Hakimiyyət mitinqin kütləviliyinə mane olub

AXCP sədrinin müavini Həsən Kərimov “Azadlıq” radiosuna deyib ki, aksiya keçirilən 20-ci Sahəyə avtobusların hərəkəti dayandırılıb: “28 May, Sahil istiqamətindən gələn avtobuslar xəttdən çıxarılıb. Badamdrdan gələn yolu isə traktorlarla kəsiblər.Mitinqə ciddi şəkildə mane olunur. Bizim qarşıdurmaya getmək fikrimiz yoxdur. Hakimiyyətə xəbərdarlıq edirəm ki, əgər belə maneçiliklər olacaqsa o zaman yürüş edəcəyik. İnsanların aksiyaya gəlməsinə normal şərait yaradılmalıdır”.

H. Kərimov onu da deyib ki, 18 yaşdan aşağı şəxslər mitinqə buraxılmır. O, bunun ciddi qanun pozuntusu olduğunu bildirib.

Bayraqdar Yaşar Türkazəri də azyaşlı uşağı ilə meydana buraxmayablır. Bayraqdar meydana keçmək istədikdə isə tərəflər arasında qarşıdurma yaranıb.

Həmçinin ATƏT-in nümayəndələri də meydana buraxılmayıb.

***

Bayıl tərəfdə, keçmiş Salyan avtovağzalı deyilən ərzidə Nəqliyyat Nazirliyinin əməkdaşları 207 saylı avtobusun qarşısını kəsərək sərnişinləri düşürüb və onlardan geri qayıtmalarını istəyib. Bu barədə “Azadlıq”a sərnişinlərdən biri zəng edərək məlumat verib.

***

Şahidlərin redaksiyamıza verdiyi məlumata görə, Səməd Vurğun bağının qarşısından 20-ci Sahəyə gedən 120 saylı avtobuslar xətdən çıxarılıb. Hazırda bu iritutumlu avtobusların 15-i xətdən çıxarılaraq bağın qarşısında saxlanıb.

***

“Azneft” meydanında bir nəfər 20-ci sahəyə doğru irəliləyən avtobusların qarşısını kəsərək Prezident Administrasiyasının binasına doğru yönəldir.
 
Bu barədə musavat.com-a “Yeni Müsavat”ın direktoru Ələsgər Süleymmanlı xəbər verib.
 
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin məsul işçisi olduğu şübhə doğurmayan həmin şəxs marşrut avtobuslarının saxlatdırır və onların içindən sərnişinləri boşaltdırır: “Xeli sayda insan yolun ortasında piyada qalıb. Onların içində mitinqə gedənlər də var, getməyənlər də. Amma bu tədbirə görə hamı narazıdır”.
 
***

Redaksiyamıza daxil olan məlumata görə, meydana gedən isitqamətdə avtobusların hərəkəti məhdudlaşdırılıb. Sahil metrosu yaxınlığında və Azneft dairəsində dayanacaqlarda insanlar xeyli vaxtdır avtobus gözləyir, amma avtobuslar gəlmir. İnsanlar meydana piyada getmək məcburiyyətindədir.

Eyni vəziyyət Sədərək yarmarkası və 28 may metrostansiyası istiqamətində də yaranıb. Bu yerlərdən 20-ci Sahəyə gedən avtobusların qarşısı alınıb.

***

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun musavat.com-a verdiyi məlumata görə, mitinqin olacağı yerdə, sürücülük məktəbinin təlim meydançalnda artıq elektrik cərəyanının verilməsi dayandırılıb və bunun mikrofonların işləməməsi üçün edildiyi şübhə doğurmur.

T.Yaqublu onu da bildirib ki, polislər meydana generator keçirilməsinə də imkan vermirlər.

Bundan başqa, polislər mitinqə toplaşanların şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələrinin vacib olduğunu bildirib və deyiblər ki, yaşı 18-dən aşağı olan şəxslər aksiyaya buraxılmayacaqlar, onaa görə də mitinqə uşaqla gəlmək istəyənlər işlərini indidən etibarlı tutsunlar.

***

Sumqayıtda mitinqə getmək istəyənlərə əngəl yaradılmasının monitorinqini aparan 3 fəal saxlanılıb. Monitorinqi yerli “Yüksəliş Naminə” qəzeti təşkil edib. Saxlanılanlar qəzetin əməkdaşları Vüsal Teymurov, Aqil Əliyev və Süleyman Sətullayevdir.

***

İctimai Palatanın bu günkü mitinqinə hakimiyyətin maneələri haqda artıq ilkin xəbərlər gəlməkdədir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, bölgələrdən və Bakı ətrafından mitinqə qatılmaq istəyənlərin qarşısını almaq üçün səfərbərlik olunub.
Sumqayıtdan aldığımız xəbərə görə, şəhərdən çıxış yerləri polis nəzarətinə götürülüb. Bakıya gəlmək isətəyənləri sorğu-sual edirlər, şübhələndiklərini şəhərdən buraxmırlar.
Göyçaydan redaksiyamıza verilən məlumata görə isə rayondan Bkıya mitinqdə iştirak üçün gələn 15 nəfər yolda saxlanılıb. Saxlanılanlar arasında siyasi məhbus Vidadi İsgəndərlinin qardaşı da var.
Əlavə məlumatlar aldıqca, təqdim edəcəyi. Bizi izləyin.