Dövlət başçısının açdığı sirr

Nazirlər Kabinetinin aprelin 16-da ilin birinci rübünün iqtisadi yekunlarına həsr olunan toplantısında Ilham Əliyevin dediyi sözlər hər şeyi – bu ölkədəki vəziyyəti, xalqın gün-güzəranını, analoqsuz inkişafın əslində nə demək olduğunu, televiziyaların bütün varlığı ilə hansı funksiyanı yerinə yetirdiyini… bir sözlə, Azərbaycanda gerçəkliyin simasını bütün çılpaqlığı ilə üzə çıxardı.
Deyərdim ki, dövlət başçısı televiziyalar haqda dediyi bu sözlərlə təkcanına hətta bütün tənqidçi jurnalistlərin bir yerdə reallığın obrazını yarada biləcəyindən daha yaxşı yaratdı, bütün qaranlıqlara aydınlıq gətirdi, bir sözlə, analoqsuz iqtisadi inkişaf haqda illərlə deyilmiş sözlərin hamısının TV xörəyindən başqa bir şey olmadığını ortaya qoydu.
Dövlət başçısı deyib:
“Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək”.
Birincisi, deyilən sözdən məlum olur ki, dövlət başçısı əhalinin qayğısına, onun sağlamlığının qeydinə qalır. Hətta ürəyi ağrıyır. Yəni istəmir ki, əhalinin canı ağrısın. Əlbəttə, yağlı yeməklərin insan oranizmində hansı fəsadlar törətdiyini təbabətdən az-çox bilgisi olan hər kəs bilir. Öd-filan sıradan çıxır. Öd də nədi? Başdan-ayağa zəhər. Demək, yağlı yeməklərdən öd funksiyasının pozulması nəticəsində adamlar zəhər tuluğuna çevrilir, xoş söz, mehribanlıq qeybə çəkilir, hamı bir-birini zəhərləyir, həyat zəhərə çevrilir. Məsələn, Avropanın gözəl musiqi yarışmasına ev sahibliyi eləməyə hazırlıq getdiyi vaxt üzlərindən zəhrimar yağan məmurların ödlərinin sıradan çıxmasının sayəsində minlərlə insanın evi başına uçurulur, onlar da öd kimi acı sözlər danışıb, deyirlər ki, sizin bu gözəl musiqi yarışmanız qara gəlsin, heç xeyrini görməyəsiz. Sulutpədə jurnalistləri ölümünə döyürlər və s. Misalların sayını sonsuzadək uzatmaq olar, çünki elə ev yoxdu ki, orda televizor olmasın. Yəni hamı yeyir də TV-lərin o zəhrimar yağlı yeməklərini. Kəsəsi, bütün ictimai-siyasi bəlalarımızın mənbəyi sən demə, efirdə verilən yağlı yeməklərmiş. Tv-lər də bu çıxışdan sonra çalığ-valığa düşüblər – ölçü götürəcəkmişlər!..
Ancaq bir məsələ var! Məntiqlə belədi ki, televizor ekranından yağlı-yağsız heç nə yemək olmaz. Ancaq görünür, dövlət başçısı nə dediyini bilir. Bilir ki, millət çörəyi elə qulağına və gözünə yeyir. Lap Kamal Sunal rəhmətliyin “Köyden indim şehire” filmində olduğu kimi: dışarıdan yeməkxanada yağı dama-dama cızhacız bişən qrilə baxıb tikəsini şüşə vitrinə batırıb yeyir… Tv rəhbərləri də boş yerə əl-ayağa düşməyib. Yoxsa bir kəlməylə deyərdilər: camaat bizim verilişlərimizi yemir ki, xəstələnə. Ancaq demirlər, çünki onlar da təsdiq eləyir ki, bizim yeyib-içdiyimizin hamısı Tv-dəndi. Beləcə, sirr açılır. Bu millət məhz televiziyada yaşayır. Nə yeyir, nə içir hamısı televiziyadandı. Analoqsuz inkişaf da, demokratiya fontanı da, ÜDM də ordan axır süfrəmizə sel kimi.
Elə buna görə də çörəyi qulağına, gözünə yemək istəməyənlərin çoxu Azərbaycan Tv-lərinə baxmır.
Ölkə vətəndaşlarının televiziya ekranlarından qidalanmasının bir sübutunu da öz şəxsimdə göstərim. Mən Tv-yə baxmıram, çünki iki-üç dəfə baxmışam, o yağlı yeməklər ürəyimi nə təhər vurubsa, indi heç baxmadan, eləcə yadıma düşəndə ürəyim bulanır.
Qafqaz.infoya müsahibə verən aşpaz deyib ki, əlbəttə, hər yeməyin öz resepti var, ancaq… “çalışacam yağdan az istifadə edim. Bizim prezidentdir, başçımızdır, hər sözü qanundur”. Demək, aşpaz da millətin televerilişlərin mətbəxindən qidalanmasını təkzib eləmir. Yaxşı olardı ki, Tv-lərin siyasi-iqtisadi-mədəni aşpazları da bundan sonra analoqsuzluğun yağını az eləyələr. Axı yağlı yeməklər prezidentin öz sağlamlığına da zərərlidi.