Bu gün Ictimai Palatanın növbəti mitinqidir. Nə böyük xoşbəxtlik olar, sizin bu yazı ilə tanışlıqdan sonra mitinqə getməyə qərar verdiyinizi və ya elə meydandaykən bu yazını oxuduğunuzu bilsəm…
Ictimai Palatanın Azərbaycanda köklü dəyişiklikər üçün başlatdığı bu mitinqləri son dərəcə vacib qiymətləndirmək lazımdır. Zənnimcə, keçirilən mitinqlərin tələbləri hər bir sadə azərbaycanlının maraqlarına uyğundur. Bu mitinqdən ziyan görəcək tək biri varsa, o da avtoritar rejim, zülm və yalanla insanlarımızı istismar edənlərdir. Dərindən təhlil etsək, bu mitinqlər onların da xoşbəxtliyi üçün bir vasitədir.
Axı 21-ci əsrdə zülmkar və yalançı olmaq və bu yollarla ailə-uşaq saxlamaq çoxdan mədəni dünya üçün ayıb sayılır. Deməli, mitinqlər yüksək insani keyfiyyətlərdən üz döndərən məmur korpusumuzu da xilasa aparacaq.
Azərbaycanın dinc yolla demokratikləşməsindən, azadlıq və rifaha qovuşmasından məmurlardan çox qazanan olmaz. Onsuz da onlar özləri də qəbul edirlər ki, hər yerdə olduğu kimi Azərbaycanda da zülmün bir sonu var. Qəzzafi, Mübarək aqibətindən sığortalanmaq heç bir Azərbaycan məmuruna nəsib deyil.
Cem Yılmazın təyyarə ilə bağlı bir səhnəciyi var. Orda deyir ki, təyyarə qəzaya uğrayanda bahalı “biznesklass” sərnişinlərinin “aman, biz filan qədər pul ödəyib burda oturmuşuq, bizdəmi ölürük” sualı çox gülməlidir.
Gələk sadə insanlarımıza… Mitinq çağırışlarına cavab kimi bəzən eşidirik “əşşi, işiniz qurtarıb?”.
Özü də bu sözü elə ədayla deyirlər ki, guya hər gün ən azı bir Nyuton qanunu, Mendeleyev cədvəli, Pifaqor teoremi kəşf edirlər, işləri başından aşır. Bu adamların fikrincə, ABŞ-dan Novreçə, Yaxın Şərqə, Rusiyaya qədər bütün etirazçı insanlar avara-uvara yığınıdır. Oysa, xalqı zəlil günə qoyanlardan qurtarmaq üçün edilən hərəkətdən böyük hansısa iş yoxdur. Özü də sizə kimsə deyibsə ki, rüşvətə, polis və məmur özbaşınalığına qarşı dirənişi, mübarizəni ancaq müxalifət partiya üzvləri aparmalıdır, o sizi aldatmaq istəyib, ya da babat naşı olub. Respublika dediyimiz sözün bizim dildə açması “hamının işi”dir.
Bu mitinqlər insanlara nə vəd edir?
Ən başda bu mitinq bizim təbii reaksiyamız sayılmalıdır. Illərdir ən elementar hüququmdan məhrum edənlərə etirazımı bildirməliyəm, ya yox? Sizi küçədə-bayırda biri təhqir edəndə ona cavab verərkən bəyəm düşünürsünüz ki, burdan qazancım nə olacaq? Insan öz ləyaqətini əlindən gələn bütün üsullarla müdafiə etməlidir.
Mitinqlərin praqmatik əhəmiyyətinə gəldikdə… Strateji hədəf ölkədəki idarəetməni dəyişmək, demokratikləşdirməkdir. Ancaq bu, uzana da bilər. Buna baxmayaraq mitinqlər heç vaxt faydasını itirmir. Ora toplaşan insanların enerjisi boşuna getmir.
2005-ci ildə, yaxud keçənilki mitinqlər zamanı hökumətin geriçəkilmə tədbirlərini yaxşı-yaxşı düşünün. Həmin vaxtlarda hökumət vətəndaşların xeyrinə bir sıra addımları atmağa məcbur olur: əmək haqları artırılır, müxtəlif borclar silinir və s.
Yəni siz hətta Ilham Əliyev səltənətinin dəyişməsində maraqlı deyilsinizsə, Ilham Əliyevi dünyanın analoqsuz rəhbəri sayırsınızsa belə, mitinqdə iştirak etməklə onun xalqa fayda verməsində vəsilə ola bilərsiniz. Sizin mitinqdə kütləvi iştirakınız Ilham Əliyev və onun əyyanlarını xeyirxah olmağa vadar edəcək.
Prezidentin güzaranı üçün ürək ağrısı
Və sonda… “Ilham Əliyevin qol saatı neçəyədir?”. Bu sualla dünən bloger Vəfa Cəfərova qarşısına məqsəd qoyub araşdırma aparıb.
Bəlli olub ki, əlahəzrətin saatı “Blancpain 1735 Grande” markalıdır. Onun yığılması 10 ay vaxt tələb edir. Korpusu platin və 44 brilyant daşla bəzədilib. Dünyada bu saatdan cəmi 30 dənə var. Xanım Cəfərova xatırladır ki, prezidentin illik maaşı 180 000 manatdır. Onun aldığı saatın qiyməti isə… 800ÿ000 dollardır. Biz də elə bilirdik, Ilham müəllimin sərvətləri yerə-göyə sığımır, heç demə, hörmətli rəhbərimizin maaşının hamısı saatın kreditini ödəməyə gedib.

Mitinq nə üçün lazımdır?
•