Adı “Azərbaycan”, özü tayfacanlı olan qəzetdə tayfa hakimiyyətinin qulluqçularından sayılacaq birisinin – “akademik” titullu Isa Həbibbəylinin doktor-professor Cəmil Həsənli ilə bağlı yazısı çıxıbmış. Yazının adı nə olsa yaxşıdır: “Elmi mühitə obyektiv baxış naminə”. Oxuduq, ancaq bunu yox, C.Həsənlinin “Azadlıq”da çıxan cavab yazısını. Bugünkü “elmi mühitə obyektiv baxış” – gerçəkdən obyektiv baxış Cəmil bəyin yazdıqlarından ortaya çıxır. “Azərbaycan”la “525-ci qəzet”in çoxdan qoşa qanada çevrildiyini bildiyimizdən onların I.Həbibbəyli adına tirajladıqlarını oxumaq istəmədik.
Mənim illərdən bəri tanıdığım iki Cəmil Həsənli var: siyasətdəki Cəmil Həsənli, tarixçi Cəmil Həsənli. Düşüncəmə görə, siyasətdəki Cəmil Həsənlini autsayderlərdən saymaq olar, tarixçi Cəmil Həsənli, sözsüz, liderdir. Onun tarixçi liderliyini, tarixçi üstünlüyünü yalnız indiki şər rejiminə satılanlar, bu rejimə qulluq yolu tutanlar dana bilərlər. Başqa çağları deyə bilmərəm, Azərbaycan biliminin (elminin) indiki durumunda Cəmil bəy çoxdan akademik olmalı idi. Ancaq olmayıb, ola bilmir. Niyə? Akademiklik seçkilərini uduzduğuna görə! C.Həsənlinin akademiklik seçkilərini istər indiyədək, istərsə də indən belə uduzması əliyevçi rejim qanunauyğunluğudur. Onun bu seçkini udması üçün iki faktor gərəkir: 1) naxçıvanlı olmaq; 2) əliyevçi rejim qulluqçusu olaraq tanınmaq. Indilikdə ortada bu iki faktordan biri də yoxdur. Onda nə etməli? Sözsüz, cəlilabadlı dönüb naxçıvanlı ola bilməz. Qalır ikinci faktor. Ikinci faktor daşıyıcısına çevrilmək üçün C.Həsənli ortaya konkret iş qoymaqla, bir çoxları kimi Əliyevlərin tarixçisinə çevrilməlidir. C.Həsənli bunların birindən də olmadan, üstəlik, Ziyalılar Forumunda yer tutmaqla akademik olmaq istəyir. Bu yerdə ölkənin baş akademiki, administrator-filosof R.Mehdiyevin başlıca seçici səsi yüksəlir: aldada bilməzsən!
Bu yerdə mənim C.Həsənlidən soruşmağım gəlir: sən nə istəyirsən, Cəmil Həsənli? Onu görməyəcəksən! Bu ANTIMILLI, ANTIDEMOKRATIK rejimə müxalifətdə olanların bircə elə kadr akademiki çatmırdı! Yadındadı, Cəmil bəy, kadr akademikləri başda olmaqla 246 “elm” adamı sizin Ziyalılar Forumuna qarşı çıxmışdı. Onların adından Forumla bağlı nələr yazılmışdı – o da yadınızda olar. Bunlar stalinçi “37″-lərin tipik suçlamalarından idi. Bunlar adı ”alim-akademik”, özü buyruq qulu olan kimsələrin indiki rejimdə tipik mənlik görsənişləri idi. Sən Ziyalılar Forumundakı Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev kimi çağımızın Milli Mənlik akademiklərini qoyub, onlaramı yoldaş olmaq istəyirsən? Istəyirsənsə, bir yolun var: indiyədək yazdığın tarixləri yandırmaq, əliyevçi tarix yaradıcılığına girişmək! Sonra da bəlli qulbaşı kurasiyasında klan rejiminin qulluqçularından birinə çevrilmək. Indiyədək özünə sığışdırmadığını, sözsüz, bundan belə də sığışdıra bilməzsən – onda nəyinə gərək: rejimin olma, ol xalqın akademiki! Birincidə basabas, ikincidə boşluqdur.
Akademik Isa Həbibbəyliyə gəlincə, konkret faktlardan çıxış edərək deyirəm: bu adam bilim alanındakı yetənəkləri ilə deyil, kimlik kartı ilə akademik adı alanlardandır. Bu baxımdan ona baş qoşmağa dəyməz. Akademiyanın seçki “əsasnaməsi”nə görə, “elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən” alimlər AMEA-nın müxbir üzvü seçilirlər. I.Həbibbəylidə bu iki alim-akademik parametrindən birisə də yoxdur. Bununla bağlı çoxlu sayda fakt göstərmək olar, indilikdə ikisini göstərirəm. I.Həbibbəyli Mirzə Cəlillə bağlı “tədqiqatlarında” onu Azərbaycanda “tənqidi realizmin banisi” adlandırır. Yanlışdır, bizdə bu metodun ilkin, özü də çox parlaq yaradıcısı Mirzə Fətəlidir. Onun Azərbaycandakı “milli istiqlal” düşüncəsini bütünlüklə Mirzə Cəlilin adı ilə bağlaması faktı da bugünkü “ümummilli lider” xəstəliklərindəndir.

Sən nə istəyirsən, Cəmil Həsənli?
•