“Məhkəmədən öncə məlum oldu ki, o, cəzasının yüngülləşdirilməsini istəyib, ancaq tamam ayrı baxış keçiriləcək”
Vicdan məhbusu AXCP fəalı Elnur Məcidli apellyasiya şikayətindən imtina edib. Aprelin 18-də “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, bu, Bakı Apellyasiya Məhkəməsində Elnur Məcidlinin işinə baxılan hazırlıq iclasında baş verib.
Vəkilin sözlərinə görə, Elnur Məcidlinin cəzasının daha yüngül cəza ilə əvəzlənməsi barədə müraciəti təhrif olunub: “Müraciət cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilməyib. Bəhanə gətirilib ki, müraciət formaya uyğun deyil. Sonra cəzaçəkmə müəssisəsində Elnur Məcidlinin mürciətini başqa cür istiqamətləndiriblər. Ona diktə olunmuş müraciətdən belə çıxır ki, cəzasının dəyişdirilməsini yox, saxlanma rejiminin dəyişdirilməsini istəyir.
Birinci instansiya məhkəməsi müraciətə baxmışdı, lakin təmin etməmişdi və Elnur bundan şikayət vermişdi. Bu gün məhkəmədə məlum oldu ki, Elnur cəzasının yüngülləşdirilməsini istəyib, amma ayrı müraciət alınıb. Məhkəmədən öncə Elnurla danışanda məlum oldu ki, onun istəyi tamam başqa olub. O, cəzasının yüngülləşdirilməsini istəyib, ancaq tamam ayrı baxış keçiriləcək. Məhkəmədə Elnur bildirdi ki, cəzaçəkmə müəssisəsinin işçilərinin ucbatından onun müraciətinin məzmunu dəyişdirilib. Ona görə də şikayətindən imtina etdi”.
Vəkil qeyd edib ki, Elnur Məcidli cəza növünün dəyişdirilməsi ilə bağlı bir daha məhkəməyə müraciət edəcək.
Müxalif İctimai Palatanın ötən ilin aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunan Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Binə qəsəbəsindəki 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.