“Azərbaycanda öz vətəndaşlarımızı qul kimi işlədirlər”

Milli Məclisin aprelin 20-də keçirilən iclasında danışan deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Bakı və rayonlarda küçələrin sökülməsinə etiraz edib: “Bu ölkədə divar çəkməkdən, səki düzəltməkdən başqa iş yoxdur. Millətin pulu heyf deyil? Bu pul istehsalat əvəzinə nə vaxta qədər küçələrə səki daşı düzməyə sərf olunacaq?”

“Media forum” saytının məlumatına görə, deputat deyib ki, son zamanlar Bakıda bütün şəhər ərazisinin qazılması vətəndaşları ciddi narahat edir:  “Mən də xalqın bu narahatlığını dilə gətirmək istəyirəm. Belə bir təsəvvür yaranır ki, Bakıda uzun illər heç bir iş görülməyib və hər işi son aylara saxlayıblar. Son aylarda isə şəhərin hər tərəfi qazılıb, səki daşları döşənir. İnsanlar küçələrdən keçə bilmir.

Rayonlarda da məsələ təxminən eyni formada təkrar olunur. Yeni icra başçısı təyin olunur, rayona gedən kimi ən ciddi yeniliyi əvvəlki icra başçısının tikdirdiyi divarı söküb yenisini tikmək, ondan əvvəl işləyənin qoyduğu daşı çıxarıb yerinə yenisini qoymaq olur”.

VHP sədri “Eurovision” yarışmasına da toxunub. O deyib ki, yarışma üçün hazırlanan kompleksin tikintisində xaricdən gələn tanışları da iştirak edir: “Alman mütəxəssisləri orada işə ümumi rəhbərlik edir, xaricdən gələn mütəxəssislər işləyir. Orada xariclərə azərbaycanlılıradan dörd-beş dəfə artıq maaş verirlər. Azərbaycanlıları su qiymətinə qul kimi işlədirlər, 300-400 manat verirlər. Nə vaxt qədər bizim vətənimizdə öz insanlarımız bu qədər aşağılanacaq? Hansı sahəyə əl atırsan, orada Azərbaycan vətəndaşı aşağılanır. Bütün xarici şirkətlərdə, xaricilərlə azərbaycanlıların birlikdə işlədiyi bütün yerlərdə belədir”.