Axtardılar, aradılar, bu ölkədə özlərinə müxalifət tapa bilmədilər və axırda o vəziyyətə gəldilər ki, Almaniyanı müxalifət kimi seçdilər. Mən bunların kinini və qəzəbini başa düşürəm. Amma bir məsələni ha çalışıram, anlaya və dərk edə bilmirəm. Bunların qəzetini Almaniyada kim oxuyur? Televiziyalarına və radiolarına kim diqqət kəsilir?.. Bəli, bəzən bu ölkə o qədər cansıxıcı olur ki, adam lap üzülür. Görünür, insanın da informasiya tutumu olur, onu aşanda özünü bir qədər yorğun hiss edirsən. Indi bunların iddiasına, ambisiyasına baxanda yaşamaq bir az da çətinləşir. BMT TŞ-nin beş daimi üzvünün hərbi büdcəsi (təbii ki, bir illik!) bir trilyon dollar təşkil edir. Bunu Beynəlxalq Sülh Araşdırmaları Institutunun (Stokholm) hesabatından götürmüşəm. ABŞ-ın hərbi büdcəsi 711 milyard dollar təşkil edir. Təsəvvür edirsinizmi? Buna elə-belə baxmayın. Almaniya silahlanma sahəsində birinci beşliyə daxil olmur və onunla bağlı gözümə bir şey sataşmadı. Amma bu dövlətdə ümumdaxili məhsul (ÜDM) nə qədər təşkil edir? Bu haqda sussaq daha yaxşıdır. Bu beş daimi üzvün hərbi xərclərinə baxanda onların niyə daimi üzv olmasının səbəbini daha yaxşı anladım. Bizim də göstəricilərimiz var. Hərbi büdcənin artımına görə ön sıralardayıq. Amma 3-4 milyard dollar 143 (Çin) və yaxud 711 milyard (ABŞ) dolların yanında nədir ki? Hər bir dövlətin özünə uyğun bir ritorikası olmalıdı. Hər bir dövlət başçısı özü üçün məqbul ritorika haqda düşünməlidi. Heç vaxt geopolitikanı sevməmişəm. Ona görə ki, kiçik və gənc millətlər geopolitikanın fəal aktyorları statusuna iddia edə bilmirlər. O, daha çox böyüklərin və güclülərin siyasi ideologiyasıdır. Təbii ki, dövlət hər halda dövlətdir – kiçik və ya böyük olmasından asılı olmayaraq. Amma ritorik çıxışlarda bir qədər təvazökarlıq da gözlənilməlidi. Almaniyanı yamanlamaq əvəzinə oradakı müsbət şeyləri göstərək, çalışaq, həmin bu şeylər burda da olsun. Amma bunlar nə edirlər? Almaniyada bir qüsur axtarırlar ki, onu üzə çıxarıb aləmə faş etsinlər! Guya ki, almanlar özləri həmin qusurlar haqqında susur! Xeyr! Onlar susmurlar. Danışırlar, yazırlar! Onlar bizim kimi “Cənnət görmək istəyən bura gəlsin!” demirlər… Bunu bir natamamlıq kompleksi tək qəbul etmək lazım deyil. Dünyanı bir fabrikə bənzətsək görərik ki, biz həmin o fabrikə xammaldan başqa heç nə vermirik, ancaq götürürük. Həmişə özümə bir sual verirəm: görən, üçüncü dövlətlərin geriliyi müvəqqətidir, ya əbədi? Özümü inandırmağa çalışıram ki, bu, müvəqqətidir. Lakin daha yaxşı götür-qoy edəndə görürsən ki, inkişaf etmiş ölkələrlə digər ölkələrin arasındakı fərqlər hələ azalmır, əksinə artır. Bəzən isə elə təəssürat yaranır ki, bu gerilik artıq əbədidir və hətta zaman da onun qarşısında acizdir, çünki vaxt və zaman, sadəcə fürsətdir, sənə fürsət verirlər ki, irəli gedəsən. Lakin digər ölkələr – inkişaf etmişlər də yerində saymır, onlar elə sosial siyasi institutu yaradıblar ki, onun mayasında inkişaf üçün stimul var. Hətta ruslar da başa düşür ki, cəmiyyətdən təşəbbüs gəlməsə, inkişaf olmayacaq. Lakin həmin o təşəbbüs mühitini yarada bilmirlər. Qərbdə isə bunu yaradıblar. Almaniyanı böldülər, kiçiltdilər, amma o bir neçə ildən sonra gəlib Avropanın ən varlı və ən qüdrətli dövlətinə çevrildi. Bu haqda düşünmək lazımdır. Bunu görməyib nəsə danışmaq artıq siyasi daltonizmdir…
Siyasi məhbus aylığı olacaqmı?
O gün hüquq müdafiəçilərindən birinin açıqlamasını oxudum. Deyirdi mahnı festivalına qədər siyasi məhbuslar azad ediləcək. Doğrusu, çox sevindim və düşündüm ki, bundan yaxşı nə ola bilər? Amma tək hüquq müdafiəçilərinin vədləri ilə məsələ həll olunmur. Biz özümüz da siyasi məhbusların azadlığa çıxması üçün tədbirlər planı tərtib etməliyik. Əvvəllər belə istiqamətlərdə biz daha yaxşı çalışırdıq. Nə etmək olar? Məsələn, siyasi məhbuslarla bağlı bülleten hazırlamaq olar. Bütün partiyaları o məsələ ətrafında konsolidasiya etməyə cəhd göstərmək, hakimiyyət qarşısında bu məsələni bütün ciddiliyi ilə gündəmə gətirmək olar. Ümid edək ki, bu, belə də olacaq…

Siyasətdə də daltonizm olurmu?
•