Növbəti Anar mübahisəsi bitdi, bu gün isə artıq mitinqdir. Təəssüf ki, bu oğru hakimiyyətə mədhiyyələr yazan, ölkədəki ümumi yaltaqlığın ədəbi dayağı olan bir nəfərin üstündə həmişə “dalaşırıq”. Bəlkə doğrudan da siyasi müxalifətə qarşı bu zaman ağır sözlər ünvanlanır, amma özünü müxalifətdən indiyədək ayırmayan birisi kimi deyə bilərəm ki, heç kim bu söhbətlərdən inciməsin, cırnamasın. Əksinə, yaxşı-yaxşı düşünsün. Müxalifətin aparıcı adamlarının Anar kimilərinə münasibəti heç cür başa düşülən deyil. Elə bu da anlaşılmazlıqlara, qovğalara, fikir ayrılıqlarına səbəb olur. Yaxşı, onun əsərlərini sevirsiniz, bəs onun ictimai mövqeyinə münasibətlər hanı? Nəyə görə bu 20 ildə bircə dəfə tənqid eşitmədik onun hərəkətlərinə? Amma imkan düşən kimi müdafiə edilir…
Elə bil, Anar dünyaya səs salan “Əli və Nino”“nun müəllifidir və çoxları da buna görə yaxşı arqument tapıblar – Anar istedadlıdır. Məgər istedadlı adamın şərə xidmət hüququ, şərə qarşı mübarizə aparanların yanında isə hörmət və toxunulmazlıq haqqı var? Halbuki söhbət ziyalı satqınlığının əsas sütunundan gedir…
Ola bilsin, yazarlar fikirlərini bəzən çox sərt, emosional ifadə edir, amma müxalif mövqeli adamlardan umacaq olduqca sadədir. Şərə xidmət edənləri adı ilə çağırın, adlarını olduğu kimi deyin. Bu cür tələblər hamıya aiddir – hər birimizə. Ilham Əliyev bu ölkəni tək başına əzib-talamır. Stalin də, Hitler də qurbanlarını tək özü məhv etməmişdi. Onların hamısının böyük komandaları, çox sayda sadə əlamanları, hətta istedadlı köməkçiləri vardı, hamısının da ədəbi dayaqları olub və az iş görməyiblər. Bunu anlamaq çətindirmi ki?!
Əslində, mən bu gün baş tutacaq mitinq haqda bəzi məqamlara toxunmaq istəyirəm. Gənclərin və Ictimai Palatanın eyni ərazidə keçən son mitinqləri ilə bağlı fərqli fikirlər var, onları tənqid edənləri də, bu aksiyaların perspektivinə inanmayanları da səbirlə dinləmişəm.
Ilham Əliyevin “baxın, bizdə sərbəst toplaşma hüququ da var” sözlərini əsas gətirib, bu aksiyaların daha çox hakimiyyətin işinə yaradığını deyənlər də var. Dostlar, Ilham Əliyev illərdir deyir bunu. Illərdir ölkəmizdə demokratiyanın olduğunu bəyan edir. Illərdir deyirlər ki, bizdə demokratiya var. Kim inanıb bunlara? Illərdir müxalif qəzetlərin də çıxdığını əsas gətirib söz azadlığının olduğunu söyləyirlər. Məgər biz bir-iki qəzeti də bağlamalıyıq ki, Ilham Əliyev bu sözü deməsin?
Ona görə də gəlin bu aksiyaların indiyəcən bizə nə verdiyini düşünək…
Birincisi, bu mitinqlər müxalifətə, gənclərə, vətəndaş cəmiyyətinə toparlanmaq imkanı yaradır. Getdikcə daha çox adamın iştirakı ilə ortaya böyük etirazçı güc qoymaq olar və təşkilatlanmaq olar. Lakin bu hələ perspektivə aid məsələdir. Odur ki, siyasi mübarizənin yollarını saf-çürük etmək üçün də bu mitinqlər əhəmiyyətə malikdir.
Ikincisi, bu mitinqlər onu tənqid edən və yanlış yol sayanları da hərəkətə gətirir. “Bəs siz?” sualını daha sərt şəkildə qoyduğu üçün, başqalarını da nəsə etməyə səsləyir. Ölkədə dinamika yaradır.
Əsas məsələ odur ki, bu mitinqlər ölkəni çox ciddi hədəflərə səsləyir. Ilk dəfə Azərbaycan çox təsirli şüarlar və plakatlarla dolu mitinqə şahidlik edir. Yəni fərqli şüarlarla. Bunlar izsiz ötüşmür. Cəmiyyəti düşündürür, dəyişdirir. Zaman göstərdi ki, Əliyevlər rejiminin yaratdığı xof bizim cəmiyyətdə çox dərinə işləyib. Bizim düşündüyümüzdən də çox dərinə. Amma vəziyyət dəyişir və ictimai fəallıq bunun üçün vacib şərtdir. Əgər bənzər aksiyalar bölgələrə daşınsa, rayonlarda da bu cür aksiyalar keçirilsə, fərqli bir mərhələ yaranacaq.
Bugünkü mitinqin əsas devizi “Sahib ol!” çağırışıdır. Çox şeylər bu ölkənin əlindən alınıb. Bütünlüklə ölkə alınıb əlimizdən. Biz də ölkəmizi geri istəyirik!