22 aprel mitinqinə daha üç partiya qoşulur

Aksiya ilə bağlı razılıq cavabı gəldi

«Bu, xalq hərəkatının əsasını qoyan aksiyalardan biri olacaq»

Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın aprelin 22-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətinə nəhayət ki, dünən cavab verdi. Ictimai Palata aksiya üçün üç ünvan – Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən – keçmiş “Inqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək;
Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən – Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək; Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək – təklif etmişdi.
Lakin meriya bu üç variantdan heç birinə razılıq verməyərək Ictimai Palataya aprelin 22-də saat 16-dan 18-dək 20-ci sahədəki sürücülük məktəbinin stadionunda mitinq keçirməyi təklif edib. Bu təklif Ictimai Palatanın Koordinasiya Şurasının dünənki iclasında müzakirə olunaraq qəbul edilib.
Koordinasiya Şurasının üzvü Mehriban Vəzir aksiyanı ayrılan yerdə keçirəcəklərini bildirib.
Ötən aksiyada olduğu kimi, ADP, VHP və KXCP bu yürüş-mitinqə də dəstək verəcək.

“Ötən aksiyadakı  kimi fəal olacağıq”

VHP Siyasi Şurasının üzvü Samir Əsədlinin sözlərinə görə, mitinqlə bağlı partiyanın Bakı, Sumqayıt, Abşeron və işğal olunmuş rayon və təşkilatlarının iştirakı ilə müşavirə keçiriblər: “Biz ötən mitinqdə də fəal iştirak etmişdik. 22 apreldə də eyni fəallığı nümayiş etdirəcəyik. Təşkilatçı Ictimai Palata olsa da, bu mitinq Azərbaycanın bütün narazı elektoratının, demokratik qüvvələrinin birgə tədbiridir. Ölkədə haqsızlıq, ədalətsizlik baş alıb gedir. Hər bir şəxs öz haqqını, pozulmuş, tapdanmış hüquqlarının bərpasını tələb etmək üçün bu aksiyada iştirak etməlidir. Hesab edirik ki, qarşıdakı yürüş-mitinq xalq hərəkatının əsasını qoyan aksiyalardan biri olacaq”.

“Bu aksiyaya daha yüksək əhval-ruhiyyə ilə hazırlaşmışıq”

KXCP sədrinin müavini Ədalət Yusifov bu mitinqə yüksək əhval-ruhiyyə ilə hazırlaşdıqlarını deyir: “Mən eyni zamanda Ictimai Palatanın Koordinasiya Şurasının və Mitinq Komitəsinin üzvüyəm. Bu aksiyaya qat-qat yüksək əhval-ruhiyyə ilə hazırlaşmışıq. Hazırlıq işləri də yüksək səviyyədə olub. 60-a yaxın qrup ayrı-ayrı yerlərdə, həmçinin KXCP-nin 6 rayon şöbəsində mitinq təbliğatı aparıb. Hesab edirik ki, bu dəfə ötən mitinqdən üç-dörd dəfə artıq insan iştirak edəcək. Mitinqə hazırlığın səviyyəsi buna imkan verir”.

“ADP azadlıqların təminatına hər zaman dəstək verməyə hazırdır”

ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığının təminatı üçün hər zaman hər şeyi etməyə hazırdılar: “Bizim partiya aksiyanın təşkilatçılarından olmadığına görə, üzvlərinə orada iştirakla bağlı sərbəstlik verib. Istənilən üzvümüz yürüş-mitinqdə iştirak edə bilər. Mənim şəxsi mövqeyim isə odur ki, bu aksiyalar silsilə şəkildə keçirilməli, ölkədə siyasi fəallıq artmalıdır. Çünki fəallığın artması hökumətin xalqa qarşı yanlış siyasətinin müəyyən qədər qarşısının alınmasını təmin edir. Amma hesab edirəm ki, növbəti aksiyaları şəhərin mərkəzinə təyin etmək lazımdır. Hökumət bununla razılaşmasa, onların təklif etdiyi ünvandan imtina etmək lazımdır. Çünki hökumət ötən mitinqdən maksimum bəhrələnməyə çalışdı”.