Rusiyanın ən zənginləri içində 5 azərbaycanlı

“Forbes” jurnalının rus versiyası aprelin 19-da Rusiyanın ən varlı adamlarının siyahısını dərc edib. “Media forum” saytı xəbər verir ki, siyahıya var-dövlətinin həcmi 450 milyon ABŞ dollarından az olmayan adamlar düşüb.

Reytinqə görə, Rusiyanın ən varlı adamı var-dövləti 18 milyard dollardan çox olan Əlişir Usmanovdur. İkinci yeri Vladimir Lisin (16 milyard dollara yaxın), üçüncü yeri isə Aleksey Mordaşov (15,3 milyard dollar) tutur.

“Media forum” saytı bildirir ki, Rusiyanın ən varlı adamları siyahısında azərbaycanlı iş adamları da var. “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda  5-ci yeri tutur. Bakıda anadan olan 61 yaşlı Vahid Ələkbərovun varidatı 13 milyard 500 milyon dollar məbləğində göstərilib.

Siyahının 35-ci pilləsində Azərbaycanın Quba rayonunda, Qırmızı qəsəbədə anadan olmuş 45 yaşlı biznesmen, “Ukrayna mehmanxanası” ASC-nin direktorlar şurasının sədri Zarah İliyev dayanıb. Onun varidatı 2 milyard 400 milyon təşkil edir.

Bakıda anadan olmuş, “Krokus” qrupunun prezidenti 56 yaşlı Araz Ağalarovun varidatı 1 milyard 600 milyon dollar həcmində göstərilib. O, siyahıda 61-ci yerdədir.

Siyahıda 108-ci yerdə göstərilən 56 yaşlı Fərhad Əhmədovun varidatı 900 milyon dollar təşkil edir. Bakıda anadan olmuş iş adamı “Nortqaz” şirkəti direktorlar şurasının üzvüdür.
 
Bakıda anada olmuş, 800 milyon dolların sahibi, fərdi sərmayəçi, 55 yaşlı Telman İsmayılıovun adı Rusiyanın varlıları siyahısında 121-ci yerdə göstərilib.