AŞPA sədrindən Azərbaycan hakimiyyətinə çağırış

“Jurnalistlərin təhlükəsizliyini təmin edin”

“Mən əvvəllər də Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasına reaksiya verirdim, indi də belə halları pisləyirəm”, deyə AŞPA prezidenti Jan Klod Minyen bazar ertəsi Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AŞ belə faktları yalnız pisləyə bilər. “Eurovsion” müsabiqəsi ərəfəsində AŞ Azərbaycan hakimiyyətini müsabiqəni işıqlandırmağa gələcək jurnalistlərin, həmçinin yerli jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır.

“Biz rəsmi Bakını qanuna və qaydalara riayət etməyə çağırırıq, bu, çox vacibdir”, deyə o qeyd edib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyəti haqqında suala cavab verən AŞPA sədri hələlik konkret qərar qəbul edilmədiyini deyib.

“Bu məsələni araşdıracağam və Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri ilə bəlkə ayrı-ayrılıqda, bəlkə də birlikdə görüşəcəyəm”, deyə o bildirib.

Minyon həmçinin bildirib ki, münaqişə ilə bağlı vəziyyəti müzakirə etmək üçün ATƏT MQ-nin fransalı həmsədri ilə görüşmək niyyətindədir.

“Alt komitənin fəaliyyəti məsələsinin AŞPA-nın hazırki sessiyası zamanı həll edilməsini istərdik”, deyə Minyon bildirib.

Xatırladaq ki, AŞPA-da Qarabağ üzrə alt komitə bir neçə il əvvəl yaradılıb, amma onun işi səmərəli olmayıb. AŞPA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti alt komitənin iclaslarında iştirak etməyəcəyini bildirib.