BMT Suriya diktatorunun atəşkəsə əməl etmədiyini bəyan etdi
Nikola Sarkozi: «Bəşər Əsəd Qəzzafinin etdiklərini təkrarlayır»
Bir həftədir qüvvəyə minən atəşkəsə baxmayaraq, Suriyada hökumət qüvvələri Homs şəhərində müxaliflərə yönəlik hücumlarını davam etdirir. Müxalif fəalların verdiyi məlumata görə, Bəşər Əsədin əmrindəki əsgərlər Homs şəhərini həftələrdir artilleriya atəşinə tutur. Hücum zamanı 9 nəfər öldürülüb. Deyr əz Zor, Həma və paytaxt Dəməşqin ətraf bölgələrində də müxaliflərə qarşı hücumlar olub. Rəsmi dairələr əməliyyatların terrorçu qruplara qarşı keçirildiyini iddia edir.
BMT-nin baş katibi Pan Gi Mun Suriyanın atəşkəs razılığına tam şəkildə əməl etmədiyini bildirib. O, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasını 3 aylıq müşahidəçi missiyasına səlahiyyət verilməsinə çağırıb.
Baş katib həmçinin Əsəd rejiminin Kofi Annanın sülh planını yerinə yetirə bilmədiyini söyləyib. Onun sözlərinə görə, Suriya rəhbərliyi nümayişçilərə atəş açmağı dayandırmayıb, hərbi qüvvələri şəhər və kəndlərdən geri çəkməyib və bununla da BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın münaqişənin sülh yolu ilə həlli planını uğursuzluğa düçar edib.
Brüsseldə keçirilən Rusiya-NATO Şurasının toplantısında da Suriya məsələsi müzakirə olunub. NATO baş katibi Anders Foq Rasmussen Suriyadakı böhranın həlli istiqamətində diplomatik səylərin artırılmalı olduğunu deyib. Baş katib rəhbərlik etdiyi təşkilatın Suriyaya hərbi müdaxiləyə əl atmaq fikrində olmadığını bəyan edib.
Parisdə keçirilməsi planlaşdırılan “Suriyanın dostları qrupu”nun toplantısı öncəsi Fransa prezidenti Nikola Sarkozi Suriyada dinc vətəndaşlara yardım edilməsi üçün dəhlizlərin yaradılmalı olduğunu bildirib. “Europe 1″ radiosuna açıqlama verən prezident Bəşər Əsədi ”yalançı” adlandırıb. Sarkozi Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin üsyançıların mərkəzi Benqazini yox etmək istədiyi kimi Bəşər Əsədin də müxaliflərin paytaxtı Homs şəhərini yox etmək üçün çalışdığını bildirib.
Əlavə edək ki, Annan planı və atəşkəsin dayandırılması Suriaydakı böhranın həlli üçün Bəşər Əsəd rejiminə verilən son şans kimi qiymətləndirilirdi. Dünya ictimaiyyəti hökumət qüvvələri və müxaliflər arasında atəşkəsdən sonra sülh planına uyğun islahatların keçirilməsi tələbində qəti idi. Sülh planının iflasa uğraması Bəşər Əsəd rejiminə qarşı daha sərt addımların atılmasını qaçılmaz edir.
Informasiya şöbəsi