Rövnəq Abdullayev komissiya yaratdı

Jurnalistlərə zor tətbiq edənlər tapılıb cəzalandırılacaq

ARDNŞ-in Hüquq Idarəsinin rəisi Eldar Orucov və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ötən gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirərək aprelin 18-də Sulutəpə qəsəbəsində şirkətin vətəndaşlara, jurnalistlər Idrak Abbasova və Günay Musayevaya zor tətbiq etmələrinə aydınlıq gətirməyə çalışdı.
Eldar Orucov şirkətin prezidenti Rövnəq Abdullayevin əmri ilə xüsusi komissiya yaradıldığını dedi: “Aprelin 18-də baş vermiş hadisəyə görə vəzifəsindən sui-istifadə edərək zor tətbiq edən şəxslər cəzalarını alacaqlar. Komissiyanın işi ilə ictimaiyyət müntəzəm məlumatlandırılacaq”.
Onun sözlərinə görə, qanunsuz tikinti neft hasilatının düşməsinə təsir edib. SOCAR ərazilərində ümumilikdə 30 minə yaxın ev tikilib. 2006-cı ildən etibarən şirkət qanunsuz tikililərin söküntüsünü həyata keçirir. 15 minə yaxın məhkəmə iddiası qaldırılıb və təmin edilib, hazırda daha 7 min iddia hazırlanır.
Yeri gəlmişkən, SOCAR-ın təhlükəsizlik idarəsinin rəhbəri Rəşad Əliyev BMM-də idi, ancaq mətbuat nümayəndələrinin israrlı tələblərinə baxmayaraq, jurnalistlərin qarşısına çıxmadı. E.Orucovun çıxışından sonra jurnalistlərin sualları başladı.

“Biz kiminsə işinə qarışmırıq”

– Jurnalist Idrak Abbasovu döyən şəxsi müəyyənləşdirmisinizmi?
– Bu məsələ diqqətimizdədir. Hadisəni törədənlərin kimliyi müəyyənləşdirilib cəzalandırılacaq. Kim orada öz səlahiyyətlərini aşıb hüquq pozuntusuna yol veribsə, cinayət əməli törədibsə, onların hər biri barədə tədbir görüləcək. O, bizim əməkdaşımız olacaq, ya da başqası olacaq, fərqi yoxdur. Kim olmasından asılı olmayaraq, o, jurnalistdir, ya da adi vətəndaş, hadisənin səbəbkarı məsuliyyət daşımalıdır. Hadisə baş verən gün 200-250 nəfər bizim şirkətin əməkdaşlarına, polislərə hücum edib. Bizim əməkdaşlar da özlərini qorumaq istəyərkən qarşıdurma yaranıb. Neft Şirkətinin 7 əməkdaşı, vətəndaşlardan da iki nəfər xəsarət alıb. Bizim əlimizdə videolar var. Videolarda hər şey açıq-aydın görünür… Aprelin 18-də Sulutəpədə baş vermiş hadisə isə “Binəqədi OIL” şirkətinin dövlətə ünvanladığı müraciətin nəticəsidir. Çünki ərazilər tutulduğundan həmin şirkət işini görə bilmir. “Binəqədi OIL” şirkətinin qanunsuz tikililərlə bağlı 15 min məhkəmə işi var. Bibiheybətdə 2 min ev haqqında qətnamə çıxarılıb, hələ həmin qətnamələr icra olunmur. Sabunçuda isə mühafizə zolağında 6321 tikili var. Binəqədidə isə qanunsuz tikililərin sayı 20 mindən çox olsa da, 3 mini barəsində məhkəmə təhqiqatı aparılır.

– Tikilən evlərin bələdiyyə, icradan sənədləri var. Üstəlik, o evlər, su, işıq və digər kommunal xidmət haqqı ödəyirlər. “Bakıelektrikşəbəkə”, “Azərsu” dövlət obyektidir, özəlləşdirilməyib. Neft Şirkəti də dövlətindi. Buradan belə nəticə çıxır ki, bir dövlət qurumu digər dövlət qurumunun haqsız çıxarır?
– Biz kiminsə işinə qarışmırıq. Onlar öz məhsullarını satırlar. Görülən bu işlər qanunsuzdur. Kimliyindən asılı olmayaraq bu cür iş görmək qanunaziddir.

– Idrak Abbasov peşə fəaliyyətini yerinə yetirən zaman əynində gödəkçə olub. Onu döyənlərin kimiliyi də bu gün (dünən – red.) mətbuatda çap olunub…
– Hüquq-mühafizə orqanları bu işlə məşğuldur… Bir şeyi də nəzərə almaq lazımdır. Jurnalist Idrak Abbasov maraqlı tərəfdir, belə ki, onun və qardaşlarının Sulutəpə qəsəbəsində qanunsuz tikilmiş evləri var. Biz bir dəfə onun yarımçıq tikili olan evini sökmüşük. Ancaq yenidən tikib. O döyülən zaman qardaşı da orda olub. O hardan bilirdi ki, qardaşı döyüləcək? Buna diqqət edirsinizmi? Əslində bu sualı siz verməliydiniz. Şirkət əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmada Idrak Abbasov və onun qardaşlarının rolu var. Idrak Abbasov sakinləri şirkət əməkdaşlarına qarşı zor tətbiq etməyə təhrik edib. Əllərində daşlarla şirkət əməkdaşlarına, polisə hücum ediblər. Bu, videolarda da var. Istəyirsinizsə, sizə göstərim.

– Idrak Abbasovun əlində daş olub? Bu kadrlar var?
– Baxın, görün Şirkət əməkdaşlarına qarşı bir qrup adam necə hücum edib.

– Dediniz ki, Idrak Abbasovun əlində daş olub və hücum edib. Bunu sübut edə biləcək kadrlar varmı?
Eldar Orucov mətbuat nümayəndələri qarşısında dediyi bu sözləri sonradan danaraq “mən elə söz demədim” dedi: “Dedim ki, orada olan sakinlər əllərində daşla hücum ediblər. Onların içərisində Idrak Abbasovun da qardaşı olub.

– Neft Şirkəti niyə vətəndaşları məhkəməyə verir? Bəs bələdiyyə, icra orqanları qanun çərçivəsində niyə sorğu-sual olunmur?
– Əvvəllər mədən ərazilərində tikintiyə icazə verdiklərinə görə bələdiyyə və icra hakimiyyətini məhkəməyə verirdik. Məhkəmələr haqlı olaraq bildirdilər ki, onlar məsul tərəf deyillər. Indi əhaliyə dəyən ziyanı bələdiyyə və icra hakimiyyətləri ödəməlidir.

– Neft Şirkətinin əməkdaşları niyə evləri sökürlər? Niyə məhkəmə icraçılarının işini yerinə yetirirlər?
– Biz yarımçıq tikililəri sökürük. Insanları anlayırıq, ancaq bu o demək deyil ki, kim harada gəldi ev tikməlidir…

Ramin DEKO