“İlham Əliyev Türkiyəni qaz kartı ilə açıq-aşkar hədələdi; Azərbaycanda vətəndaş cəmiyyəti azad deyil”
Vaşinqtonun Karnegi Mərkəzində Türkiyə-Ermənistan sülh protokolları mövzusunda debat keçirilib və barışıq prosesinə mane olan amillər tənqidə məruz qoyulub.
“Turan”ın məlumatına görə, məruzəçi, Kolumbiya Universitetinin proqram direktoru Devid Filips deyib ki, proses yerli siyasətçilərin səriştəsizliyi səbəbindən pozuldu: “İmzalanmış protokolların kifayət qədər təbliğ olunmaması ratifikasiya prosesini iflic etdi. Hər iki ölkənin liderləri beynəlxalq və yerli ictimaiyyət qarşısında çıxış edərək işi dolaşdırdılar. Bu, xüsusən ictimai diplomatiyadan istifadə etməyən Ermənistana aiddir. ABŞ isə Ankarada və Yerevandakı səfirlikləri vasitəsilə işi koordinasiya edə və prosesi irəlilədə bilmədi”.
Məruzəçi qeyd edib ki, Azərbaycan rəsmilərinin ritorikası da barışıq üçün böyük təhlükə yaratdı: “Prezident İlham Əliyev müttəfiqi olan Türkiyəni qaz kartı ilə açıq-aşkar hədələdi”.
İstefada olan amerikalı diplomat Maykl Lemmon isə çıxışında demokratiya və azadlıqların aşağı səviyyədə olmasının da mənfi rol oynadığını vurğulayıb: “Məsələn, Azərbaycanda vətəndaş cəmiyyəti azad deyil və insanların necə düşünməli olduğunu hakimiyyət müəyyən edir”.
Konfrans iştirakçıları Ankara və Yerevanı əməkdaşlığa və protokolları təsdiq etməyə çağırıblar.