İctimai Palata və Ziyalılar Forumu rəhbərliyi bir araya gəldi
Aprelin 18-də İctimai Palatanın Koordinasiya Şurasının nümayəndə heyəti ilə Azərbaycan Ziyalılar Forumunun nümayəndə heyəti arasında görüş keçirildi. Bu barədə “Azadlıq”a məlumatı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli verib. Onun sözlərinə görə, görüşdə hər iki təşkilatın bundan sonra Azərbaycanda demokratik və köklü dəyişikliklər naminə öz fəaliyyətlərini birlikdə koordinasiya etməsi barədə prinsipial razılıq əldə edilib: “Qərara gəlindi ki, bundan sonra İctimai Palata və Ziyalılar Forumunun rəhbərliyinin mütəmadi görüşləri olsun, birgə işlər, tədbirlər planlaşdırılıb həyata keçirilsin, demokratiyanın inkişafı sahəsində hər iki qurumun səyləri əlaqələndirilsin. İctimai Palata və Ziyalılar Forumu qərara gəldi ki, ölkədə demokratik dəyişikliklər üçün çalışan ictimai-siyasi qüvvələrin, ziyalıların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə Ümumrespublika Demokratik Müşavirəsini birlikdə hazırlayıb həyata keçirsin. Razılıq əldə olundu ki, bu müşavirəni hazırlayıb, həyata keçirmək üçün İctimai Palatanın və Ziyalılar Forumunun birgə işçi qurupu yaradılsın”.
Ziyalılar Forumu Kordinasiya Şurasının üzvü politoloq Eldar Namazov qeyd etdi ki, Ziyalılar Forumunun nümayəndələri İctimai Palatanın 22 aprelə təyin olunmuş mitinqinə dəstək verdiklərini ifadə ediblər.
“ Hər iki qurumun Kordinasiya Şuralarının zərurət yarandıqda birgə iclaslarını keçirmək, qurumlar arasında mütəmadi məsləhətləşmələri davam etdirmək barədə də razılıq əldə olundu”.
Ramin DEKO