AXCP sədri Əli Kərimlinin qaynının vəkili MTN sözçüsünün açıqlamasına cavab verdi
“Öncə qeyd etməliyəm ki, Elnur Seyidovun vəkillərinin iddialarının heç bir əsası yoxdur”. Bu sözləri APA-ya Milli Təhlükəsizlik Nazirliyinin Ictimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev deyib. Onun sözlərinə görə, ötən ayın sonlarında həbs edilən “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun səhhətində problemlər olması barədə vəkillərinin söylədikləri həqiqətə uyğun deyil: “Mən də onların bəzi qəzetlərə guya, ”Milli Təhlükəsizlik Nazirliyinin həkimi təsdiq edir ki, Elnur Seyidovun vəziyyəti ağırdır və təcridxana şəraitində müalicəsi mümkün deyil” kimi verdikləri həqiqətəuyğun olmayan məlumatları oxumuşam.
Bu il mart ayının 27-də Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci, yəni dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların külli miqdarda əmlakını ələ keçirmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin müddətdən indiyədək onun sağlamlıq vəziyyəti ilə hazırkı durumu arasında mənfi istiqamətdə hansısa dəyişiklik baş verməyib. Eyni zamanda, Elnur Seyidovun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə müvafiq tibbi rəy-ekspert rəyi də mövcud deyil. Elnur Seyidovun xəstəliyi və ya müalicəsi ilə əlaqədar özü, yaxud müdafiəçisi tərəfindən müraciət daxil olarsa, MTN Istintaq Baş Idarəsi tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsinə baxıla bilər”.
Elnur Seyidovun vəkili Əsabəli Mustafayev isə “Azadlıq”a açıqlamasında bildirib ki, Arif Babayev onların istintaqa təqdim etdiyi sənədlərlə tanış olsa idi, nə qədər əsassız danışdığını görərdi: “Biz istintaqa Elnur Seyidiovun səhhətindəki problemlərlə bağlı arayışlar təqdim etmişik. Bu arayışları Azərbaycanın və Türkiyənin səhiyyə ocaqları verib. Elnur Seyidov dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik isə digər ağır ağır xəstəliklərlə eyni səviyyədədir. Məhz buna görə də bu xəsləiyə tutulmuş insanlara dövlət qayğısı barədə xüsusi hüquqi akt olunub. Bu prezident fərmanıdır və biz həmin sənədi də istintaqa təqdim etmişik. Lakin təəssüf ki, MTN bu sənədlərə laqeyd yanaşır. Arif Babayevin açıqlaması artıq istintaqın Elnur Seyidovla bağlı mövqeyini açıq ortaya qoydu. Bu açıqlamadan sonra söyləmək olar ki, istintaq Elnur Seyidov barədə həbs-qətimkan tədbirinin dəyişdirməyəcək”.
Vəkil bildirib ki, onlar bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər: “Biz istədik ki, istintaqla bunu edək. Lakin görünür bunu istəmirlər. Ona görə də məhkəmə yolu ilə Elunr Seyidov barədə həbs qərarının dəyişməsinə nail olmağa çalışacağıq”.