Rafiq Əliyev: «Ayrı-ayrı qurumlar eyni məqsədə vuranda sinergetik effekt əmələ gəlir»
Mehriban Vəzir: «Cəmiyyətimizin demokratikləşməsi, ədalət axtarışı üçün bu çox mühüm bir hadisə idi»
Ictimai Palatanın Koordinasiya Şurasının nümayəndə heyəti ilə Azərbaycan Ziyalılar Forumunun nümayəndə heyəti bir araya gəlib. Görüşdə hər iki təşkilatın bundan sonra Azərbaycanda demokratik və köklü dəyişikliklər naminə öz fəaliyyətlərini birlikdə koordinasiya etməsi barədə razılıq əldə edilib. Həmçinin bundan sonra da belə görüşlərin keçirilməsi, hər iki qurumun səylərinin əlaqələndirilməsi qərara alınıb. Bu görüş cəmiyyətdə qüvvələrin birləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Hər iki qurumun təmsilçiləri də bunu xüsusi vurğulayır.
Ziyalılar Forumunun üzvü Rafiq Əliyev ayrı-ayrı qurumlar eyni məqsədə vuranda sinergetik effektin əmələ gəldiyini deyir. Yəni daha güclü effekt əmələ gəlir, nəinki onların cəmi olanda. Bu baxımdan əgər onların qayələri üst-üstə düşürsə, eyni məqsəd uyğunda çalışırlarsa, onda daha səmərəli effekt alınır.
R.Əliyevin fikrincə, hər iki qurumun hədəflərində fərq var və ona görə də ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Həm ziyalılar, həm də Ictimai Palata demokratik cəmiyyətin qurulmasını, insan haqlarına hörmət edilməsini, koorupsiyanın aradan qalxmasını, gənclərimizin gələcəyinin aydın olmasını istəyir. Digər tərəfdən, siyasi partiyalar hakimiyyətə gəlmək istəyir və bu da onların haqqıdır. Ziyalılar isə hakimiyyət istəmir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də görüşün mühüm əhəmiyyət kəsb etdiyini deyir. Çünki demokratik düşərgənin müxtəlif çevrələrinin bir araya gəlməsi hər zaman arzulanıb. Son görüşdə maraqlı müzakirələrin aparıldığını deyən M.Vəzir hər iki qurumun artıq fikir və düşüncə, məqsəd və niyyət etibarı ilə bir arada olduğunu vurğuladı.
M.Vəzirinin sözlərinə görə, cəmiyyətimizin demokratikləşməsi, ədalət axtarışı üçün bu çox mühüm bir hadisə idi. Çünki demokratik qüvvələrin bir arada olması, bir yerdə çalışması ölkəmizin, cəmiyyətimizin xeyrinədir.
Fizzə