Mətbəx, toyxana və prezident

İlham Əliyev mediadan gen gəzən prezidentdir. “Biz ümummilli liderimiz Heydər Əliyevin yolunu davam etdirirk” – deyib sağ əlini yuxarı qaldırmağı, bu pafoslu cümləni tez-tez təkrarlamağı sevən oğul Əliyev yerli mətbuata atası qədər açıq deyil. Istər Kür daşsın, istər Xəzər, istər Bakı sürüşsün, istər Davos, Ilham Əliyev Qənirə Paşayevasız qalan teleməkanın bircə reportyorunun bircə salamat sualını cavablandırmaz. Görməzlikdən, eşitməzlikdən keçər. Çünki o “yerli”, “milli” məsələləri heç sevməz. Bunun izahı var.
Bilmək olmaz, kim ondan nəyin haqq-hesabını çəkmək istər, adam məəttəl qalar. Kim verilən cavabı neçə yerə yozar, işin içindən iş çıxar. Yaxud, bir kərə üz verər, əl çəkməzlər. Ölkə başçısı medianı izləmir, jurnalistlərin nədən yazdıqlarını, mətbuatın gündəmində nələrin yer aldığını bilməz. Prezidentə gündəlik media xülasəsinin doğru və hərtərəfli çatdırılmadığı, saf-çürük edildiyi kəsindir. Bunun suala cavab verə bilməzlikdən yaranacaq xəcaləti var. Bu günün cavanları Əliyevin demədiyi sözü onun adına çıxıb mitinq plakatına çevirirlər: “Bəxtiyar Xacıyevi dərxal xəbsdən azad edin!”. Hələ görün adam media əhli ilə üzbəsurət dursa, başına nələr gələr. Ilham Əliyev Obama, Saakaşvili olası ha deyil. Ondan heç Putin də olamaz. Yaxşı Prezident Obama kimi işbacaran olar, vətəndaşından gözükölgəli olmaz, ya da Putin kimi dildən pərgar olar, sözü sözlə kəsər, dili dillə susdurar, kimsədən çəkinməz. Prezidentin danışmağı, nədən danışmağı, yaxşı danışmağı bacarması müsbət faktdır. Bunu Heydər Əliyev bacarırdı. Amma Lukaşenko yolu gedib ancaq rəsmi tədbirlərdə efirə çıxmaq da mümkündür ki, postsovet məkanında geniş yayılmış bu təcrübə Azərbaycanda işə yarayır. Ilham Əliyevin Azərbaycan dilində düşünüb danışa bilməməsi, nitqi zəif, media adamı olmadığı bəlli, doqquz il az zaman deyil, buna öyrəşmişik. Amma onun televiziyalarda yalnız mətbəx verilişlərini izləməsi, yaxud prezident olaraq izlədiyi verilişlərdən ancaq mətbəx proqramlarına münasibət bildirməsi gülməli olduğu qədər faciəvidi, gözlənilməzdi. Əslinə qalsa, demədiklərinin yanında dedikləri biabırçılıqdır.
O üzdən Nazirlər Kabinetinin ötən həftəki yığıncağında ölkə başçısının nədən desən danışacağını gözləmək olardı, yağlı yeməklərin zərərindən savayı. Deməzsənmi, xəstəliklərin çoxalmasında, insan ölümünün artmasında, uşaqların xəstə doğulmasında gün-güzəran, dolanışıq, monopoliya əsarətində ölkəyə gətirilən geni dəyişdirilmiş, saxta yarlıqlı, baha qiymətə satılan aşağı keyfiyyətli, vaxtı keçmiş ərzaq məhsulları deyil, mətbəx verilişləri günahkarmış. Demə, Ilham Əliyev Azərbaycan telekanallarında nəyə-nəyə, məhz mətbəx verilişlərinə baxırmış. Nə “Onun yarısı”na, “Toy olsun”a, “Burda və indi”yə, “Qaynana”ya, Elgiz-Ulvira duetinə, Azərbaycan efirinin seks simvolu Zemiçkaya, “Toylar kralı”na, “min ilin” “Yeni Ulduz”una, “Etiraf”a – bir sözlə, qəzetin bir səhifəsini tutacaq qədər səviyyəsiz proqramlara. Mətbəx verilişləri səhərlər olur. Deməli, Ilham Əliyev Azərbaycan efirinə səhərlər, yəni günorta işə gələnəcən baxır. Olsun ki, “Günəbaxan2ı izləyir. Yeri gəlmişkən, sürücülər canlı efirdən qovulandan sonra uşaqlar bu verilişə ”Semiçka” adı qoyublar. Yaraşır, pis də səslənmir. Olsun ki, prezident “Günəbaxan”ı bəyənir, bir az da dəqiqləşdirsək, ANS-in indiki durumunu çox bəyənir ona görə “yeyib-içməklə başlayıb dava-dalaşla bitən” verilişin adını çəkmir. Inanmıram ki, o biri telekanalların mətbəx verilişlərinin adını yadında saxlamış ola. Bəli, o boyda nazirin, komitə sədrinin toplaşdığı yığıncaqda prezident xəstəxanada xəstələri dərmansızlıqdan, həkim savadsızlığından, biganəlikdən ölən Səhiyyə nazirini təriflərkən keyfiyyətsiz ərzağın süfrələrə necə yol tapmasına toxunmadan bu ərzağı reklam edən, ondan xörək bişirməyi öyrədən verilişləri qınadı. Hətta ciddi tənqid də etmədi, deməzsənmi prezident o qədər demokratik adamdır ki, özəl televiziyaların işinə qarışa bilməzmiş. Barı adamları tovlamağa, sonda para qazanmağa xidmət edən qondarma sağlamlıq proqramlarını tənqid edəydi, saxta dərmanların reklamından danışaydı, yenə dərd yarı idi. Yoxsa ki, prezidentin adamlara “yağlı yeməyin” – mesacı gülüncdür. Görün Ilham Əliyev nə deyir, necə deyir: “Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orda göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz, bu yeməkləri gündə yeyən adam xəstələnəcəkdir. Yəni nə qədər gülməlidirsə, bir o qədər faciəvidir. Doğrudan, biz sağlam həyat tərzi təbliğ edirik. Insanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda bizim bəzi kanalların insanlara verdikləri təkliflər, əlbəttə, çox məyusedicidir. Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm, ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”. Əslində, yağlı yeməklər barədə söylənənlər prezidentin öz fikrinə bənzəmir. Yəni adam inanmaq istəmir ki, büsbütün qaranlıqlar içində olan, Azərbaycan insanına “min verst” uzaqdan, qıyqacı baxan, efiri toyxanaya, toy biznesinin təbliğinə çevirən, insanları tək mədəsindən yox, büsbütün içindən, dünyasından, düşüncəsindən, əxlaqından, mənəviyyatından edən yalıncıq televiziyalarda Ilham Əliyevin diqqətini ancaq mətbəx verilişləri çəksin. Deyəsən bunu ona evdə öyrədiblər.

Sənubər Ismayılqızı