Bakıdan Saakaşviliyə müraciət: Rəsulzadəyə abidə qoy

Gənclər təşkilatları adından 100-dən çox fəal Gürcüstan prezidentinə məktub yazdı

Bir neçə gənclər təşkilatı adından 100-dən çox fəal Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət edərək Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsinin bu ölkədə ucaldılmasını isətyib. Müraciətdə deyilir:
Cənab prezident!

Azərbaycanın müstəqilliyini, azadlığını və xoş gələcəyini düşünən gənclərin bir qrupu olaraq dost və qardaş ölkə saydığımız Gürcüstan dövlətinə müraciət etmək qərarına gəldik. Məqsədimiz çox sadədir. İstəyirik ki, ölkənizin paytaxtı Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılsın.

Hazırda Bakıda heç bir heykəli olmasa da, M.Ə.Rəsulzadə təkcə Azərbaycana yox, həm də bütövlükdə Qafqaza sülh, azadlıq, demokratiya gətirən liderlərdən biridir. Ölkəmizə səfəriniz zamanı bunları sizin dilinizdən də eşitmək bizə böyük qürur verdi, Sizə böyük təşəkkürlər etdik. Ona görə də, M.Ə.Rəsulzadənin heykəlinin bu gün regionun azadlıq və demokratiya mərkəzinə çevrilən Tiflis şəhərində qoyulması Qafqazın tarixinə, xalqların azadlıq və demokratiya arzularına, əbədi dostluğumuza böyük bir töhfə olardı.

Böyük mütəfəkkir ve ictimai-siyasi xadim M.Ə.Rəsulzadə xalqlarımızın dostluğuna böyük önəm vermiş və bunu biz gənclərə vəsiyyət etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdə elan olunması da ortaq taleyimizin tarixi simvoludur. Bütün bunlar göstərir ki, böyük liderin abidəsini bu şəhərdə ucaltmaq yerinə düşən bir arzu olmaqla yanaşı, zəruridir və dost xalqlarımızın gələcəyi naminə çox əhəmiyyətli olar. Biz Gürcüstanın hansı ağır şəraitdə uğurla irəli getdiyini görür və istəməzdik ki, bu arzumuzla ölkənizə ən kiçik maliyyə sərfi yaradaq. Bu haqda qərar verildiyi halda, biz gənclər abidənin ucaldılması üçün xərcləri belə toplaya və bunu abidənin zəhmətini çəkənlərə ödəyə bilərik.

Sizə bir daha təşəkkür edir, dost Gürcüstana uğurlar diləyirik.

Müraciəti Azad Gənclik Təşkilatı, N!DA Vətəndaş Hərəkatı, Dalğa Gənclər Hərəkatı, İnsan Hüquqları Klubu, AXCP, VHP, Müsavat  gənclər təşkilatları, Müsbət Dəyişiklik Gənclər Hərəkatı adından 102 fəal imzalayıb.