Təhsil Nazirliyinin bəzi səlahiyyətləri TQDK-ya verildi
Uzun müddətdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında gedən “nüfuz” savaşı, nəhayət ki, birincinin qələbəsilə sonuclanmaqdadır. Belə ki, ölkə başçısının dünən verdiyi fərmana əsasən, Təhsil Nazirliyinin bəzi səlahiyyətləri alınaraq TQDK-ya verilib.
Bildiyimiz kimi, indiyədək ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların (şagirdlərin) biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) Təhsil Nazirliyi həyata keçirirdi. Bu da haqlı olaraq beynəlxalq və yerli ekspertlərin böyük narazılığına səbəb olurdu. Opponentlərin əsas arqumenti bu idi ki, Təhsil Nazirliyi özü öz işini qiymətləndirir. Prezidentin dünənki fərmanına görə isə bundan sonra bu funksiyanı TQDK həyata keçirəcək. Fərmanda o da göstərilir ki, bu işlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyi indiyədək istifadə etdiyi maddi-texniki avadanlıq və elektron məlumat bazasını on beş gün müddətində TQDK-ya təhvil verməlidir. Mübahisə doğuran əsas məsələlərdən biri də ümumi təhsil məktəblərində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsilə bağlı idi. Fərmana əsasən bu funksiya da Təhsil Nazirliyindən alınaraq bu ildən TQDK-ya verilib.