşıb nə deyir desin, effekti olmayacaq. Nümayişlərdə məqsəd fikirlərini kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər, ya bəyənməz, onun öz işidir. Düşünürəm ki, gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin mərkəzində və bəzi yollarında tikinti işləri başa çatandan sonra bununla bağlı da müəyyən qərarlar qəbul ediləcək. Düşünürəm ki, nümayişçilərin öz fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır. Əgər insanlar yıxıcı, etikadan kənar məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə, buna izn vermək gərəkdir.