“Bizdə demokratiya, söz azadlığı, vicdan azadlığı və sərbəst toplaşmaq azadlığı var”. Ilham Əliyevin bu sözlərini oxuyandan sonra bir daha əmin oldum ki, o, efirdə bişirilən yağlı yeməklərin camaatı xəstələndirəcəyinə gerçəkdən inanırmış. Yəni o gerçəkdən inanırmış ki, efirdən nə dedinsə, o, həqiqətdi. Nəyi göstərdinsə, onu yeyəcəklər.
O sözləri necə yemək olar axı? 20-ci sahədə sürücülük məktəbinin həyətində toplaşmağa izn vermək hələ toplaşma azadlığı demək deyil. Bir milyon yeni iş yerinin açılmasını qızıl-qırmızı, utanıb-çəkinmədəm millətin düz gözünün içinə deməklə də iş yerinin mövcudluğu gerçəkliyə çevrilmir. Bölgələrdə yaşayanların 99 faizi işsizdi. Xüsusən gənclər axşamacan it döyürlər. Sanki o bir milyon iş yeri çox məxfi bir şeydi və hardasa Prezident Aparatının zirzəmisində-zadda gizlədilib mühafizə edilir. Gənclər bu bir milyon iş yerindən söz düşəndə qaqqanaq çəkir, lağ-lağı eləyirlər. Bu qədər gülüşə səbəb olan sözləri prezident efirdən niyə deyir, anlamaq olmur. Adamın ürəyi ağrıyır. Axı bunu deməkdə məqsəd nədi? Vətəndaşlarını aldatmaqmı? Axı işsiz adama “sən işləyirsən” deməklə onu necə inandıra bilərsən? Bəlkə beynəlxalq aləm üçün? Onlar bu ölkənin həqiqətlərini səndən yaxşı bilirlər. Bəlkə prezidentin özünü aldadıblar? Bu da inandırıcıdı. Çünki o, heç vaxt xalqın içində olmayıb, onun dərd-səri, problemləriylə maraqlanmayıb. 10-15 simasızı əhali adına toplayıb görüş keçiriblər, onlar da öz mənafeləri üçün dövlət başçısını mədh eləyiblər, vəssalam. Hər halda bunları anlamaq o qədər çətin deyil. Inanmıram Əliyev bu qədər saya adam ola – onu illərlə və ölkə boyu gəzdirib ələ salalar. Ən azı o, sovet dövrünü görüb, atasının və başqa şanlı sovet rəhbərlərinin “zəhmətkeşlərlə” görüşünün necə təşkil edildiyini bilir. Deməli, işin bir sirri var: o, əslində həqiqəti, gerçəyi bilməkdə zərrəcə maraqlı deyil. Onunçün əsası hansısa deyilməli olan sözləri demək, ondan sonra hakimiyyətin verdiyi fürsətlərdən son qətrəsinəcən yararlanıb həzz almaqdı.
“Bizdə söz, vicdan, toplaşma azadlığı, demokratiya var” deyirsə, bilir ki, belə olmalıdı, ancaq bilir ki, belə deyil. Di gəl, ona bu sözü demək lazımdı. Sadəcə, camaatın gözünün içinə demək və işini bitmiş hesab eləmək. Görünür, bir qavramda prezidentlik elə bundan ibarətdi – prezidentin eləməli olduğu işləri görmək yox, eləcə demək. Sən de, qalanı boş şeydi, heç maraqlı da deyil. Efirdə bişən yağlı yeməklərə görə ürəyinin ağrıdığını demək, ancaq insanların evinin uçurulmasına, yuvalarının viran edilməsinə, jurnalistlərin faşist-kommunist qəddarlığı ilə döyülməsinə göz yummaq, bəlkə də ləzzət almaq – budurmu dövlət başçılığı?
RATI-nin jurnalisti Idrak Abbasovun döyüləndən sonra huşsuz vəziyyətdə qaldığı fotoya baxanda adamın ürəyi ağrıyır. “Ürəyi ağrıyır” demək əslində çox yumşaq çıxır, elə onu döyənlərin hansı qəddarlıqla döydüyünü ifadə eləmək üçün uyğun söz tapmaq mümkün olmadığı kimi. Prezident isə vətəndaşlarının vəziyyətinə yox, ancaq mətbəx verilişlərində bişən yağlı yeməklərə ürək ağrısıyla baxa bilir.
Isveç və Finlandiyanın müştərək kommunikasiya şirkəti “TeliaSonera” diktatorluğun hökm sürdüyü Azərbaycan kimi rejimlərlə əməkdaşlıqdan külli miqdarda sərvət əldə edir. Şirkət Əliyev rejiminə xüsusi son model izləmə qurğuları satır. Idrak Abbasovun, qardaşlarının, “Yeni Müsavat”ın xanım müxbirinin döyülməsini görmək üçünsə heç bir qurğuya gərək yoxdu. Prezidentlik kimin kimlə yatdığını yox, kimin necə yaşadığını bilməkdi. O isə, bunu görmək, bilmək belə istəmir. Istədiyi sadəcə, dünya durduqca taxtda oturmaq. Yəni millətin son nəfərinə kimi axırına çıxmaq… Ancaq yeməzlər, qardaş, yeməzlər…

Millətin axırına çıxmaq
•
•